Əli Həsənov: "I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar"
Azərbaycanın uğur və inkişafı, ölkəmizin demək olar ki, bütün beynəlxalq tədbirlərdə öncül yerlərdən birini tutması erməni lobbisinə işləyən bir sıra təşkilatları hərəkətə keçirib. Belə ki, bu dəfə "Amnesty İnternational" adlı təşkilat I Avropa Oyunlarının boykot edilməsi çağırışı ilə çıxış edib. Bu kimi çağırış, əslində Azərbaycan cəmiyyəti üçün yeni deyil.
Məsələ ondadır ki, hələ "Eurovision-2012" musiqi yarışması ərəfəsində də bu və bu kimi digər erməni lobbisinin təlimatları ilə işləyən təşkilatlar "qara piar" kampaniyalarına qoşularaq, ölkəmizin nüfuzuna ləkə yaxmağa cəhd göstərmişdilər. Lakin göründüyü kimi, heç bir boykot çağırışları onların istədiyi nəticələri vermədi və Azərbaycan bütün dünyaya sübut etdi ki, buradakı demokratik və müstəqillik mühiti bir çox nüfuzlu Avropa dövlətlərini də üstələməkdədir.
Avropa Olimpiya Təşkilatı öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib
Bu arada "Amnesty İnternational"ın qərəzli çağırışına Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun münasibəti özündə bütün həqiqət və reallıqları əks etdirib. Belə ki, Əli Həsənovun fikrincə, Avropa Olimpiya Komitəsi Azərbaycanda l-ci Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb: "Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya Təşkilatı öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq".
Burada ermənipərəst qurumların rolu ilə yanaşı, erməni dəyirmanına su tökən radikal müxalifət ünsürlərinin də rolları mövcuddur
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən "qara piar" kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar: ""Amnesty İnternational" təşkilatının I Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir".
Göründüyü kimi, burada ermənipərəst qurumların rolu ilə yanaşı, erməni dəyirmanına su tökən radikal müxalifət ünsürlərinin də rolları mövcuddur. Söz yox ki, radikal müxalifət də öz qərbli ağalarının verdikləri sifarişi həyata keçirməkdən ötrü əllərində olan mətbuatla çıxışlar edir, ən rəzil üsullara əl atmaqdan belə çəkinmirlər.
Onların nəticəsizliyi göz qabağındadır-təxribat keçməyəcək!
Məhz bu amilə də toxunan prezident köməkçisinin sözlərinə görə, "Azadlıq" radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayır və paylaşırlar: "Halbuki həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi "faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar".
Yuxarıda da qeyd etdiyimiz kimi, belə bir təxribatçı olaylar daha öncələr də baş verib. Ancaq onların nəticəsizliyi göz qabağındadır. Əli Həsənov xatırladıb ki, biz belə təxribatlarla əvvəllər də, 2012-ci ildə "Eurovision" Mahnı Müsabiqəsi keçiriləndə də rastlaşmışıq: "Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki, bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli oyundan başqa bir şey deyil. Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər gec deyil, həmin qüvvələri məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".
Göründüyü kimi, məhz bu fikirləri nəzərdən keçirərkən, bir daha qənaətə gəlmək olar ki, "Amnesty İnternational"ın növbəti qərəzi və mərəzi elə özləri üçün də qalacaq. Çünki ən primitiv üsullarla dəfələrlə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bu təşkilat sonda susaraq, geri çəkilməyə məcbur olub. Bu dəfə də belə olacaq.
Rövşən NURƏDDİNOĞLU