Qadın dünyanın ən müqqədəs varlığı, yaşadığımız aləmin əzəmətli bir qüvvəsdir. Qadın böyüklüyü, əzəməti, varlığı ilə seçilib hər zaman. Bulaq suyu kimi saf olan, gülərüz simaya, zərif çöhrəyə malik olan qadın böyük işlərə imza atan qətiyyətli və vüqarlı varlıqdır. Təbii ki, qadın gözəlliyi, qadın idarəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşmışdır. 8 Mart Beynəlxalq Qadınlar Günü, beynəlmiləlləşən bu bayramı bütün dünya qadınları kimi Azərbaycan qadını da böyük uğurları və qalibiyyətləri ilə qeyd edir. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə. Dünya qadınları içərisində ən ülvi dəyərləri özündə yaşadan Azərbaycan qadınının bu gün səsi dünyanın ən yüksək tribunalarından eşidilir. Buna səbəb əlbəttə ki, fədakarlığı, iradəsi və vətənə sevgisidir.
Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuza malik olduğunu əməllərilə təsdiqləyib. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir. Qətibə xanım, Sara xatun, Məhinbanu, Xeyransa bəyim, Tuti Bikə və başqaları Azərbaycan qadınının nümunəsidir. "Avesta"da ilahə Anahit, "Dədə Qorqud"da Burla Xatun, Selcan xatun, Banu Çiçək, "İskəndərnamə"də Nüşabə, "Koroğlu"da Nigar xanım, eləcə də ədəbiyyatımızın seçilən simaları olan Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan və başqaları Azərbaycanın ictimi-siyasi və mədəni həyatında mühüm rol oynayan qadınlarımızdırlar.
Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında daha yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüzillərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki sabitlik və demokratik mühit fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadiq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.
"QADIN UCALIQ, ÜLVİLİK MƏBƏDİDİR, İSMƏT, QEYRƏT, QÜDRƏT RƏMZİDİR"
Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram nəticəsində, onlar müxtəlif istiqamətlərdə bilik və bacarıqlarını gerçəkləşdirə bilmişlər. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın Məsələləri üzrə Komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdəndir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.
Onlara yaradılan imkanlardan bəhrələnən qadınlarımız Azərbaycanın inkişafına daim töhfələrini verirlər. Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadın təmsil olunur, parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var. Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır.
Bütün bunlarla yanaşı, Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusudur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Ulu Öndər Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi:"Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir".
AZƏRBAYCANIN BİRİNCİ XANIMININ GÖRDÜYÜ İŞLƏR ƏSRLƏRİN YADDAŞINDA İZ BURAXACAQ
Bəli, zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın simasında daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qısa bir zamanda Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Onun vətənpərvərlik, milli heysiyyət kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyevaya böyük bir məhəbbət yaradıb. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu günü üçün deyil, əsrlərin yaddaşında iz buraxacaq hadisələrlə bağlıdır. Belə ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi, Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.
Yaradıcı düşüncəsi geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən qədim Azərbaycanın mədəniyyətinə, milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Azərbaycan mədəniyyətinin, onun imicinin yüksəldilməsində böyük xidmətlər göstərib. Milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Mehriban xanım Əliyeva Azərbaycan qadını obrazını artıq dünyada yarada bilib. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində bu nüfuza malikdir.
PREZİDENTİN SƏRƏNCAMI İLƏ TƏLTİF OLUNAN BİR QRUP QADIN İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADI
Bəli, bu gün Azərbaycan qadını öz əməli, fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq, fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edir. Hər zaman dövlətin diqqəti ilə əhatə olunan Azərbaycan qadını 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində də bu qayğını bir daha üzərlərində hiss etmiş oldu. Belə ki, ölkə başçısının Sərəncamı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, bir qrup qadın fəxri adlara layiq görülüblər. "Tərəqqi", "Xalq artisti", "Əməkdar müəllim", "Əməkdar həkim", "Əməkdar mədəniyyət işçisi" adına layiq görülən qadınlar göründüyü kimi müxtəlif sahələrdə çalışır, öz peşələri ilə xalqa xidmət edirlər. Bu dövlətin Azərbaycan xanımına verdiyi qiymətin daha bir bariz nümunəsidir. Bu diqqəti üzərində görən Azərbaycan qadını öz işinin, peşəsinin daha da məsuliyyətini dərk edəcəkdir.
Əziz Azərbaycan xanımları, BAYRAMINIZ MÜBARƏK!
Nəzakət ƏLƏDDİNQIZI