Əli Həsənov: "Bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar"
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə az vaxtın qalmasına baxmayaraq, həm xaricdə, həm də daxildə ölkəmizə qarşı genişmiqyaslı çirkin kampaniya hələ də davam etdirilir. Əlbəttə ki, bu cür kampaniya mətbuat səhifələrindən kənara çıxa bilməsə də, o, müəyyən dərəcədə informasiya erasında Azərbaycanın imicinə zərər vurmaq gücünə malikdir. Bu səbəbdən də, ölkə daxilindəki milli maraqları müdafiə edən mətbuat orqanları, ayrı-ayrı ictimai təşkilatlar infohücumların qarşısını almaq üçün əllərindən gələni edirlər. Lakin çox təəssüflər olsun ki, Azərbaycanın daxilindəki bir sıra anti-milli qüvvələrin naşı fəaliyyəti xarici qərəzli dairələrin çirkin kampaniyasına dəstək verir. Hər kəsə bəllidir ki, bu antimilli qüvvələr radikal müxalifət və onun nəzarətində olan mətbuat orqanlarıdır.
Müxalifətin ənənəsi: xalqımızın uğurlarına kölgə salmaq
Bu artıq bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın və dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı artıq özü üçün "ənənəyə" çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə onlar dövlətin və xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin, dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların faktiki olaraq yuxusunu ərşə çəkib. Bu üzdən də onlar "əllərindən gələni əsirgəmir" və bütün vasitələrlə düşmən dəyirmanına su tökməkdə davam edirlər.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, "Avroviziya" müsabiqəsi zamanı, Azərbaycan belə böyük Avropa mədəni aksiyasına ev sahibliyi edərkən bəzi QHT-lər anti-Azərbaycan koalisiyası yaratdılar: "Məqsəd isə o idi ki, o vaxta qədər bəzi qlobal güclərin Azərbaycan dövlətinə qəbul elətdirə bilmədiyi, Azərbaycan dövlətini yönəldə bilmədiyi istiqamətlərə bu resurslardan istifadə etməklə Azərbaycanı yönəltsinlər. Bununla bağlı kampaniyalar aparıldı. Belə kampaniyalarla daxildə və xaricdə Azərbaycanın imicinə təsir göstərilməyə çalışıldı. Bu il də bilirsiniz ki, Avropa Oyunlarına ev sahibliyi edəcəyik. Hər bir dövlət bu cür tədbirləri təşkil etməyi istəyir və bunlar dövlətin beynəlxalq imicinə mütləq şəkildə təsir göstərir. Lakin yenə həmin qruplar təşkilatlanmağa, qruplaşmağa və bəzi beynəlxalq güclərin əlində alət olaraq bu tədbirdən istifadə etməklə Azərbaycana təzyiq göstərməyə çalışırlar".
I Avropa Oyunlarına qarşı "qara piar" kampaniyası aparılır
Əlbəttə ki, siyasi palitrada müxalifət partiyalarının olması, o cümlədən, fərqli fikir daşıyıcısı kimi qəzetlərin işıq üzü görməsi ölkəmizdə demokratiyanın göstəricisidir. Amma bu gün bundan sui-istifadə edərək erməni dəyirmanına su tökənlər mənfur düşmənlərimizlə eyni yolun yolçusuna çevriliblər. Azərbaycanın iqtisadi-siyasi uğurlarına qara yaxan, ölkəmiz haqqında bir kəlmə xoş sözü belə dilə gətirməyən həmin dairələr hər addımda məhz bizə düşmən olan qüvvələrin "qazanını" qarışdırırlar. Bu yolda isə ən irəlidə gedəni "Azadlıq" qəzetidir. Bu gün ermənilər bu qəzetin səhifələrində yer alan yalanları və iftiraları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Çünki onlara lazım olan məhz "Azadlıq" qəzetində yazılır.
"Azadlıq" qəzeti vaxtilə "Eurovision-2012"-nin "boykot olunması" kampaniyasında da çox aktivlik nümayiş etdirirdi. Bu gün də "Human Rights Watch" və "Amnesty İnternational" kimi təşkilatların saxta bəyanatlarını yaymaqla I Avropa Oyunlarına qarşı qara piar kampaniyası aparır.
Çox maraqlıdır ki, "Azadlıq" qəzetinin "baykot etmək" haqqında apardığı kampaniyaya ilk cavab bu qəzetə hər zaman "dost münasibət" göstərən ölkədən - Ermənistandan gəlir.
Radikal müxalifət bu gün də öz ampluasındadır
Azərbaycana qarşı aparılan çirkin kampaniyada bütün siyasi karyerası boyunca uğursuzluqlara düçar olan radikal müxalifət nümayəndələri xüsusilə "canfəşanlıq" göstərir. Fəaliyyətini bütünlüklə Azərbaycan xalqının və dövlətinin maraqlarına qarşı mövqe tutmağa kökləmiş dağıdıcılar "Eurovision-2012" mahnı yarışmasına qarşı aparılan antitəbliğatın arxasında duranlar idilər. Məhz, başda Əli Kərimli olmaqla radikal müxalifət bu gün də öz ampluasındadır: hədəfə I Avropa Oyunları alınıb.
Bununla da, onlar hər zaman olduğu kimi, öz simasını bir daha ifşa etmiş olur və maddi maraqların əsirinə çevrildiyini təsdiqləyir. Anti-Azərbaycan dairələrin maddi dəstəyi ilə bu kampaniyanı aparan Əli Kərimli dərk edir ki, Azərbaycan xalqı heç zaman dövlətinin maraqlarını satmaz. Çünki onun yalan və böhtanları ancaq xarici qərəzli dairələrin işinə yarayır. Bütün bunlar da dağıdıcılar və ermənipərəst dairələrin əmrlərini yerinə yetirməklə yanaşı, özünün xalq və dövlət maraqlarına qarşı mövqe tutduğunu və hər zaman maddiyyat qarşılığında satılmağa hazır olduğunu təsdiq edir.
Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vuranlardan biri kimi AXCP sədri Əli Kərimli antimilli proseslərdə daha çox aktivlik nümayiş etdirir. Azərbaycanı güclü dövlət kimi görmək istəməyən xarici qüvvələr də Əli Kərimlidən "xidmətlərin" də istifadə edir. Bu isə heç də təsadüfi deyildir. Çünki Ruslan Bəşirli kimilərini yetişdirib, ermənilərlə masa arxasına əyləşdirən Əli Kərimlinin maddi maraqları üçün istənilən razılaşmaya gedəcəyi hər kəsə bəllidir. O, şəxsi mənafeyi naminə gəncləri öyrətmək istəyir ki, küçələrə çıxıb dağıntılar törətsinlər, xalqın əmlakına ziyan vursunlar və gedib ermənilərdən pul alsınlar. Özü ayrı-ayrı dövlətlərdən pul alıb necə Azərbaycanın əleyhinə işləyirsə, gəncləri də buna öyrətmək istəyir.
Çox maraqlıdır ki, nə Əli Kərimli, nə də başqaları Xocalı soyqırımı haqqında bir kəlmə danışmır, amma ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin qarşısını almaqdan ötrü xarici dövlətlərdə üsul və vasitələr axtarır. Əlbəttə ki, anlamalıdırlar ki, onların adı xalqımıza düşmən kəsilmiş ermənilərin adı ilə eyni sırada çəkilməlidir. Hətta bir sıra ekspertlər düşünürlər ki, bu gün onlar Azərbaycana ermənilərdən daha çox ziyan vururlar. Məhz bu müxalifətçilərin vasitəsilə bəzi dövlətlər Azərbaycan xalqının maraqlarına ziyan vurmağa çalışırlar.
Azərbaycanı haqq yolundan sapdırmaq mümkün olmayacaq
Görünən odur ki, dağıdıcı müxalifət və onların nəzarətində olan mətbuat orqanları yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərər vurur. Onlar məqsədli şəkildə Azərbaycanın beynəlxalq səviyyədə imicinə zərbə vurmaq və beləliklə də, sifarişlərini yerinə yetirdikləri xarici dairələrin vəd etdiyi hansısa "hədiyyəni" əldə etmək istəyirlər. Bir sıra ölkələrdəki terror hadisələrin və digər kriminogen halların Azərbaycana transformasiya olunmasını istəyən radikal müxalifət hakimiyyəti də şantaj etməkdən çəkinmir. Lakin Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərilə desək, hər bir xarici dövlət və beynəlxalq təşkilat Azərbaycanı öz istədiyi kimi görmək istəyir. Amma Azərbaycan dövləti onların maraq və istəyinə uyğun dövlət ola bilməz. Azərbaycan dövlətinin təməlində Azərbaycan xalqının maraqları və mənafeyi dayanır: "Deməli, dövlət olaraq onun birinci vəzifəsi xalqın maraq və mənafelərinin təmin edilməsidir. Bütün digər məsələlər vasitədir. Hansısa təşkilatlarla münasibət, musiqi və idman yarışları xalqın həyatında məqsəd ola bilməz. Bunlar xalqın gələcək həyatını yaxşılaşdırmaq üçün vasitədir və bu vasitələrdən biz məharətlə istifadə edirik və etməyə çalışırıq. Belə olan halda, biz beynəlxalq təşkilatları da anlayırıq. Onların fəaliyyətinin və siyasətlərinin köklərini də bilirik. Amma onların nəyi nə qədər istəmələrindən asılı olmayaraq, biz bir dövlətik. Dövlətin isə maraqları, bu maraqların obyekti, subyekti və fəaliyyətinin istiqamətləri var. Prezident İlham Əliyev elə bir siyasətçidir ki, ona heç kim kənardan təzyiq göstərə bilməz. Onunla ancaq dost və tərəfdaş olmaq olar. İndiyədək kimsə ona təsir göstərə bilməyib, onu öz haqq yolundan, öz millətinin, dövlətinin maraqları istiqamətində fəaliyyətindən sapdıra bilməyib, bundan sonra da mümkün deyil"
"Səs" Analitik Qrupu