Dövlət Miqrasiya Xidmətində (DMX) 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. DMX-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra DMX rəisinin müavini Elman Əliyev tarix boyu ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq siyasəti, xüsusən də 1918-ci ilin mart hadisələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Bakıda, Qubada, Şamaxıda, Göyçay qəzasında, Gəncədə, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda on minlərlə əliyalın, dinc azərbaycanlı erməni vəhşiliyinin qurbanı olub. Məhz Quba məzarlığının aşkarlanması qondarma "erməni soyqırımı" uydurması ilə beynəlxalq birliyi aldadan ermənilərə və onların havadarlarına zamanın verdiyi cavab oldu. Diqqətə çatdırılıb ki, ermənilərin törətdikləri vəhşilik - 31 mart 1918-ci il soyqırımı hüquqi və dolğun qiymətini məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə alıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərman dünyanın diqqətini tarixən Azərbaycan xalqının başına gətirilən faciələrə, soyqırımı aktlarına yönəldib. Bundan sonra hər il martın 31-i ölkəmizdə, eləcə də dünyanın müxtəlif ölkələrində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməyə başlayıb. Bu tədbirlərin keçirilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu gün də davam edən erməni terroruna, separatçılığına cəlb etməkdir.
Tədbirdə Ulu Öndərin müdrik siyasətinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi, hərbi gücünün də gündən-günə artdığı qeyd olunub. Həmçinin əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqları əminliklə diqqətə çatdırılıb. Sonda "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" sənədli filmi nümayiş etdirilib.