Son illər Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməklə yanaşı səviyyəli idmanyarışlarının ev sahibi qismində bir çox uğurları ilə yadda qalıb. Beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə baş tutması hər bir Azərbaycan vətəndaşının uğuru hesab edilir. Çünki ölkəmizə təşrif buyuran xarici qonaqların Bakının füsünkarlığından, xalqımızın qonaqpərvərliyindən ağız dolusu danışmaları bizdə böyük fəxarət hissi yaradır. Məhz ona görədir ki, Avropa Olimpiya Komitəsi heç bir tərəddüd etmədən birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi qərarını verib. Komitə tam əminliklə bu işin öhdəsindən Azərbaycanın layiqincə gələcəyini dəfələrlə vurğulayıb. Artıq bütünlüklə dərk edirik ki, bütün sahələrdə inkişaf edən Azərbaycan dünya arenasında öz sözünü deyən, heç bir dövlətin gücünə arxalanmayan, müstəqil siyasət yürüdən, özünəməxsus şəkildə ev sahibliyinə fərqlənən ölkələrdəndir. Belə bir nüfuzlu yarışın ilk dəfə Azərbaycanda keçirilməsi dövlətimizin beynəlxalq gücünün, formalaşdırdığı imicinin xəbərçisidir desək, yanılmarıq. Avropa Olimpiya Komitəsinin qərarı sanki ölkəmizə yeni bir nəfəs, yeni bir uğur gətirdi. Bu gün hər kəs bu mötəbər idman yarışlarına hazırlaşır, idman bayramını səbirsizliklə gözləyirlər. Gənclər istər fərd, istərsə də təşkilat olaraq öz fəaliyyətləri ilə sözün həqiqi mənasında seçilirlər. Bu da bir daha gənclərimizin vətənpərvərlik tərbiyəsini müsbət yöndə göstərmiş oldu. Gənclərin I Avropa Oyunlarına necə hazırlaşdıqlarını öyrənmək üçün müsahiblərimizə müraciət etdik. Məsələyə münasibət bildirən müsahiblərimiz gənclərin bu cür aktiv fəaliyyətlərini təqdirəlayiq hesab etdilər.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı gənclər birliyinin sədri Sevinc Abdullayeva: "Bu, Nizami rayon gənclərini xüsusilə qürurlandırır"
-Hər bir Azərbaycan gənci kimi mən də I Avropa Oyunlarını böyük qürur və fərəhlə gözləyirəm. 6000-dən çox idmançının iştirak edəcəyi Olimpiya Oyunlarının Azərbaycanın idman tarixinə həkk ediləcəyi gün heç də uzaqda deyil. Gözəlliyi ilə göz oxşayan Bakı üçün belə bir beynəlxalq miqyaslı yarışmanın keçirilməsi heç də yad deyil. Çünki bundan öncə 2012-ci ildə Avropanın ən nüfuzlu müsabiqələrindən biri olan "Avrovision" Mahnı Müsabiqəsinə mükəmməl şəkildə ev sahibliyi etmişdi. İnanırıq ki, ilk Avropa Olimpiya Oyunları ilə Azərbaycan, Bakı ddünyada, Avropada bir tarix yazacaq. YAP Nizami rayon təşkilatı gənclər birliyi olaraq çalışırıq ki, dövlətimiz, xalqımız üçün olduqca böyük əhəmiyyət kəsb edən bu nəhəng proqrama öz töhfələrimizi verək. YAP Nizami rayon təşkilatında birləşən 5511 gənclərin bir çoxu I Avropa Oyunlarında əməkdaş və könüllü olaraq iştirak edirlər. Onlarla mütəmadi olaraq görüşür, hər hansı bir məsələ ətrafında fikir mübadiləsi aparır, bu yöndə aparılan təbliğati işlərə bütün var-gücümüzlə dəstək olmağa çalışırıq. Olimpiya Kəndinin Nizami rayonunda yerləşməsi isə biz Nizami rayon gənclərini xüsusilə qürurlandırır. Düşünürəm ki, bu möhtəşəm tədbir bir daha bütün dünyaya Azərbaycanın nəyə qadir olduğunu nümayiş etdirəcək. Belə əhəmiyyətli bir tədbirin ölkəmizdə keçirilməsi özü özlüyündə uğurdur. Bu uğur münasibətilə hər kəsi ürəkdən təbrik edirəm!
Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov: "150 mindən artıq tələbə arasında ictimai rəy sorğusu keçirilib"
-Bu oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın qısa vaxt ərzində sürətli inkişafının təzahürüdür. Bütün gənclər təşkilatlarının, ictimai qurumların, vətəndaşların hər birinin sözügedən oyunlara müəyyən qədər tövfə verməsi çox aktualdır, həm də vacibdir. Biz ATGTİ olaraq bu oyunlara bir neçə istiqamətdə hazırlaşdıq ki, bunlardan da ən vacibi könüllülərin yığılması oldu. Demək olar ki, cəlb olunan könüllülərin böyük əksəriyyəti gənc nəslin nümayəndələri, tələbələridir. Onların məlumatlanıdırlması, Avropa universitetlərində təqdimatların keçirilməsi demək olar ATGTİ-nin vasitəsi ilə həyata keçirilməkdədir.Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqı Əməliyyat Komitəsinin maliyyə dəstəyi ilə I Avropa Oyunlarının keçirilməsində könüllü qismində iştirak edəcək bütün könüllülərə könüllü fəaliyyətlərinin qeydə alınması üçün Azərbaycanda ilk dəfə ATGTİ tərəfindən tətbiq olunmuş "Könüllülük pasportu" təqdim ediləcək. Könüllülük pasportu"nun verilməsində məqsəd onların göstərdiyi bu fəallığı qeydə almaqla onlara stimul vermək, respublikada könüllülük fəaliyyətinin qeydiyyatını aparmaqdır. Pasportlar ATGTİ tərəfindən qeydiyyata götürülür və ştamp vurularaq nömrələnir. Bundan başqa iki böyük flaşmobun keçirilməsini düşünürük. 150 mindən artıq tələbə arasında ictimai rəy sorğusu keçirilib ki, bunun nəticəsində həm tələbələrin Avropa Oyunlarına münasibəti öyrənilib, həm də könüllülərin yığılmasına yardımçı olub. Göründüyü kimi bütövlükdə ittifaq oyunlara çox ciddi hazırlaşır və bundan sonra da bu xətt üzrə davam etdirməyi düşünürük.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev: "Bütün bunlar Azərbaycana dünyada olan inam və etibarın ifadə formasıdır"
-Artıq Azərbaycan çox qısa zamandan sonra nüfuzlu bir Olimpiya Oyunlarına qucaq açacaq. Əlbəttə, yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq. Xalqımızın həyatında, gəncliyin dünyagörüşünün formalaşmasında böyük rol oynayan bu oyunlar gənc nəslə özəl mesajlar verir. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi bizim əsas və ümumi məqsədimizdir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Çünki ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. "Bakı 2015" Birinci Avropa Oyunları çərçivəsində aparılan hazırlıq prosesi ölkənin həyatının digər sahələrində olduğu kimi, ali təhsil müəsisələrini də əhatə edir. Oyunlar ərəfəsində ali təhsil müəsisələrində tələbələr tərəfindən bir sıra tədbirlər həyata keçirilir ki, bu tədbirlərdə iştirak etməklə tələbələr asudə vaxtlarını səmərəli dəyərləndirir, bilik və bacarıqlarını artırır, öz dostluq şəbəkələrini genişləndirirlər. Bunları nəzərə alaraq, biz daha çox Yeni Azərbaycan Partiyasının gəncinin iştirakı ilə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarına dəstək nümayiş etdirməyi və bütün diqqəti bu tədbirə yönəltməyi planlaşdırırıq. YAP Yasamal rayon təşkilatının mindən cox gənci Bakı 2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək imkanı əldə etdiyinə görə sevinir. Rayonun gənclər birliyinin sədri olaraq dəfələrlətələbələrlə görüşdə ölkədə aparılan ümumi quruculuq işlərindən, ayrı-ayrı sahələrdə əldə olunan böyük uğurları vurğulayaraq tarixdə ilk dəfə Azərbaycanda keçirilən I Avropa Oyunlarını cənab Prezident İlham Əliyevin beynəlxalq arenada olan nüfuzunun növbəti təntənəsi olduğunu diqqətlərə çatdırıram. Bütün bunları Azərbaycana dünyada olan inam və etibarın ifadə forması kimi qiymətləndir və gənclərimizi bu işdə Cənab Prezidentimizin ətrafında sıx dayanaraq, ölkəmizi dünyada tanıtmağa çağırıram.
"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı: "Bu oyunlar bizə möhtəşəm idman bayramını yaşadacaq"
-Azərbaycan Respublikası üst səviyyə beynəlxalq idman yarışına ev sahibliyi etməyə hazırlaşır. Bütün dünyanın maraq mərkəzi Bakıda cəmləşib. Bu oyunlar ölkələri, xalqları bir araya gətirən möhtəşəm idman bayramı olaraq tarixə düşəcək. İdmanın və Olimpiya Hərəkatının dəstəklənməsi Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu mənada Avropanın idman və mədəniyyət dünyası üçün tarixi bir hadisə olaraq qəbul edilən I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq və Avropa Olimpiya Hərəkatı ilə olan sıx həmrəyliyinə, idman və mədəniyyət sahəsində əldə etdiyi uğurlara verilən yüksək dəyərdir. Avropa Oyunları Azərbaycanın öz ənənələrini, mədəniyyətini və tarixi köklərini dünyaya daha çox tanıtması üçün olduqca mühüm bir fürsətdir. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanı istəməyən qüvvələr nə qədər çalşsalar da bu dəyərləri, görülən işlərin üstündən xətt çəkə bilməyəcəklər. Azərbaycana qarşı sərgilənən qərəzli münasibət heç bir nəticə verməyəcək və Azərbaycan bu beynəlxalq idman tədbirinə ən üst səviyyədə ev sahibliyi edəcək. Rəhbərlik etdiyim İctimai Birlik (İGİB) I Avropa Oyunlarının müxtəlif ölkələrdə, xüsusi ilə qardaş ölkə olan Türkiyədə təbliği üçün çalışır. Türkiyə təmsilçiliyimiz bu ölkənin müxtəlif universitetlərində Bakıda keçiriləcək I Avropa Oyunlarının təqdimat tədbirlərini keçirir. Bunlardan ilki artıq İstanbul Kültür Universitetində baş tutub. Eyni zamanda İGİB olaraq, Türkiyənin bir sıra nüfuzlu KİV-lərində I Avropa Oyunlarının təbliğinə hesablanan açıqlama və materiallarımız dərc edilir. Eyni zamanda çoxsaylı üzvlərimiz internet texnologiyalarının, sosial medianın verdiyi imkanlardan faydalanaraq I Avropa Oyunlarının dünya gəncləri arasında təbliğinə, bu haqda daha geniş və obyektiv informasiyaların yayılmasına çalışır.
İntizarə Məmmədova