"Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisində I Avropa Oyunlarının alov səyahətinin marşrutu və məşəlin dizaynı təqdim edilib. SİA-nın məlumatına görə, tədbirdə gənclər və idman naziri, BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in Mərasimlər üzrə direktoru Katerina Uqvu, məşəl və çırağın dizayneri Sebastian Berqne və BAOƏK-in Rəqəmsal media bölməsinin rəhbəri Çarles-Henri Kontamine iştirak edib.
Nazir A. Rəhimov I Avropa Oyunlarının Məşəl proqramı barədə məlumat verib: "Avropanın ən böyük idman yarışı olaraq, tarixə yazılacaq I Avropa Oyunlarının başlanmasına 2 aydan da az, cəmi 53 gün qalıb. 26 aprel tarixi I Avropa Oyunları həyəcanının başlanğıc günü olacaq. Həmin gün Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan Atəşgahdan başlayacaq və 48 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib-dolaşaraq, Oyunların açılış mərasimi günü Bakı Olimpiya Stadionuna gətiriləcək. Həm ölkəmizin, həm də Avropanın ən qədim tarixi mədəniyyət abidələrindən olan Atəşgah I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün ideal bir məkandır.
Məşəl səyahətində 150 yaradıcı komanda,132 nəqliyyat vasitəsi iştirak edəcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Estafet boyunca hər regionu əhatə edən "Alov festivalı"nın keçirilməsi nəzərdə tutulub. Bayram ovqatlı təntənəli mərasimlər 15 rayon və şəhərdə - Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Şəmkir, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı, Quba, Qobustanda təşkil ediləcək. Məşəl paytaxtda iyunun 8-də idman arenalarını, 9-da İçəri şəhəri gəzdiriləcək. İyunun 10-da isə Məşəl proqramının son günündə olan tədbirlər keçiriləcək. "Bakı-2015"in rəsmi tərəfdaşı SOCAR-ın dəstəyi ilə 60 şəhər və rayona səyahətdən sonra məşəl Bakıya qayıtmazdan öncə, təxminən 5500 km məsafə qət edəcək". Nazir qeyd edib ki, məşəli "Yarat" Müasir İncəsənət Mərkəzinin bədii rəhbərliyi ilə birlikdə Sebastian Berqne dizayn edib.
BAOƏK-in Mərasimlər üzrə direktoru Katerina Uqvu bildirib ki, məşəl Azərbaycan xalqının 99%-nin bir saatlıq gəzintiyə sərf etdiyi vaxt qədər səyahət edəcək. Onun sözlərinə görə, marşrut boyunca minlərlə insan gündəlik tədbirlərə qatılacaq. K. Uqvu qeyd edib ki, məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq. havada isə təyyarə ilə daşınacaq. Mərasimlər üzrə direktorun sözlərinə görə, hər rayon və şəhərdə 10-15 insan məşəllə qaçacaq: "Məşəldən hər regionda çıraqlar alovlandırılacaq. Alov səyahəti Avropa Oyunlarına gedən yolda yüksək əhval-ruhiyyənin və marağın yaranmasına səbəb olacaq. Səyahət bundan sonra baş verəcək hadisələrin gedişatını müəyyən edəcək".
I Avropa Oyunlarının məşəl və çırağının dizayneri Sebastian Berqne bildirib ki, 660 mm hündürlüyü olan məşəlin gövdəsi "Bakı-2015" brendində yer alan nar ağacını xatırladır: "Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir. Alov hər məntəqədə məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək". BAOƏK-in Rəqəmsal media bölməsinin rəhbəri Çarles-Henri Kontamine Məşəl proqramı ilə bağlı internet saytının da hazırlanacağını və veb səhifəyə daxil olan hər kəsin burada öz fikirlərini yaza biləcəyini deyib: "İnsanlar öz şəhərlərindəki mərasimləri və regionlarının gözəl mənzərələrini çəkib burada yerləşdirə biləcəklər. Avropada yaşayan insanlar da bu saytda öz fikirlərini yaza biləcəklər. Sayta məşhur sosial şəbəkələr "Facebook" və "İnstagram"dan da giriş etmək mümkün olacaq".
Daha sonra "Bakı-2015"in ulduz elçiləri Tünzalə Ağayeva və Nazim Babayev I Avropa Oyunlarının məşəl və çırağını media nümayəndələrinə təqdim ediblər və məşəlin gəzdiriləcəyi marşrut videoçarx şəklində nümayiş olunub.
Elgün Vidadioğlu