Mehriban xanım Əliyeva:"Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək"
"Bakı-2015" birinci Avropa Oyunlarının keçirilməsinə artıq az vaxt qalıb. Bu cür oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Öz siyasi, iqtisadi və mədəni əhəmiyyətinə görə diqqəti cəlb edən Avropa Oyunlarının Azərbaycanda təşkili həm də ölkəmizin son illərdə idman sahəsində qazandığı uğurlara dəlalət edir. Belə ki, müasir dövrümüzdə Azərbaycanda idmanın, olimpiya hərəkatının dəstəklənməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bildiyimiz kimi, Azərbaycan 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və uğurlu nəticələr əldə olunur. Azərbaycanda idman infrastrukturunun qurulmasına və modernləşdirilməsi bu uğurların qazanılmasında əsas səbəblərdən biridir. Son 11 ildə ölkədə 40-dan artıq müasir Olimpiya Mərkəzi inşa edilib.
Azərbaycan "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər oyunlara tam hazır vəziyyətdədir. Hazırda oyunların açılış mərasiminə ciddi hazırlıq gedir. Planda nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib, idman obyektlərinin, demək olar ki, hamısı inşa edilib. Hazırda oyunların açılış mərasiminə hazırlıq işləri sürətləndirilib. Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün də lazımı tədbirlər görülüb. Bu gün bütün dünya bu oyunlara hazırlıq işləri ilə maraqlanır və səbirsizliklə həmin günü gözləyirlər. Oyunları mindən çox yerli və xarici reportyor işıqlandıracaq, 50-dən çox şirkət oyunların 100-dən artıq ölkədə yayımlanmasını təmin edəcək. Görülən işlərlə bahəm, Avropanın iri paytaxt şəhərlərində - Roma, London, Paris, Afina, Ankara və Berlində oyunların təqdimat mərasimləri də keçirilir. Növbəti "Bakı-2015" birinci Avropa Oyunlarının təqdimatı Moskva şəhərində təşkil olunub. Heydər Əliyev Fondu və Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında ilk olaraq Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təmələ nəzər saoıb. Onilliklər boyu iki dövləti humanitar, mədəni və insani əlaqələr bağladığını bildirib. O, bu münasibətlərin inkişafında idman sahəsində, Olimpiya hərəkatında mövcud olan tərəfdaşlıq əlaqələrinə toxunub.
BAKI BÜTÜN AVROPANI QƏBUL ETMƏYƏ
HAZIRDIR
Avropa Oyunlarını təşkil etmək, ona ev sahibliyi etmək şərəf olduğu qədər də böyük məsuliyyət tələb edən məsələdir. 6 mindən çox atletin iştirak edəcəyini Bakı Oyunları bütün gələcək oyunlar üçün səviyyə, standart müəyyən edəcək. Oyunlara hazırlıq üçün ölkəmizə bizə cəmi iki il yarım vaxt verilsə də, Azərbaycan bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək istəyindədir. Mehriban Əliyevanın dediyi kimi, çox güclü Təşkilat Komitəsi bunun üçün zəruri olan bütün işləri görür:"Biz beynəlxalq idman təşkilatları, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalarla əməkdaşlıq edirik. Könüllülər bizi çox güclü dəstəkləyirlər. Azərbaycanda minlərlə gənc bu oyunlarda könüllü olmaq arzusunu bildirib".
Avropa Oyunlarına hazırlıq dövründə bütün idman obyektlərinin tikintisi artıq başa çatdırılıb. Atletlər Kəndi ilə haqlı olaraq fəxr etdiyimizi bildirən Mehriban Əliyeva rusiyalı idmançıların bu kənddə yaşamaqdan böyük məmnunluq duyacaqlara əminliyini ifadə edib:"Çünki biz həm yarışlara hazırlaşmaq, həm də istirahət üçün maksimum rahat şərait yaratmağa çalışmışıq. Biz Media Kəndi ilə də fəxr edirik. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur".
Görülən işlər səmərəsini verəcək. Avropa Oyunlarına gələcək qonaqlar Azərbaycan haqqında daha çox məlumat əldə edə biləcəklər. "Azərbaycan müstəqil dövlət kimi gəncdir, lakin bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti var. Biz çox geniş və maraqlı mədəni proqram hazırlamağa çalışmışıq və ümidvarıq ki, Azərbaycanın qonaqları bizim qədim və eyni zamanda, gənc diyarımız haqqında daha çox məlumat əldə edə biləcəklər" - deyən Mehriban xanım Əliyeva oyunların başlanmasına cəmi 2 ay qaldığı bir vaxtda bütün komandanın öz səylərini hazırlıq işlərinin finalı üzərində cəmləşdirdiyini rusiyalıların nəzərinə çatdırıb:"Lakin mən artıq bu gün deyə bilərəm ki, Bakı bütün Avropanı qəbul etməyə hazırdır. Biz hamımız möhtəşəm bir bayram - sülh, dostluq və idman bayramı ərəfəsindəyik. Əminəm ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək".
ÇOX YAXŞI HALDIR Kİ, BİRİNCİ AVROPA
OYUNLARI MÖHTƏŞƏM, GÖZƏL BAKI ŞƏHƏRİNƏ, AZƏRBAYCANA HƏVALƏ EDİLİB
Təqdimat mərasimində çıxış edən Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov bütün reallıqları nəzərə alaraq Avropa Olimpiya Komitəsinin mühüm və düzgün qərar qəbul etdiyini diqqətə çatdırıb: "Çox yaxşı haldır ki, bu birinci Avropa Oyunları möhtəşəm, gözəl Bakı şəhərinə, Azərbaycana həvalə edilib. Bu, həqiqətən çox düzgün qərardır. Biz Azərbaycanda idmanı necə sevdiklərini bilirik. Onu da bilirik ki, Bakı çoxsaylı iri yarışları parlaq səviyyədə keçirib, bu sahədə çox böyük təcrübəsi var". Bakı gözəl, möhtəşəm şəhər olmaqla bərabər, həm də idman şəhəridir-deyən A.Jukov Bakıda bu oyunları parlaq səviyyədə keçiriləcəyinə şübhə etmədiynin bildirib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Moskvaya səfəri çərçivəsində Rusiyanın TASS Agentliyində bu ölkənin nüfuzlu aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı verdiyi müsahibədə bildirib ki, Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurları, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verib.
"Rossiya 1" telekanalının "Vesti nedeli" analitik proqramında isə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilmiş süjet nümayiş olunub. Tanınmış jurnalist, "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kisilyovun müəllifi olduğu verilişdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva ilə qısa müsahibə də verilib. Süjetdə qeyd olunur ki, Avropa Oyunları Azərbaycanın dünya dövlətləri arasında yerinin müəyyən edilməsi istiqamətində daha bir addım, eyni zamanda, Avropa dəyərlərinə sadiqliyinin sübutudur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva telekanala müsahibəsində qeyd edib ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq. Mehriban xanım Əliyeva deyib:"Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər".
Avropa Oyunları ölkəmizlə tanışlıqdır. Bu, Bakını gözəlliyini seyr etmək üçün böyük imkanlar açacaq.
Nəzakət ƏLƏDDİNQIZI