"İnsanlıq yaranandan, dövlətlər mövcud olandan münaqişələr də olub. Qədim İslam xilafəti imperiyası, Moğol imperiyası və s. buna nümunə ola bilər". SİA-nın məlumatına görə, bunu dünən Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisinin sözlərinə görə, münaqişələri bir neçə qrupa bölmək olar: "Regional münaqişələr bir regionu əhatə edən münaqişədir.
Xarakterinə görə dini, siyasi, dini dözümsüzlük və s. münaqişələr mövcuddur. Hələ o vaxtlar Böyük Britaniya öz ərazisindən 500 dəfə böyük olan ərazi ələ keçirib. Buna Fransa dövlətini də nümunə olaraq göstərə bilərik. Tarixin sonrakı dövrü göstərdi ki, sinfi mübarizə zəminində soyuq müharibə başladı. Sinfi mübarizə 1990-cı ilə qədər davam etdi. ATƏT yarananda onun çərçivəsində ilk dəfə Helsinki Yekun Aktı qəbul olundu. Lakin bu da münaqişlərə son qoymadı. Sonra Paris Xartiyası meydana gəldi, amma bu da uğurlu səmərə vermədi. Təəssüflər olsun ki, biz indi də bu münaqişləri aradan qaldıra bilmirik". Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Əli Həsənov deyib ki, SSRİ dağılandan sonra biz belə münaqişələrin Dağlıq Qarabağda, Gürcüstanda və digər başqa yerlərdə baş verdiyinin şahidi olduq: "BMT Təhlükəsizlik Şurası Ermənistana qarşı 4 qətnamə qəbul edib, amma indiyədək bunun heç biri icra olunmayıb. Təəssüflər olsun ki, nə BMT, nə də onun Təhlükəsizlik Şurası bu münaqişəyə son qoya bilməyib. Müasir dünyada münaqişələrin həll olunmamasının əsas səbəbi beynəlxalq hüquq nornalarına əməl olunmamasıdır. Bir günün içərisində Liviyaya ordu yeridildi. Amma sülh hələ də bərqərar olunmayıb".