60-a qədər xarici alimin toplaşdığı konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub
Dünən Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda ənənəvi VI Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Əvvəlcə konfransın nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Açılış mərasimində BSU-nun rektoru, professor Asif Hacıyev qonaqları salamlayaraq, konfransın Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinə, həmçinin Azərbaycan gerçəkliklərinin dünyaya yayılmasına təkan verəcəyini söyləyib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev bildirib ki, müasir Azərbaycanın banisi, həm də BSU-nun yaradıcısı olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən bu konfransda müxtəlif ölkələrdən olan iştirakçıların birgə işləməsi təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına səbəb olacaq. "Ulu Öndər hər birimizin gələcəyə daha inamlı baxışımızın səbəbkarıdır. Heydər Əliyev işığı hər zaman bizim ürəyimizdədir və bu ənənəvi beynəlxalq konfrans bunun göstəricisidir". Konfransın coğrafiyasının ildən-ilə daha da genişləndiyini söyləyən akademik ötən il 12 ölkədən 40-dək nümayəndənin iştirak etdiyini, bu il isə bu rəqəmin əhəmiyyətli dərəcədə artdığını qeyd edib.
Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təmsil etdiyi nazirlik adından konfrans iştirakçılarını təbrik edərək qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin yayılmasında, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atıb. Onun sözlərinə görə, Təhsil Nazirliyi azərbaycançılıq ideologiyasının təbliği üçün bir sıra tədbirlər həyata keçirib. BSU-nun təşəbbüsü ilə bir çox xarici universitetlərdə Azərbaycan Dili və Mədəniyəti mərkəzləri fəaliyyət göstərir.
Azərbaycan Respublikasının İnsan Hüquqları ürə Müvəkkili Elmira Süleymanova çıxışında bildirib ki, ölkəmiz təcavüzə məruz qalsa da, yüksək inkişaf yolundadır: "Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafı insan hüquqlarının yüksək səviyyədə qorunmasına böyük dəstəkdir. Ölkəmiz tolerant dəyərlərə sadiqliyi ilə seçilir, çünki azərbaycançılıq məfkurəsi millətçiliyə yox, beynəlmiləllik, sülh və tərəfdaşlığa yönəlmiş məfkurədir".
Moskva şəhər Pedaqoji Universitetinin prezidenti, professor Viktor Ryabov BSU ilə təmsil etdiyi universitet arasında 10 il əvvəl müqavilə bağlandığını xatırladaraq, bu sazişin təkcə rəhbərlik səviyyəsində qalmadığını, universitetlərin professor-müəllim heyəti və tələbələri arasında dostluq əlaqələrinin qurulmasına səbəb olduğunu vurğulayıb. ABŞ-dan olan konfrans iştirakçısı Yonah Benjamin Bukstein Azərbaycanda yaşayan yəhudi icması ilə tanış olduğundan və ölkəmizdə inkişaf edən multikultural mühitdən danışıb.
Nəsimi RİH-in başçısı Nəsib Məhəməliyev deyib ki, xalqımızın azərbaycançılıq ideologiyası altında birləşməsi və beynəlxalq arenada yüksək nüfuz qazanması Ümummilli Liderin gərgin əməyinin nəticəsidir. "Ölkəmizə qarşı bəzən ikili standartlar tətbiq olunur, buna baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü siyasət hərtərəfli inkişafa zəmin yaradır. Yaxın günlərdə Bakıda I Avropa Oyunlarının başlanması da beynəlxalq arenada Azərbaycanın imicinə müsbət təsir göstərəcək".
Artıq dördüncü dəfə Bakıya gələn Çex Respublikasının Yaxın Şərq və Afrika İnstitutunun müdiri, professor Eduard Qombar ölkəmizin geosiyasi mövqeyi barədə danışaraq "Türkmənçay" və "Gülüstan" müqavilələri nəticəsində Azərbaycanın parçalanmasını xatırladıb. Natiq müasir Azərbaycanın rəqabətə davamlı bir ölkə olduğunu və Çex Respublikası ilə dostluq əlaqələrinin genişləndiyini də vurğulayıb.
Ausburq Universiteti Müqayisəli ədəbyyat bölməsinin doktoru Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Kurumu Başqanı və başqaları beynəlxalq səviyyəli konfransda iştirakdan məmnunluqlarını bildiriblər və bu konfransın Azərbaycan elminin təbliğində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında rolundan bəhs ediblər.
Qeyd edək ki, 383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransda 20 ölkədən 60 qonaq iştirak edir. Eləcə də konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan, AMEA-nın elmi-tədqiqat institutlarından, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İdarəetmə Akademiyası, M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər təhsil ocaqlarından nümayəndələr qatılıb.
Konfransın işi 7 bölmədə - "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi", "Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası", "Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər", "Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində", "Azərbaycan tarixi və mədəniyyəti", "Azərbaycan dili", "Azərbaycan ədəbiyyatı" davam etdiriləcək.
Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi nəzərdə tutulur.
ZÜMRÜD