Müasir beynəlxalq münasibətlər sistemində qabarıq nəzərə çarpan yeni reallıqlar qarşılıqlı asılılığı gücləndirir və qlobal dəyişikliklər vektorunun qeyri-müəyyənliyi bütün dövlət və qeyri-dövlət təşkilatlarının beynəlxalq arenada əməkdaşlığının daha effektiv əlaqələndirilməsini şərtləndirir. Yeni aktorların arenaya daxil olması siyasi reallığa təsirsiz qalmır. Beləliklə də, dünya təsərrüfatı, siyasi-iqtisadi münasibətlər davamlı olaraq forma və konturlarını dəyişir, milli sərhədlər çərçivəsindən kənara çıxır, beynəlxalq siyasət vətəndaşların və bütövlükdə dövlətlərin həyatına getdikcə daha dərindən nüfuz edir. Bu, hər şeydən əvvəl, ölkələrin və xalqların qarşılıqlı asılılığının güclənməsi, iqtisadi, elmi-texniki, siyasi əməkdaşlığın genişlənməsi, ümumdünya informasiya sistemlərinin inkişafı ilə əlaqədardır. Beynəlxalq siyasət dövlətlərarası əlaqələrin mürəkkəb sistemi kimi əsrlər boyu formalaşma dövrü keçmiş, nəzəri cəhətdən əsaslandırılmış, təkmilləşdirilmişdir. Qədim yunan tarixçisi Fukididin, Qədim Roma siyasətçisi, filosofu Mark Tulli Siseronun, orta əsrlərin məşhur teoloqu, Dominikan monarxı Foma Akvinskinin ideyaları sonrakı dövrdə beynəlxalq siyasət və hüquq nəzəriyyəsinin əsasını təşkil etdi. İtalyan mütəfəkkiri, siyasi xadimi Nikkolo Makiavelli "Hökmdar" traktatında səmərəli siyasət haqqında nəzəri fikir və müddəalarını açıqlayır, siyasi liderlərə dəyərli məsləhətlər verir. O, siyasəti keçmişi izah edən, bu günə rəhbərlik edən, gələcəyi proqnozlaşdıran "təcrübə" elmi adlandırır. Müasir beynəlxalq siyasət nəzəriyyəsi dövlətlərin və xalqların real maraqları ilə sıx əlaqədə inkişaf edir, beynəlxalq münasibətlərin düzgün dərk olunmasına, məqsəd və vəzifələri özündə əks etdirən qərar və strategiyaların işlənib-hazırlanmasına kömək edir. Dövlətin təhlükəsizliyinin təmin olunması, həmçinin onunla bağlı olan müharibə və sülh, beynəlxalq münaqişə və əməkdaşlıq məsələləri bütün dövrlərdə aktual olmuşdur.
Müstəqilliyinin ilk illərində (1991 - 1993) Azərbaycanın dövlət siyasəti deklorativ xarakter daşıdığından, dünya ölkələri ilə əlaqələr, demək olar ki, qeyri-müəyyən idi. Milli maraqlarla bəzən ziddiyyət təşkil edən xarici siyasət, alovlanmaqda olan vətəndaş müharibəsi, qarşıdurma, idarəçilik anarxiyası 1993-cü ilin ortalarında siyasi hakimiyyətin iflası ilə nəticələndi. Regionda böyük dövlətlərin barışmaz maraqlarının toqquşması, ölkənin milli təhlükəsizliyini təhdid edən erməni təcavüzü, tarixi torpaqlarımızdan soydaşlarımızın ermənilər tərəfindən deportasiyası, etnik təmizləmə, daxili iqtisadi, hərbi-siyasi böhran vəziyyəti daha da ağırlaşdırırdı. Xəzər regionunun zəngin karbohidrogen ehtiyatları, əlverişli coğrafi mövqeyi geosiyasi qarşıdurma və mübarizə meydanının Şərqi Avropadan Xəzərə doğru irəliləməsinə səbəb oldu. Azərbaycan bu mübarizənin əsas hədəfi idi. ABŞ, Qərbi Avropa dövlətləri, NATO, İran və Rusiya regionda dominant mövqe uğrunda iddialarını sərgiləyərək mübarizə aparırdılar. Bu mübarizənin səbəblərini və məramını ABŞ-ın xarici siyasətinin əsas fiqurlarından biri, görkəmli politoloq və strateq Zbiqnev Bzejinski belə ifadə etmişdir: "Azərbaycan məhdud ərazi miqyasına və əhalisinin sayca kiçik olmasına baxmayaraq, öz geniş enerji sərvətləri ilə geosiyasi planda həlledici əhəmiyyət kəsb edir. Bu, Xəzər dənizinin və Orta Asiyanın sərvətlərini özündə toplayan qabın tıxacına bənzəyir". Göründüyü kimi, regionun Rusiya və ABŞ arasında mübarizə meydanına çevrilməsi heç də səbəbsiz deyil. Rusiya tarixən Cənubi Qafqaza nəzarəti xarici siyasətinin prioriteti hesab etmişdir. Odur ki, Xəzər hövzəsində hasil olunacaq neftin dünya bazarına nəqli marşrutu müəyyənləşdirilərkən Rusiya dirəniş göstərir, boru kəmərlərinin öz ərazisindən keçməsi üçün təzyiq edir, regiona nəzarəti bütünlüklə ələ almağa çalışırdı. Rusiyanın militarist qüvvələri 1991-ci ilin sonunda SSRİ-nin süqutundan sonra keçmiş müttəfiq respublikalara siyasi nəzarəti itirsələr də, hərbi-strateji mövqeləri nəyin bahasına olursa-olsun, saxlamağa çalışırdılar.
Ulu Öndər Heydər Əliyevin tarixi missiyası təkcə ölkəni təhdid edən təhlükələrin aradan qaldırılmasından ibarət deyildi. Ulu Öndər Azərbaycanda yeni siyasi, iqtisadi situasiya yaradılmasını, genişmiqyaslı, sistemli islahatlar həyata keçirilməsini, müstəqilliyimizə əbədi, dönməz xarakter verilməsini, ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasını özünün xilaskarlıq missiyasının başlıca qayəsi hesab edirdi. O, yaxşı bilirdi ki, fərdi maraqlar yükünü ehtiva etməyən ideyalar sistemi uğur qazana bilməz, kütlələrin, bütövlükdə cəmiyyətin ümummilli vəzifələrin həlli istiqamətində səfərbər edilməsi ideyanın şüurlara hakim olması, praktiki fəaliyyətə transformasiyası şəraitində mümkündür. Güclü dövlət, güclü iqtisadiyyat və yüksək peşəkarlığa malik kadrlar inkişafın və hərtərəfli tərəqqinin mühüm şərtidir. Bütün reallıqları nəzərə alan Dahi Öndər Heydər Əliyev ölkənin yeni dövrdə demokratik inkişaf modelini işləyib hazırlayır, mütərəqqi dəyişikliklərin cəmiyyətin ictimai şüuruna hakim kəsilməsinə xüsusi önəm verirdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya prosesində iştirakı baxımından transmilli daşımalara, nəqliyyat - kommunikasiya dəhlizlərinin yaradılması layihələrinə xüsusi önəm verirdi. Bu səbəbdən də Şərq - Qərb və Şimal - Cənub nəqliyyat dəhlizləri layihələrini qətiyyətlə dəstəkləyir, beynəlxalq görüş və tədbirlərdə fəal iştirak edirdi. SSRİ-nin dağılmasından sonra Şərq - Qərb nəqliyyat - kommunikasiya və enerji dəhlizlərinin yaradılması layihəsi və marşrutların müəyyənləşdirilməsi məsələsi son dərəcə aktuallaşmışdı. TRASEKA adlanan layihə çərçivəsində Asiyanı Avropa ilə birləşdirən yeni nəqliyyat - kommunikasiya sisteminin yaradılması həm də Moskvanın Avrasiya məkanında monopoliyasına son qoymağa yönəldiyindən Rusiya ciddi müqavimət göstərir, Qərbin dünya siyasətində dominant rolunun güclənməsinə ciddi təkan verəcək layihənin gerçəkləşməsinə əngəl olmağa çalışırdı. TASİS proqramı çərçivəsində reallaşdırılan bu böyük layihənin uğurla başa çatdırılmasına Azərbaycanın geosiyasi mövqeyi, dəhlizin əsas məntəqələrindən biri kimi çıxış etməsi, Ulu Öndər Heydər Əliyevin prinsipial xarici siyasəti mühüm töhfə verdi. 1998-ci ilin sentyabrında Bakıda 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndələri TRASEKA layihəsinin texniki və iqtisadi əsaslandırılmasını əks etdirən "Avropa - Qafqaz - Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli Əsas Saziş"i imzaladılar. Moskva yeni layihənin qeyri-rentabelli olması haqqında təsəvvür formalaşdırmaq məqsədilə ortaya alternativ layihələr qoymağa başladı. 2000-ci ilin sentyabrında Sankt-Peterburqda "Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək "Şimal - Cənub" nəqliyyat dəhlizinin yaradılmasına dair" sənəd imzalandı. Azərbaycan özünün iqtisadi mənfəətini və siyasi dividendləri əsas götürərək bu sənədə qoşuldu. Belə ki, həmin dəhliz Hindistandan gələn yüklərin İranın Bəndər Abbas limanına, oradan isə dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiyaya və digər ölkələrə çatdırılmasını nəzərdə tutur.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi nüfuzlu qurumlarla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digər təşkilatlarla səmərəli əlaqələr genişləndirilir. İnsan hüquq və azadlıqlarının təmin və müdafiə olunması demokratiya yolunda inamla irəliləyən Azərbaycan Respublikasının milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Müasir dünya insan hüquqlarını ali dəyər kimi qəbul edir. BMT-nin 1945-ci il oktyabrın 24-də qüvvəyə minmiş Nizamnaməsi fundamental beynəlxalq müqavilə olaraq, dünya hüquq sistemində insan hüquqlarına hörmət və ona riayət olunması prinsipini təsbit edərək dövlətlərin üzərinə mühüm vəzifələr qoymuşdur. Bu sənəd insan hüquqları üzrə beynəlxalq əməkdaşlığın təməlində durur. İnsan hüquqları haqqında Beynəlxalq Bill aşağıdakı beynəlxalq müqavilələri əhatə edir:
- İnsan Hüquqları haqqında Ümumi Bəyannamə;
- İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt;
- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt;
- Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta aid qeyri-məcburi Protokol.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası insan hüquq və azadlıqlarını hüquqi dövlətin tələblərinə müvafiq surətdə təsbit etməklə yanaşı, bütün dövlət orqanları qarşısında onların müdafiəsini bir vəzifə kimi qarşıya qoyur. Konstitusiyada təsbit olunmuş şəxsi hüquq və azadlıqlar insanı onun şəxsi azadlığı sferasına hər hansı müdaxilədən, o cümlədən dövlətin müdaxiləsindən müdafiə etmək iqtidarındadır. Azərbaycanda insanın konstitusion statusunu müəyyən edən prinsiplər mühüm beynəlxalq sənədlərlə təsbit olunmuş müddəaları bütünlüklə özündə ehtiva edir. Dünyada insan üçün azadlıqdan, dövlət üçün müstəqillikdən yüksək dəyər yoxdur. Bu gün qürurla deyə bilərik ki, biz müstəqil Azərbaycan dövlətinin azad vətəndaşlarıyıq.
İnsan hüquqları probleminə ictimai mənafe və dəyərlərin üstünlüyü müstəvisindən ədalətli və humanist yanaşma Azərbaycan dövlətinin prinsipial mövqeyidir. Dəyişən maraqların, sabit mənəvi dəyərlərin və imperativlərin uzlaşdırılması bəşəriyyətin hüquqi və sosial inkişafının əsas tələbi, insan hüquqları nəzəriyyəsi və təcrübəsinin mühüm komponentidir. Ulu Öndər Heydər Əliyev qeyd edirdi ki, insan hüquqlarının nəzərə alınmaması demokratiya konsepsiyasını zəiflədir, insan hüquqlarına əsaslanan liberal demokratiya modeli demokratik fikir və təcrübəni zənginləşdirir. Beynəlxalq təcrübə prizmasından baxılarsa, Azərbaycanda fərdin hüquq və azadlıqları vətəndaş (şəxsi), siyasi, iqtisadi, sosial və mədəni hüquqlar kimi təsnif edilə bilər.
Vətəndaşların siyasi hüquq və azadlıqlarının sosial məzmununu dövlət hakimiyyəti tərəfindən tanınan və hüquq normaları ilə təsbit olunan siyasi azadlıqlar təşkil edir. Demokratik cəmiyyətdə monosentrik baxışlara və ideyalara yer yoxdur. Plüralizm, ideya və rəylərin rəqabəti dövlət və cəmiyyətin mükəmməl inkişafının əsasıdır. Siyasi diskussiya, rəqabət ideyaların və layihələrin, iki dixotomiyanın - sağ optimal və sol radikal dixotomiyanın mübarizəsini nəzərdə tutur. Sosial konstruksiyaya məhz bu mübarizə yaradıcı və dəyişdirici təsir göstərir. Cəmiyyətin və dövlətin inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə, sosiomədəni transformasiyaya yönəlmiş kreativ mühit məhz bu sferada formalaşır.
Çağdaş Azərbaycan keçmişi təhlil edərək müsbət təcrübəni təşviq etmək, vətəndaş konsensusunun ictimai-siyasi tərəqqi üçün təminat verdiyi hüquqi dövlət və demokratik cəmiyyət qurmaq mərhələsindədir. Ölkədə zəngin mənəvi, mədəni və sosial məzmunla dolğun dəyərlər sistemi mövcuddur. Radikal siyasi və dini təşkilatların ideyaları Azərbaycanda kütləvi şüurun tələblərinə nəinki cavab vermir, hətta ölkənin tutduğu sivil inkişaf xətti ilə bir araya sığmır. Odur ki, həm dindarlar icması daxilində, həm də ondan kənarda dövlətlə dini strukturlar arasında birgə sosial fəaliyyət sahəsini genişləndirmək üçün əlverişli imkanlar vardır.
Modernistlər tərəfindən irəli sürülən dünyəvi xətt, yeniləşmə meyilləri dövlətçilik maraqlarımızla səsləşir, lakin eyni zamanda, milli-mənəvi, əxlaqi və islami komponentlərin də inkişafa güclü təsirini nəzərdən qaçırmaq olmaz. Bu məsələdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mövqeyi dəqiq və birmənalıdır: "Azərbaycanda dini dözümlülük var. Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olmuşdur. Milli-dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Azərbaycanın tarixində qısa bir müddət bu sahədə gərginlik müşahidə olunmuşdur. Ancaq Azərbaycan xalqının tələbi ilə hörmətli Prezident Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu sahədə keçmişdə buraxılan səhvlər aradan qaldırıldı... Azərbaycanda dövlət və din arasında mehriban münasibətlər, işgüzar əlaqələr mövcud olmuşdur. Bizim hamımızın borcudur ki, bu istiqamətdə işimizi davam etdirək".
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti olaraq inkişaf etdirilməsinin köklərini milli-mənəvi dəyərlərimizdə, dövlətçilik ənənələrimizdə, azərbaycançılıq məfkurəsində axtarmaq lazımdır. Ölkəmiz multikulturalizm və tolerantlığın təmin edildiyi model dövlət olmaqla yanaşı, bu dəyərlərlə bağlı beynəlxalq diskussiyaların keçirildiyi önəmli mərkəzə çevrilmişdir. Müasir beynəlxalq münasibətlər çərçivəsində cəmiyyətlərin gələcək inkişaf konturlarının müəyyən olunması, elmi, texnoloji nailiyyətlərin müqayisəli təhlili və müzakirəsi baxımından "Bakı prosesi" beynəlxalq platforma kimi böyük əhəmiyyət kəsb edir. Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini - Mədəniyyət Mərkəzinin açılış mərasimində Prezident İlham Əliyev qeyd etmişdir ki, bu mərkəzin açılması Azərbaycanda dinlərarası münasibətlərin əyani göstəricisidir. Bu fakt respublikamızın tarixən tolerant, çoxkonfessiyalı məkan olduğunu sübut etməklə yanaşı, ölkədə dini baxışların inkişaf etdirilməsi, əməkdaşlıq mühitinin genişləndirilməsi üçün dövlət dəstəyinin gücləndirilməsinin real ifadəsidir.
Həqiqətdir ki, milli dövlətlərin formalaşması dövründən başlayaraq, bir tərəfdən dövlətin idarə olunmasında xalqın iştirakı məsələsi, digər tərəfdən dövlətin başında duran şəxslərin, siyasi liderlərin ölkənin və xalqların taleyində oynadıqları pozitiv və ya neqativ rol siyasi polemikaların mərkəzində olmuşdur. Bu sahədə optimallığın şərti, təbii ki, demokratik dəyərlərlə idarəçilik sisteminin bir-birini qarşılıqlı surətdə tamamlamasıdır. 2003-cü ildə İlham Əliyev Azərbaycan dövlətinin sükanı arxasına təkcə Ümummilli Liderin varisi, davamçısı kimi deyil, həm də yeni zamanın lideri kimi gəldi. Ötən 12 ilin təhlili göstərir ki, yeni siyasi lider Ulu Öndərin strateji ideyalarını həyata keçirməklə yanaşı, həm də zamanın diktəsi ilə yeni ideyalar irəli sürür, innovativ iqtisadiyyatın çoxkomponentli konsepsiyası üzərində düşünür, cəmiyyətin intellektual və təbii resurslarını səfərbər edir. Onun düşüncəsində Vətən təəssübkeşliyi, türkçülük, Şərqin mənəvi - əxlaqi dəyərləri, Qərb və Avropa modellərinə münasib intellekt fəaliyyət üçün möhkəm özüldür. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamı ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlı idi: "Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20-50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz gələcəyimizi aydın görməliyik. Bu gün dünya dəyişir. Qloballaşma və inteqrasiya prosesləri gedir. Gələcəyini qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və bacarıqlı insanlar, ən yüksək standartlara cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik". Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanın iqtisadi tərəqqisini fenomenal bir gerçəkliyə çevirdi. İqtisadi sahədə keçid dövrünü başa vurduğumuzdan yeni iqtisadi münasibətlərə keçid prosesi də tamamlanmışdır. Bu, cəmiyyətdə yeni iqtisadi bazisin və yeni ictimai paradiqmanın formalaşması deməkdir və yeni ictimai münasibətlər kompleksinin həmin bazisə uyğunlaşdırılmasını tələb edir. Milli intellektual potensial zəminində Azərbaycan elə bir inkişaf səviyyəsinə çatmışdır ki, indi tranzit ölkə statusu, Şərq ilə Qərb arasında körpü funksiyası onu qane etmir. Prezident İlham Əliyev qətiyyətlə bəyan edir ki, biz indi öz ölkəmizin timsalında Qərb və Şərq sivilizasiyasının sintezindən yaranan, yeni dövrün ruhunu təcəssüm etdirən zəngin və optimal cəmiyyət quruculuğunun yeni modeli kimi çıxış edirik. Yeni modelin əsas seqmentləri iqtisadiyyatın diversifikasiyasını, sənayenin milli prioritetlərinin inkişafını, idxalı əvəzləyən sənaye siyasətini, daxili bazarın qorunmasını, emal sənayesi və aqrar sektorun proporsional yüksəlişini, regionların ixtisaslaşmasını, milli gəlirin davamlı olaraq artırılmasını özündə ehtiva edən strateji hədəflərdən ibarətdir.
Azərbaycan modelinin mühüm xüsusiyyətlərindən biri milli- iqtisadi sistemin dünya təsərrüfat sisteminə inteqrasiyasının özünəməxsusluğu ilə şərtlənir. Ölkə iqtisadiyyatı yüksək açıqlıq səviyyəsi ilə seçilsə də, sistem arzuolunmaz kənar təsirlərdən çevik və güclü qorunma mexanizminə malikdir. Beynəlxalq maliyyə böhranı zamanı biz bunun şahidləri olduq. Cənab İlham Əliyev Prezident kimi ölkəyə rəhbərlik etdiyi 12 ildə bir daha sübut etdi ki, Azərbaycanı həm daxildə, həm də beynəlxalq aləmdə yalnız O, ən yüksək səviyyədə təmsil edə bilərdi. O, maddi sərvətlərin artımına nail olmaqla yanaşı, Onu mənəvi - mədəni sərvətə çevirməyin uğurlu praktikasını yaratdı. İlham Əliyev dünyanın müasir düşüncə texnologiyasına yaxşı bələddir və qlobal proseslərlə bağlı formalaşmış baxışlarla bəzən heç də razılaşmır. Amerika təhlilçilərinin fikrincə, hazırda Avropa qitəsində təhlükəsizliyə təhdidlər əsasən iki istiqamətdən - Şərq və Cənub "böhran qövslərindən", "sabitsizlik zonalarından" doğur. Şərq qövsü Almaniya və Rusiya arasındakı məkanı, Şərqi Avropadan Türkiyəyə, Qafqaza və Kiçik Asiyaya qədərki ərazini, Cənub qövsü Şimali Afrikanı, Aralıq dənizini, Yaxın Şərqi, Cənub-Qərbi Asiyanı əhatə edir.
Azərbaycan Prezidenti böhran qövsündə kollektiv müdafiənin, demokratiyanın və təhlükəsizliyin bərqərar olması üçün "baş strategiya" hazırlanmasına dair təkliflə çıxış edən Amerika təhlilçilərindən fərqli mövqe sərgiləyir. Prezident İlham Əliyev 2015-ci il yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Regionların transformasiyası: Avrasiya" mövzusunda sessiyada siyasi liderləri passiv, müşahidəçi rolundan uzaqlaşmağa, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa səslədi: "Keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni prizmadan baxılmalıdır, eyni yanaşma, eləcə də eyni beynəlxalq hüquq normaları tətbiq edilməlidir. Əgər hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələrə fürsət yaranır. Burada ötən dəfə olduğum vaxtdan görürük ki, bir çox şeylər dəyişib. Biz hətta təsəvvür edə bilmədiyimiz yeni təhlükələri görürük və onlar artıq regional deyil, qlobal hədələrdir. Sabitliyin pozulması, ola bilsin, yerli və ya regional görünən problemlərin vaxtında həll edilməməsi nəticəsində Avropada baş verən dəhşətli hücumların şahidi olduq. Əlbəttə ki, bizim münaqişə, yəni Azərbaycan ilə Ermənistan arasında olan münaqişə regional xarakter daşıyır, lakin həm coğrafiya, həm də metodologiya baxımından daha böyük təsirə malikdir. Əgər siz bu münaqişəni beynəlxalq hüquq əsasında həll etməsəniz, bu kimi halları dünyanın digər yerlərində də görməyə hazır olun... Beynəlxalq hüquq normaları bəzi ölkələrin maraqlarına uyğun olaraq interpretasiya edilməli deyil. Onlar yazıldığı kimi interpretasiya edilməlidir".
Ötən əsrin sonundan dünyada gedən proseslər elə bir istiqamət almışdır ki, indi paradiqmalar dəyişdiyindən ənənəvi normativlər beynəlxalq münasibətlərin tənzimlənməsi üçün yetərli görünmür. Bəşəriyyət yeni dövrün siyasi liderlərindən yeni ideyalar, yeni idarəetmə sistemləri, milli və qlobalın qarşılıqlı münasibətlər sisteminin yeni formulunu gözləyir. Zehniyyətdə intellektual potensialın artması və pasionallaşma xalqları sürətlə yaxınlaşdırır. Dayanıqlı tərəfdaşlıq bu prosesdə iqtisadi, mədəni-mənəvi amillərin uzlaşdırılmasını tələb edir. Mənbəyi daxildən qaynaqlanmayan, bəşəriyyəti narahat edən proseslərin transformasiyası xalqları və ölkələri qayğılandırır. Təqdirəlayiq haldır ki, Azərbaycanda xalqın istək və arzuları, potensial imkanları yeni dövrün ruhunun, milli maraqlarımızın parlaq ifadəçisi olan Prezident İlham Əliyevin siyasi iradəsi, fəaliyyət proqramı və ölkəmizi lider dövlətlər sırasına çıxarmaq əzmi ilə səsləşir.
Həsən Həsənov,
"Xalq qəzeti"nin Baş redaktoru