PDF Oxu

Əsas

  • 1 653

Qələbənin 70-ci ildönümü Suraxanıda geniş qeyd olundu

image

Dünən Suraxanı rayon icra hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin birgə təşkilatçılığı ilə geniş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Qaraçuxur qəsəbəsində yerləşən "Vətən Şəhidləri Unudulmur" abidəsinin önünə gül qoyublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Suraxanı RİH-in başçısı İlqar Abbasov bildirib ki, 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə tədbirlər planı təsdiq edilib. Müharibədə qələbənin 70 illik yubileyi rayonun qəsəbələrində, dövlət və yerli idarəetmə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət və sənaye müəssisələrində geniş qeyd edilir.

Rayon rəhbəri əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. İ.Abbasov bildirib ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir: "Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşlar. Onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görülmüş, 34 nəfər həmyerlimiz "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. 57 həmyerlimiz general rütbəsinə yüksəlmişdir. 420 min həmyerlimiz döyüş meydanlarında qəhrəmancasına həlak olmuşdur. 1941-1945-ci illərdə respublikamızda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınmışdır. O dövrdə bütün sovet neftinin 90 faizi Azərbaycanın payına düşürdü. Burada Suraxanı neftçilərinin əməyi az deyildir. Suraxanı neftçiləri gecə-gündüz əzmlə çalışaraq cəbhəni yanacaqla təmin etmişlər".

Rayon icra başçısı qeyd edib ki, Azərbaycan xalqı bu gün faşizmə qarşı müharibədə iştirakı ilə fəxr edir. Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Bu gün Suraxanı rayonunda 22 nəfər müharibə iştirakçısının, 35 nəfər arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş veteranın və 217 nəfər həlak olmuş və ya vəfat etmiş müharibə iştirakçılarının dul qadınlarının yaşadığını bildirərək, onlara cansağlığı arzulayıb.

İ.Abbasov xüsusi vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidentı Cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər nəticəsində müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinin rəisi Qurban Şirinov 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə müharibə veteranlarını təbrik edərək bildirib ki, II Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının da şərəfli payı vardır. Minlərlə həmyerlilərimiz düşmən arxasında fəaliyyət göstərən partizan dəstələrinin tərkibində Krımda, Ukraynada, Belarusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, habelə Polşada, Çexoslavakiyada, Macarıstanda Yuqoslaviyada, Fransada və İtaliyada döyüş əməliyyatlarında iştirak etmişlər. Göstərdikləri əfsanəvi qəhrəmanlıqlara görə onlarla həmyerlimiz bu ölkələrin Fəxri Vətəndaşı adına layiq görülmüşlər.

Çıxış edən veteranlar döyüş xatirələrindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra rayonun "Şahinlər" hərbi-idman oyunu komandaları nizamlı cərgə ilə sıra keçidi ediblər.

Rayonun müharibə və arxa cəbhə veteranları üçün 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubiley tədbiri "Aura" şadlıq sarayında davam etdirilib. Rayonun Qurban Abbasov adına Mədəniyyət Sarayının bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.

ZÜMRÜD

Digər xəbərlər