PDF Oxu

Əsas

  • 1 650

4-cü çağırış Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirildi

image

Oqtay Əsədov: "Yaz sessiyasında 10 iclas keçirilib, 134 qanun və qərar qəbul edilib"

Dünən 4-cü çağırış Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirildi. Qanunvericiliyə uyğun olaraq bu gün yaz sessiyasının son plenar iclası olmaqla yanaşı, 4-cü çağırış Milli Məclisin son iclasıdır. Milli Məclisin Nizamnaməsinə uyğun olaraq yaz sessiyası mayın 31-də başa çatır, payız sessiyası isə oktyabr ayının 1-də başlayır. Parlament seçkiləri isə hər 5 ildən bir olmaqla, noyabr ayının ilk bazar günündə keçirilir. Bu il də növbəti parlament seçkiləri noyabr ayının əvvəlinə düşür. Payız sessiyası da oktyabr ayında olacağından həmin müddət deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası dövrünə düşdüyündən parlamentin yeni tərkibinin ilk iclası noyabrın sonu, dekabr ayının əvvəlində keçirələcəyi gözlənilir.

Milli Məclisdə 19 may faciə qurbanları yad edildi

Milli Məclisin spikeri Oqtay Əsədov mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın haqda məlumat verib: "Bu iş araşdırılır və günahkarlar cəzalandırılacaq. Bununla bağlı xüsusi komissiya da yaradılıb".

O.Əsədov bildirib ki, yanğın nəticəsində 15 nəfər həlak olub, onlarla insan yaralanıb: "Ölkə başçısı İlham Əliyev dərhal hadisəni nəzarətə götürdü və komissiya yaradıldı. Hazırda komissiya dövlət başçısının göstərişi ilə faciənin səbəblərini araşdırmaqla yanaşı, faciənin nəticələrini aradan qaldırmaqla məşğuldur. Hesab edirəm ki, komissiya faciənin başvermə nəticələrini və təqsirkarlarını tapıb ortaya çıxaracaq. Ümid edirəm ki, bir daha belə hallar baş verməyəcək". Spiker çıxışının sonunda deputatları yanğın zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Millət vəkilləri faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçildi

Yaz sessiyasının sonuncu iclasının gündəliyində olan birinci - "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər barədə" məsələ müzakirə edildi. Məsələ barədə məlumat verən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin dövrü olaraq ictimaiyyət qarşısında hesabat verməsini zəruri saydı.

Daha sonra İTV-nin Yayım Şurası ilə bağlı məsələ səsverməyə çıxarıldı. Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvləri seçildilər. Qeyd edək ki, onlar artıq müddətləri bitmiş Namiq Məmmədovun, Fuad Muradov və Zərifə Salahovanın yerlərinə seçiliblər.

Samir Şərifov: "Əhalinin gəliri 39 milyard manata çatıb"

Sonra "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olundu. MM-in İqtisadi Siyasət Komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verərək bildirdi ki, 2014-cü ilin dövlət büdcəsi 308,4 mln. manat kəsirlə icra olunub, 2015-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı 1,7 mlrd. manat təşkil edib: "2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan bu qalıq 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində büdcə gəlirlərinin 18 400 565,2 min manat, xərclərin 18 709 000 min manat olduğu qeyd edilir. Layihəyə əsasən, ötən il müdafiə xərcləri 1,5 mlrd. manat, təhsil xərcləri 1,554 mlrd. manat təşkil edib".

Maliyyə naziri Samir Şərifov 2014-cü il dövlət büdcəsinin icrasına dair çıxışı zamanı vurğuladı ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub. 2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd manatlıq ÜDM istehsal olunub. Ötən qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.

Nazir onu da söylədi ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib: "Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur".

S. Şərifov həmçinin qeyd etdi ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub: "Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub. Hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib. Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib".

İcmal büdcəsinə toxunan S.Şərifov bildirdi ki, 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24,444 mlrd. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manata və yaxud 87,6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə profisiti yaranıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2014-cü ilin dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayaraq, onun müsbət dəyərləndirildiyini söylədi. S.Şərifov millət vəkillərini qanun layihəsinin qəbuluna səs verməyə çağırdı.

Millət vəkili Vahid Əhmədov 2014-cü ildə dövlət büdcəsinin yüksək səviyyədə icra olunduğunu qeyd edərək, qanun layihəsinin müzakirəsiz qəbul olunmasını təklif etdi.

Siyavuş Novruzov: "Azərbaycanın inkişafı və tərəqqisi bəzi qüvvələri narahat edir"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir: "Azərbaycanın iqtisadi inkişafı, tərəqqisi bəzi qüvvələri hər zaman olduğu kimi indi də narahat edir. Son vaxtlar şahidi oluruq ki, Avropa Parlamentinin deputatları Azərbaycan əleyhinə bəyanatlar verirlər, Avropa Parlamentində Azərbaycan əleyhinə qərarlar qəbul edilir. Avropa Parlamentinin sədri Martin Şults isə dəfələrlə deyirdi ki, bu kimi bəyanatlara əhəmiyyət verməyin. Lakin baş verənlər Martin Şultsın özünün maskasının cırılmasını göstərir".

S.Novruzovun sözlərinə görə, Riqa sammitindən əvvəl və sonra Azərbaycanla bağlı həqiqətə uyğun olmayan erməni lobbisinin təhriki ilə yalan məlumatlar səsləndirilib: "Misal olaraq, iyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək, amma ayın 10-da Şults dünyada görünməmiş ad altında "İdman və insan hüquqları" tədbir keçirəcək. Hətta tədbirdə müxtəlif yerlərdən, eləcə də Azərbaycanda onlara qulluq edən insanları dəvət ediblər ki, dinləmələr keçirsinlər. İndi görün ki, həmin insanların xisləti nədən ibarətdir. Budur onların Avropa dəyəri? Avropanın fundamental dəyərləri kənarda qalır, Şults isə milli və dini ayrıseçkiliklə məşğul olur".

S.Novruzov qeyd edib ki, Rusiyada keçirilən tədbirlərdən birində Ukraynanın müstəqilliyini tanımayan Şults Ermənistanda demokratiyanın çiçəklənmə dövrünün yaşandığını deyib: "Şults insan hüquqlarını belə çox müdafiə edirsə, o zaman ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra 1 milyondan çox qaçqın düşən və Xocalıda qətlə yetirilən insanların hüquqlarını müdafiə etsin. Bütün bu məsələləri Avropa Parlamentinin iclasında müzakirəyə çıxara bilər. Bax, onda Şultsun ədalətli müdafiəçi olduğuna bəlkə inana bildik. Lakin gördüklərimiz ikiüzlülük və satqınlıqdan başqa bir şey deyil".

Azərbaycana bu cür Avropa dəyərlərinin lazım olmadığını deyən deputat əlavə edib ki, Şults partiya dəyərlərinə xəyanət edir: "Əslində, o, sosial-demokratdır. Bir daha xatırladım ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları çox yüksək səviyyədə baş tutacaq və onların niyyətləri bir daha baş tutmayacaq". Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Parlament Türkiyə ilə birgə

bəyanatı dəstəkləyib

Milli Məclis "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair" Birgə Bəyanatın təsdiq edilməsi haqqında qanunun layihəsini dəstəkləyib. Qanun layihəsi ilə bağlı parlamentin Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Sevinc Fətəliyeva məlumat verdi.

Deputatlar müzakirəsiz sənədi dəstəklədilər.

Həmçinin, Azərbaycanla Pakistan məhkumlarla bağlı razılaşıb. Belə ki, Milli Məclis "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini müzakirə edib. Bu haqda deputatlara Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Daha sonra sənəd qəbul edildi. Parlament "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında" sazişin təsdiq edilməsi barədə qanunun layihəsini də qəbul etdi.

Milli Məclisin Sədri Oqtay Əsədov, həmçinin yaz sessiyası ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, yaz sessiyasında 10 iclas keçirilib, 134 qanun və qərar qəbul edilib. Yaz sessiyası dövründə 165 millət vəkilindən ibarət 70-ə qədər nümayəndə heyəti müxtəlif ölkələrdə səfərdə olub. Parlamentdə müxtəlif ölkə və beynəlxalq təşkilatlardan 350 nəfərdən ibarət 50-dən çox nümayəndə heyəti qəbul edilib.

O. Əsədov yaz sessiyasının uğurla başa çatdığını söyləyib. Beləliklə də, dövlət himninin oxunması ilə yaz sessiyası bağlı elan edildi.

Sonda O.Əsədov sonda qarşıdan gələn Avropa Oyunlarında Azərbaycan idmançılarına uğurlar arzuladı.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər