Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə olan birinci Avropa Oyunlarının açılış mərasiminə 10 gün qalır. Hər ötən gün bir addım da bizi oyunlara yaxınlaşdırır. Ölkəmizin müstəqillik tarixində ev sahibliyi edəcəyi mötəbər tədbirə beynəlxalq idman ictimaiyyəti tərəfindən də maraq gündən-günə artır.
2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul etdiyi qərardan sonra ölkəmiz böyük şərəf, böyük məsuliyyətlə vaxtın məhdudluğunu nəzərə alaraq qətiyyətli addımlar atdı. Beynəlxalq tədbirlər keçirməkdə kifayət qədər təcrübəsi olan paytaxtımızda iki il yarım ərzində görülmüş işlər ən yüksək səviyyədədir.
Azərbaycan xalqı bu gözəl idman və dostluq bayramına ciddi şəkildə hazırlığı davam etdirir. Azərbaycanda yaradılan müasir idman infrastrukturu, əsaslı şəkildə təmir edilən idman obyektləri ən yüksək standartlara cavab verir. Ölkəmizdə nəqliyyat infrastrukturu yeniləşib, müasirləşib. Paytaxtda inşa olunan çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri şəhərimizə əlavə bir naxış da salıb. İlk Avropa Oyunlarına hazırlığın daha bir real mənzərəsi də paytaxtın mərkəzi küçə və xiyabanlarında aparılan abadlıq işlərində özünü göstərir.
İlk Avropa Oyunlarının başlamasına az vaxt qalmasına baxmayaraq, bu beynəlxalq idman tədbirinə hazırlıq davam edir. Bu günlərdə Bakıda birinci Avropa Oyunlarının Atletlər və Media kəndlərinin açılışı elə görülən işlərin davamıdır. Həm Atletlər, həm də Media kəndlərində yaradılan şərait ölkəmizin uğurlu inkişafının göstəricisidir. Buradakı mövcud vəziyyət mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə keçiriləcəyindən xəbər verir.
DÜNYANIN SƏKKİZ APARICI HOTEL BRENDİ BAKIDADIR
Bu gün ölkəmizə gələcək qonaqları və iştirakçıları qarşılamaq üçün aparıcı brend otellərin fəaliyyət göstərməsi də istisna deyildir ki, bütün bu və ya digər amillər Bakının Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Etiraf edək ki, Avropanın ən müasir turizm şəhərləri paytaxtımızla rəqabətdədir. Bu gün Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkandır. İnşa olunan otellər, yüksək standartlara uyğun xidmətin göstərilməsi diqqətdədir. Azərbaycan saysız turistləri qarşılamaq və lazımi səviyyədə yerləşdirmək imkanına malik olan turist ölkəsidir. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt" - dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur. Təbii ki, belə hotellər Azərbaycana gələn qonaqları - birinci Avropa Oyunlarının iştirakçılarını yüksək səviyyədə qarşılamağa və rahatlıqlarının təminatına töhfəsini verəcək.
AZƏRBAYCANDA ƏN BÖYÜK AQUA PARK
Bu günlərdə müasir infrastrukturla təchiz edilən daha bir məkanın da açılması oyunlar zamanı paytaxtımıza gələn turistlərdə ölkəmiz haqqında yaranacaq təəssüratları daha da zənginləşdirəcək.
Belə ki, müasir istirahət və əyləncə mərkəzi olan "Dalğa Beach-Aqua Park" istifadəyə verilib. Paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində yeni inşa edilmiş "Dalğa Beach-Aqua Park" xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə fərqlənir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. İstirahət edənlərə xidmətin ən müasir səviyyədə təşkili üçün kompleksdə çoxlu sayda restoran və xidmət obyektləri inşa edilib. "Dalğa Beach-Aqua Park"ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb.
"Dalğa Beach-Aqua Park" kompleksində "VIP-house" da inşa olunub. Burada rahatlığın tam təmini üçün hərtərəfli şərait yaradılıb. Bu obyektin istifadəyə verilməsi Bakının turizm potensialını artırmaq və şəhərimizə gələn qonaqların istirahətini mənalı təşkil etmək baxımından da mühüm əhəmiyyət daşıyır.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq üçün ölkəmizə cəmi iki il yarım vaxt ayrılsa da, Azərbaycan bütün potensialından istifadə edərək yarışların yüksək səviyyədə keçirilməsi üçün daim irəliyə doğru addımlayır. Artıq ilk Avropa Oyunlarının açılışına az vaxt qalıb. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya Hərəkatına verilən dəyərin təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI