PDF Oxu

Əsas

  • 1 636

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

image

Əli Əhmədov: "Yeni Azərbaycan Partiyası parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə gedir"

Mayın 30-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov müşavirənin bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu bildirdi: "Ənənəmizə uyğun olaraq hazırlıq işlərinə xeyli əvvəl başlamışıq. Bu istiqamətdə partiyanın yerli təşkilatlarına müvafiq tövsiyələr verilib. Bugünkü müşavirədə də müəyyən tövsiyələr qarşıya qoyulacaq ki, bu da partiyanın, eyni zamanda yerli təşkilatların parlament seçkilərinə mütəşəkkil hazırlığına əsas verəcək. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə yüksək əhval-ruhiyyə ilə gedir".

Əli Əhmədov bütün seçkilərdə bu əhval-ruhiyyəni şərtləndirən ciddi əsasların olduğunu diqqətə çatdırdı: "Ötən parlament seçkilərindən keçən dövr ərzində ölkəmiz sürətli inkişafa nail olub. Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət həyatımızın bütün sferalarında, hər bir insanın həyatında böyük dəyişikliklər yaradıb. Bütövlükdə Azərbaycan yeniləşib. Regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nailiyyətlər əldə olunub. Hər bir bölgənin həyatı müsbət mənada dəyişib. Ən əsası isə bu dəyişikliklər insanların həyatında, daha yaxşı yaşamalarında özünü göstərir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir".

YAP Sədrinin müavini Əli Əhmədov "Hakimiyyətdə olan partiya kimi biz növbəti seçkilərə məhz bu nailiyyətlərlə gedirik" fikrini söyləyərək bildirdi ki, seçkilərdə hər bir partiyaya dəstək onun gördüyü işlərə əsaslanır: "Biz də növbəti seçkilərə mövcud reallıqlara, dinamik inkişafa istinad edərək böyük ruh yüksəkliyi ilə qatılırıq. Bu kimi ciddi əsaslar partiyanın, onun namizədlərinin dəstəklənməsini şərtləndirəcək. Hər kəs partiyanın namizədlərinə dəstəyi ilə Azərbaycanın növbəti illər üçün inkişafına öz dəstəyini göstərmiş olacaq. Təbii ki, hər bir Azərbaycan vətəndaşı həyatının da davamlı şəkildə dəyişməsini istədiyi üçün, ölkəmizin ötən parlament seçkilərindən keçən dövr ərzində qazandığı uğurlara söykənərək seçkilərdə fəal iştirakı, partiyanın namizədlərinə dəstəyilə bu istəyini gerçəkləşdirəcək. Yeni Azərbaycan Partiyasının təmsilçilərindən tələb budur ki, ölkə Prezidentinin rəhbərliyi altında əldə olunan nailiyyətləri geniş, əsaslı şəkildə insanların diqqətinə çatdırsınlar. 2010-2015-ci illərdə keçilən yola, qazanılan uğurlara qısa baxış hər kəsin gələcəklə bağlı planlarını düzgün qurmasına stimuldur. 2010-cu ili 2015-ci illə müqayisə etdikdə hansı problemlərin həllini tapdığını, hansı nəticələrin əldə olunduğunu aydın görmək mümkündür".

Əli Əhmədov onu da qeyd etdi ki, hər bir uğur növbəti istəklərin yaranması üçün əsas olur: "5 il bundan öncə ölkə ictimaiyyəti nəyi arzu edirdi, bu gün isə hansı istəyini ortaya qoyur, göz önündədir. Ötən 5 ildə insanları narahat edən problemlər necə uğurla aradan qaldırılıbsa, qarşıya qoyulan istəklər də məhz Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında gerçəkləşəcək".

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov, həmçinin vurğuladı ki, seçkilərə hazırlığın yüksək səviyyədə təşkili qələbə üçün əsas şərtlərdən biridir. Məhz bu baxımdan seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunması mütləqdir. Mövcud əsaslar qarşıya qoyulan məqsədlərin gerçəkləşməsinə stimul verir.

YAP Sədrinin müavini diqqəti Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində artan roluna yönəltdi: "Dövlətimizin uğurlu siyasəti nəticəsində iqtisadi imkanlarını günbəgün artıran, davamlı inkişafı ilə diqqət çəkən Azərbaycanın beynəlxalq aləmdə nüfuzu, siyasi çəkisi artır, dostlarının sayı artır. Azərbaycanın bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsində də qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Artıq ölkəmizin ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına az vaxt qalır. Bu tədbir bir daha ölkəmizin malik olduğu imkanların təqdimatında, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayacaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu oyunların keçirilməsi Azərbaycan üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Bu mühüm hadisə Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndirilir".

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğuladı. O, bu baxımdan partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirdi: "Birgə səylər hər bir məqsədə yüksək səviyyədə nail olmağa əsas yaradır. Yeni Azərbaycan Partiyası bu mütəşşəkilliyi, birgə səyləri artırmaqla qələbələrə imza atıb".

YAP-ın qarşıdan gələn parlament seçkilərinə böyük inamla getdiyini deyən Əli Əhmədov seçki kampaniyasının təbliğat mərhələsində qazanılan uğurların əhali arasında geniş təbliğ olunmasının zəruriliyini vurğulayıb. O, bu baxımdan partiyanın rayon və şəhər təşkilatlarının üzərinə böyük vəzifələrin düşdüyünü bildirdi.

Əli Əhmədov, həmçinin parlament seçkiləri ilə əlaqədar partiyanın yerli strukturlarının rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Müşavirədə YAP İcra katibinin müavinləri - Milli Məclisin deputatı Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da iştirak etdilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər