"Azərbaycanın inkişafından qısqanclıq keçirən, gözü görməyən qüvvələr var". SİA-nın məlumatına görə, bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini, İcra katibi Əli Əhmədov Avropa Parlamentinin Avropa Oyunları ərəfəsində Azərbaycanla bağlı qərar qəbul etməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Avropanın bəzi qurumları bəlli dairələrin təsiri altında qərarlar qəbul edirlər: "Bu qərar Azərbaycanla həmin qurumlar arasında münasibətlərə mənfi təsir göstərəcək, lakin Azərbaycanın haqq işinə mane ola bilməyəcək. Biz buna təəssüflənirik. Güman edirəm ki, bu sadəcə bizim münasibətlərimizə təsir edə bilər, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə təsir edə bilər, Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərə təsir edə bilər. Biz dünyaya, Avropa İttifaqına inteqrasiya etməyə hazır olan ölkə olduğumuzu dəfələrlə sübut etmişik və bu istiqamətdə dəfələrlə bəyanat səslənib. Amma kimsə, bizə nəyi isə qəbul elətdirmək istəyirsə, iradəmizdən asılı olmayaraq nəyi isə bizə qəbul etdirməyə çalışırsa güman edirəm ki, bu mümkün olmayacaq. Azərbaycan indi elə bir dövlət səviyyəsinə gəlib çatıb ki, Azərbaycana kimsə öz qaydasını qəbul etdirə bilməz, bu nə qədər mötəbər təşkilat olsa belə".
Əli Əhmədov onu da qeyd edib ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə Avropanın idman tarixinə öz adını qızıl hərflərlə yazacaq: "Azərbaycan mahnı müsabiqəsində olduğu kimi, Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək. Azərbaycan bu idman yarışlarını yüksək səviyyədə keçirməklə Avropanın idman tarixinə öz adını yazacaq. Hesab edirəm ki, Avropa tarixində də, Avropanın idman tarixində də məhz bu qalacaq. Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli qərar qəbul edərsə, bu qərarın heç bir təsir imkanı olmayacaq, kağız üzərində qalacaq. Belə hallar bundan əvvəl də olub. Yadınızdadırsa, Bakıda keçirilən "Avroviziya" mahnı yarışı ərəfəsində anti-Azərbaycan təbliğatı aparırdılar. Ancaq onlar Azərbaycanda mahnı yarışının yüksək səviyyədə keçirilməsinə mane ola bilmədilər. Bu gün də oxşar hadisələri təkrarlamağa çalışırlar".