İlham Əliyev: "Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk"
Hər bir müstəqli dövlət mövcudluğunu, təhlükəsizliyini məhz Silahlı Qüvvələr vasitəsilə təmin edir. Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Ordu quruculuğu siyasətini uğurla davam etdirən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin bütün tövsiyələri ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən inam və qətiyyətlə gerçəkləşdirilir. Hazırda beynəlxalq standartlara cavab verən, Silahlı Qüvvələrimizin, Milli Ordumuzun əsgər və zabitləri respublikanın təhlükəsizliyini, əhalinin əmin-amanlığını və mühafizəsini təmin etmək, Ermənistan silahlılarının nəzarət altında saxladığı torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzü bərpa etməyə hər an hazırdır.
"Azərbaycan maraqları üzərində qurulan siyasət uğurludur, güclüdür və heç bir qüvvə bu siyasətə təsir edə bilməz"
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbriki zamanı bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik təmin edilib. Təbrikdə bildirilir ki, xarici siyasətimizin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir: "Əfsuslar olsun ki, 2015-ci ildə bu istiqamətdə heç bir irəliləyiş olmamışdır. Bunun da səbəbi xalq üçün aydındır. Ermənistan sülh istəmir. Münaqişəni uzatmaq istəyirlər, vaxt udmaq istəyirlər. Danışıqlarda özlərini qeyri-səmimi aparırlar və müxtəlif bəhanələrlə çalışırlar ki, bu danışıqlar prosesi daim davam etsin. Bizim siyasətimiz bundan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. İşğalçılar işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır və Azərbaycan vətəndaşları doğma torpaqlara qayıtmalıdırlar.
Münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmalıdır. Bu qətnamələr münaqişənin həlli üçün əsas sənəddir və bu məsələ məhz bu çərçivədə öz həllini tapmalıdır. Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaransın. Dağlıq Qarabağın müstəqilliyini heç vaxt heç kim qəbul etməyəcək. Biz çalışacağıq ki, həm siyasi, diplomatik, həm iqtisadi və digər vasitələrlə ərazi bütövlüyümüzü bərpa edək. Haqq-ədalət bizim tərəfimizdədir, siyasi və iqtisadi güc bizim mövqeyimizi dəstəkləyir, gücləndirir. Əminəm ki, biz istədiyimizə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Buna nail olmaq üçün, əlbəttə ki, diplomatik səylərlə yanaşı, güclü hərbi potensial olmalıdır və biz bunu yaradırıq. Artıq Azərbaycan xalqı da görür ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır".
Anbaan güclənən Azərbaycan ordusu
2004-cü ildən etibarən Azərbaycan öz hərbi xərclərini bu vəzifəyə uyğun olaraq hər il artıraraq, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəfə çatdı və onu keçdi. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər əldə etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün oldu. 2003-cü ildə Azərbaycanın hərbi xərcləri cəmi 160 milyon ABŞ dolları təşkil edirdi. 2004-cü il büdcəsində bu xərclər 175 milyon ABŞ dollarına qədər artırıldı. 2005-ci ildə isə ölkənin hərbi büdcəsində iki dəfəyə yaxın - 300 milyon ABŞ dolları həcmində artım oldu. 2006-cı ildə Azərbaycan hərbi xərclərdə daha böyük artım etdi, bu məqsədlə dövlət büdcəsindən 750 milyon ABŞ dolları ayrıldı. 2007-ci ildə isə hərbi xərclər 1 milyard dollara yaxınlaşdı. Nəhayət, 2010-cu ildə bu xərclər 2 milyard 150 milyon dollara çataraq Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötdü. Bu, Ermənistan üçün psixoloji baryerin keçilməsi idi və Azərbaycan ərazilərini işğal altında saxlayan tərəf onunla hərbi potensial baxımından rəqabətə girməyin qeyri-mümkünlüyünü anladı. Azərbaycan hərbi xərclərinin artımını bununla dayandırmadı və 2011-ci ildə xərclər 3,3 milyard dollara qədər artırıldı. Bu, 2010-cu ilin hərbi büdcəsi ilə müqayisədə 90 faizdən çox artım demək idi. Müqayisə üçün 2011-ci ildə Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən az qala 10 dəfə aşağı idi. 2012-ci ildə Azərbaycanın hərbi xərcləri daha da artaraq 3, 48 milyard, 2013-cü il büdcəsində isə 3,73 milyard dollara çatdırdı. Müqayisə üçün qeyd edək ki, Ermənistanın 2013-cü il üçün dövlət büdcəsinin gəlirlər hissəsi 2,5 milyard dollar nəzərdə tutulur. Beləliklə, Prezident İlham Əliyevin ötən 10 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 23 dəfədən çox artmış oldu. Bu göstəricilərə görə Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutdu.
"Hazırda biz öz gücümüzü artırırıq və eyni zamanda danışıqlar prosesində iştirak edirik. Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər" söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu amillər nəticəsində biz istəyimizə nail olacağıq, ədaləti, Azərbaycanın suverenliyini bərpa edəcəyik.
RƏFİQƏ KAMALQIZI