PDF Oxu

MİA

  • 1 215

Yevgeni Mixaylov: Ermənistan revanşist əhval-ruhiyyəsindən yox, reallıqdan çıxış etməlidir - MÜSAHİBƏ

image

“Heç bir təminat yoxdur ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlasalar belə, Ermənistan heç bir təxribat törətməyəcək”

Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov “Moskva-Baku” portalına müsahibəsində Ermənistanda Azərbaycanla bağlı səsləndirilən son revanşist bəyanatları şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Yevgeni Aleksandroviç, Ermənistanda müxalifət hələ də Qarabağdan potensial revanş mövzusundan ayrıla bilmir. Bu gün (dünən- red.) “Mənim şərəfim” fraksiyasının deputatı Anna Mkrtıçyan parlamentin zalında Ermənistanın Qarabağ və Şərqi Zəngəzur xəritəsini yapışdırıb, guya indiki hökumət əraziləri itirib...

- Ermənistan müxalifəti nəhayət reallığı qəbul etməli və Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın tarixi əraziləri olduğunu özünə xatırlatmalıdır. Təəssüf ki, erməni revanşizmi, millətçiliyi, yad ərazilərə iddiaları həmişə olub, var və olacaq. Bu, onilliklər, hətta əsrlər boyu birləşdirici və az qala müqəddəs bir ideya kimi erməni cəmiyyətinə təlqin edilən milli ideyadır. İnsanlar ona inanırdılar, amma sadəcə aldandılar.

İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti dırnaq içərisində erməni ultra-vətənpərvər adlandırılanlar üçün güclü şok oldu. Müxalifətin illərdir ölkədə Qarabağ gündəmini dirçəltməyə necə çalışdığını, neçə dəfə öz prizmasından Paşinyanın uzaqlaşdırılmasına çağırış etdiyini gördük. Lakin o, planlarını həyata keçirə bilmədi. Qarabağla bağlı vəziyyəti Ermənistana qaçan keçmiş separatçı rejimin eyni nümayəndələri zəif də olsa qızışdırırlar.

Qarabağ gündəmi obyektiv olaraq Ermənistan üçün aktuallığını itirib. Bu mənada Ermənistan hakimiyyəti haqlı olaraq “əsl Ermənistan”la məşğul olmağı təklif edəndə haqlıdır.

Obyektiv olaraq hətta Ermənistan müxalifətinin özü də anlayır ki, heç olmasa yaxın illərdə heç bir revanş almaq mümkün deyil. Amma o, Qarabağ “kartını” sadəcə olaraq Nikol Paşinyanı tənqid etmək üçün sıxmaqda davam edir, bu mövzudan hazırkı iqtidara qarşı istifadə edir, onu qızışdırır və hökumətin gündəminə alternativ olaraq öz gündəmini qurur. Eyni zamanda, müxalifət əhalinin layiqli yaşaması üçün real, adekvat gündəm təklif edə bilməz. Onun siyasəti tənqiddən başqa heç nə ilə məhdudlaşmır. Eyni zamanda, müxalifət Azərbaycan haqqında əhali üçün düşmən obrazı yaratmaqda davam edir. Və onlar Ermənistan hakimiyyətini Azərbaycanın maraqlarını az qala reallaşdırmaqda ittiham edirlər. Bütün bunlar cəfəngiyyatdır.

Revanş ehtimalı müxalifət üçün siyasi alətdən başqa bir şey deyil və əslində boş sözlərdir. Ermənistanın yaxın illərdə qisas almaq imkanı yoxdur. Ermənistana nə qədər çox silah göndərilsə, Azərbaycan da ordusunun səviyyəsini bir o qədər artıracaq. Düşünmürəm ki, Qərb Ermənistan Respublikasına sonsuz sərmayə qoymaq istəyəcək, nəinki onun üçün mübarizə aparmaq.

Eyni zamanda, biz onu da dərk etməliyik ki, dünyada beynəlxalq müqavilələr adekvat fəaliyyətini dayandırıb– “kim daha güclüdürsə, haqlıdır” məntiqinin keçdiyi vaxt gəlib çatmışdır.

Nikol Paşinyanın Azərbaycanla hələ də sülh sazişi imzalamaması da ölkədəki revanşist fon, müxalifətin Azərbaycan Respublikası ilə münasibət qurmaqla əhalini qorxutmaq cəhdləri ilə bağlıdır.

- Bundan başqa, Qarabağ separatçılarının keçmiş liderlərinin Bakıda keçirilən məhkəmə prosesini işıqlandıran Ermənistan mətbuatı vəziyyəti qeyri-insani, guya bu insanların heç bir günahı yoxdur kimi qələmə verməyə çalışır...

- Bu barədə yeni heç nə yoxdur. Erməni mediası həmişə reallığı təhrif etmək və qurbanı günahlandırmaq kimi bu rahat yanaşmadan istifadə edir. Ermənistan mediasının Qarabağ separatçılarının keçmiş liderlərinin Bakıda keçirilən məhkəmə prosesini işıqlandırma tərzi də anti-Azərbaycan təbliğat vasitəsidir. Şübhə yoxdur ki, bu, hərbi cinayətkarların ədalətli məhkəməsidir. Gördüyümüz kimi, qondarma “DQR”in keçmiş “prezidenti” Arayik Arutyunyan Azərbaycan xalqından bağışlanmasını istəyib. Əslində o, günahını etiraf edib.

Xaricdəki erməni diasporu və Azərbaycana dost olmayan rejimlər də separatçıların ədalətli mühakiməsi ətrafında mediada və başqa yerlərdə isteriya yaymağa çalışırlar.

- Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması Ermənistanda revanşist ritorikanın səviyyəsini azaldacaqmı?

-Qismən. Əgər möcüzə baş versə və Ermənistan ilk növbədə Azərbaycana yaraşan müqavilə imzalasa (çünki Bakı hər şeydən əvvəl güclü mövqedən, qalib mövqedən çıxış edir) Ermənistandakı revanşist hayqırtılar sönməyəcək, amma onların sayı azalacaq. Əgər Paşinyan həqiqətən də “əsl Ermənistan” məntiqinə əməl edib Azərbaycan və Türkiyə ilə tam dövlətlərarası münasibətlər qurarsa, təbii ki, Ermənistan əhalisi bundan ancaq faydalanacaq. Ticarət yaxşılaşacaq və ortaq layihələr ortaya çıxacaq. Eyni zamanda, Ermənistanda, prinsipcə, əhalinin şüurunu yönləndirmək, köhnə qondarma millətçilik dəyərlərini, yad ərazilərə iddia etmək dəyərlərini qonşulara və ümumi dövlətə hörmət dəyəri ilə əvəz etmək lazımdır. Doğrusu, bu, ideal şəkildir. Amma həyat və siyasət var. Heç bir təminat yoxdur ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi bağlasalar belə, Ermənistan heç bir təxribat törətməyəcək.

Şəxsən mən təəssüf ki, İrəvanın bu il sülh sazişi imzalayacağını düşünmürəm.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər