Siyasət

  • 1 287

Aleksey Fenenko: İrəvan illüziya içindədir, düşünür ki, Qərb ona Qarabağı qaytarmaqda kömək edə biləcək – MÜSAHİBƏ

image

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində Vaşinqtonun Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyinin səbəblərini izah edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksey Valeriyeviç, keçən həftə ABŞ dövlət katibi İlham Əliyevə zəng edərək bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etmək istəyir. Və Amerika hakimiyyəti Azərbaycanla əlaqələri yeniləmək, gücləndirmək və bu istiqamətdə yeni səhifə açmaq istəyir. O, həmçinin bəyan edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında maraqlıdır, çünki o, guya Mərkəzi Asiyadan malların Rusiya və Çin vasitəsilə deyil, Azərbaycan, Ermənistan və Türkiyə vasitəsilə nəqlinə şərait yaradacaq. Amerika nümayəndəsinin Bakıya səfərinin əsl məqsədi nədir?

- ABŞ Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Vaşinqton Ermənistana təsir edə biləcəyindən və hətta onu oyuncaq edə biləcəyindən narahat deyil, lakin Azərbaycanla eyni şeyi edə bilməz. Vaşinqton bunu qəbul edə bilməz.

Xatırladığımız kimi, Azərbaycanla ABŞ arasında münaqişə baş vermişdi və bu münaqişə bu günə qədər davam edir. Bu, Amerika dövlət katibinin köməkçisi Ceyms O'Brayenin ötən ilin sentyabrında Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra Bakını tənqid etməsindən sonra yaranıb. Azərbaycan hakimiyyəti səssiz qalmayıb və o vaxtdan bəri və bu gün ikitərəfli münasibətlərin illərində atdıqları müxtəlif anti-Azərbaycan addımlarını ABŞ-a xatırladır. Üstəlik, bu yaxınlarda Azərbaycan dövlətinin başçısı qeyd etdi ki, bu gün Azərbaycana ən çox təzyiq göstərən ABŞ və Fransadır.

Xatırladım ki, Azərbaycandan əvvəl O`Brayen Ermənistana iki günlük səfər edib və orada tərəflər strateji məsləhətləşmələr aparıblar. Və onlar ABŞ dövlət katibi, Ermənistanın baş naziri və Avropa Komissiyasının rəhbəri arasında bu ilin aprelində Brüsseldə əldə edilmiş üçtərəfli razılaşmaların icrasını müzakirə ediblər. İrəvanda keçirilən həmin məsləhətləşmələrdə ABŞ-la Ermənistan arasında münasibətlərin strateji səviyyəyə qaldırıldığı bildirilib.

Təbii ki, ABŞ dövlət katibinin köməkçisinin Bakıya səfəri ABŞ-ın Azərbaycana hansısa yolla təsir etmək üçün növbəti cəhdidir. Təzyiq yolu ilə deyilsə də, iqtisadi təkliflərlə. Xüsusilə, ABŞ Azərbaycanı Mərkəzi Asiyadan malların daşınması üçün əla məntəqə kimi görür. ABŞ hər şeyi elə təqdim edir ki, guya onlar həqiqətən Cənubi Qafqazda sülh, Zaqafqaziya ölkələri, Türkiyə, Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlıq istəyirlər.

Təbii ki, sadəcə olaraq, Moskva və Pekinə meydan oxuyaraq Rusiya və Çin üçün strateji olan regionlarla işləmək istəyi var. Rusiya və Çini onlara dost olan ölkələrə qarşı qoymaq cəhdi.

Mərkəzi Asiyadan gələn mallara qarşı qəfil “xeyirxah” narahatlıq bəyan edilmiş məqsədə nail olmaqdan başqa bir şey deyil- həm Rusiya Federasiyası, həm də ÇXR üçün strateji əhəmiyyət kəsb edən bölgələri sıxışdırmaq. Bu, Çinin “Bir kəmər, bir yol” layihəsinə zidd bir oyundur.

Və təbii ki, ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. ABŞ-da sülh sazişinin imzalanmasına ondan öz maraqları naminə istifadə etmək imkanı kimi baxırlar. Siz görürsünüz ki, ABŞ Ermənistan-Azərbaycan nizamlanmasında necə ikili oyun oynayır. Bir an Azərbaycanı tənqid edir, bir anda Bakıya münasibətləri yeniləməyi təklif edir, eyni zamanda Ermənistanla hərbi komponentdə birgə əməkdaşlığa razılaşır, təlimatçılarını göndərirlər. Və onlar daim sülh yolu ilə nizamlanmaya hansısa yolla töhfə vermək istədiklərini bəyan edirlər. Ziddiyyətli görünür.

Təbii ki, ABŞ-ın təkliflərinin Azərbaycanda böyük ehtiyatlılığa, o cümlədən Bakı ilə münasibətlərdə guya yeni səhifə açmaq istəyinə səbəb olacağı şübhəsizdir. ABŞ-ın əsas istəyi başqa dövlətləri manipulyasiya etməkdir.

Əslində, onların Cənubi Qafqaza öz çıxışları lazımdır və Ermənistan artıq bunun üçün çalışır. Qafqazın resurslarını əldə etmək üçün ona Xəzər dənizinə çıxış lazımdır.

ABŞ-ın siyasəti dəyişə bilməz. Başqa cür düşünmək sadəlövhlük olardı. Əgər ABŞ 1990-cı illərdən bəri bütün hökumətlər dövründə Azərbaycana qarşı eyni iddialar irəli sürürsə, nə danışmağa ehtiyac var?

ABŞ Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıqdan da narahatdır. Onlar da Bakının BRİKS ölkələri ilə yaxınlaşmasını istəmirlər.

Əgər Qərbin Azərbaycandakı vəziyyəti içəridən sarsıtması ssenarisinin mümkünlüyündən danışsaq, hesab edirəm ki, bu, real deyil. Rəngli inqilab təşkil etmək üçün güclü müxalifət lazımdır. Qeyd edək ki, rəngli inqilablar olan yerdə güclü millətçi müxalifət var idi. Bundan əlavə, Azərbaycanın çox güclü, qüdrətli hökuməti var. Qarabağdakı qələbədən sonra Azərbaycanda hansı hökumət əleyhinə hərəkat ola bilər? Heç biri. Ona görə də məncə, hakimiyyətin dəyişdirilməsi variantı real deyil. Baxmayaraq ki, ABŞ bunu istərdi. Axı zəifləri asanlıqla manipulyasiya etmək olar, lakin öz ölkəsinin milli maraqlarını müdafiə edən güclülər bunu etmir.

Ola bilsin ki, Azərbaycan həqiqətən də ABŞ-la hansısa iqtisadi layihələrə razılaşacaq, lakin Bakı, xüsusən də bugünkü geosiyasi vəziyyətdə Rusiyanın əleyhinə getməyəcək. Azərbaycan hakimiyyəti gözəl görünən konfet qablarının altında nələrin gizləndiyini yaxşı bilir. Deməli, ABŞ Azərbaycana təzyiq edə bilməyəcək. Üstəlik, Azərbaycan da qlobal Cənub ölkələri ilə fəal yaxınlaşma siyasəti apararkən, istənilən dövlətin suverenliyini qorumaq siyasəti həyata keçirir.

Bundan başqa, Amerika nümayəndəsinin Bakıda danışıqlar aparmaq üçün Azərbaycana səfəri və üstəlik, ABŞ-ın tamamilə fərqli məqsədlərini əhatə etsə də, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyi Vaşinqton tərəfindən Ermənistana bunun nümayişidir ki, əgər İrəvan Rusiyanın əleyhinə bütün tapşırığı icra etməsə, o zaman Qərb tərəfdaşları İrəvana verdikləri vədləri yerinə yetirməyi gecikdirə, hətta bəzi məsələlərdə Azərbaycanın tərəfini tuta bilərlər. Amma bütün bunlar təbii ki, siyasi taktika və oyundur.

- Ermənistanla ABŞ arasında münasibətlərin səviyyəsinin yüksəldilməsi bariz siqnaldır... Əgər Avropadan danışsaq, bu gün Ermənistan parlamentinin sədri bildirib ki, erməni xalqının ehtimal olunan baxışı Aİ-də olmaqdır. Və deyirlər ki, Ermənistan buna hazırdır...

- Ermənistan Amerika siyasətinin yolu ilə gedir və görünür, burada sona qədər getməyə hazırdır.

Biz yenə də İrəvandan bəyanatlar eşidirik ki, guya Ermənistan Qarabağı itirməsində Rusiya günahkardır. Aydındır ki, bu cür bəyanatları kimlər qızışdırır, kim Ermənistanı bu cür müzakirələr istiqamətinə yönəldir. Bu, tamamilə Amerika hekayəsidir.

Azərbaycanın ABŞ-ı niyə bu qədər açıq və müntəzəm tənqid etməsi təəccüblü deyil. Axı ABŞ Azərbaycanın Qarabağda antiterror tədbirlərindən sonra tamamilə ermənipərəst mövqe tutdular. Bundan əlavə, amerikalılar Azərbaycanda insan haqları problemləri ilə bağlı bəzi kampaniyalar təşkil etməkdə davam edirlər.

Amerikalılar gizlətmirlər ki, gələcəkdə Ermənistana NATO-dan kənar əsas tərəfdaşlardan biri statusu verilə bilər. Həm Azərbaycan, həm də Rusiya bunu son dərəcə qeyri-dost addımlar kimi qəbul edirlər.

Ermənistan da Avropa İttifaqına daxil olacağına inanır. Düzdür, bu, tamamilə qeyri-realdır. Bundan əlavə, o, ümid edir ki, Aİ ona Azərbaycandan qisas almaqda kömək edəcək; Onlar Ermənistan ordusuna böyük silah tədarükü və NATO islahatına ümid edirlər. Bunlar illüziya ümidləridir, amma Ermənistanda belə yalançı ümidlər var.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər