Siyasət

  • 543

İşğaldan azad edilmiş ərazilərdə müasır yol-nəqliyyat infrastrukturu - TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: "Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır"

Şanlı tariximizin Zəfər günlərinin üçüncü ildönümünü yaşayırıq. Müstəqilliyinin bərpasından sonrakı qısa zaman ərzində Cənubi Qafqazın ən güclü, ən qüdrətli dövlətinə çevrilən Azərbaycan İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsi ilə iki-əsrlik münaqişəyə, otuzillik işğala son qoydu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Vətən müharibəsində qazanılan şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoydu. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, yeni nəqliyyat kommunikasiyalarının açılmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.

QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN YOL-NƏQLİYYAT İNFRASTRUKTURU YENİDƏN QURULUR

Vətən müharibəsindəki parlaq zəfərdən sonra Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Ən müasir şəhərsalma nümunələri istifadə edilir. Ölkə başçısı Qarabağı nəinki regionun, bütün dünyanın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Bunu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulmasına dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması da aydın göstərir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir.

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı dediyi kimi, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilir. Öz kökünə dərindən bağlı olan xalqımız yurd-yuvalarına qayıdışı səbrsizliklə gözləyirdi. İnşa işləri məhz sakinlərimizin 30 illik həsrətinin bir az daha uzanmaması üçün sürətli, davamlı aparılır. Artıq Zəngilanda Ağalıda məskunlaşma var. Şəhərin Baş planı da təsdiq edilib.

Təxminən 2025-ci ildə böyük köç başlayacaq. Laçında doğma ocaqlar işıqlandırılıb, Füzulidə də məskunlaşmalar var. İlin sonuna kimi yurd-yuvasına qayıdanların sayı artacaq və artdıqca da düşmənin son ümidləri üzüləcək.Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə gələn il ən azı 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur: «Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib.

Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur».Böyük Qayıdış Proqramının icra olunduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur”.Bəli, Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu, məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

SON 20 İL ƏRZİNDƏ BÜTÖVLÜKDƏ 21000 KİLOMETRƏ YAXIN AVTOMOBİL YOLU, PROSPEKTLƏR VƏ KÜÇƏLƏR TİKİLMİŞ, YENİDƏN QURULMUŞ VƏ TƏMİR OLUNMUŞDUR

Ölkədə son 20 il ərzində bütövlükdə 21000 kilometrə yaxın avtomobil yolu, prospektlər və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunmuşdur. 2020-ci il ərzində 1385,3 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, qurulmuş və təmir olunmuşdur. Ən maraqlısı odur ki, son 20 ildə yalnız Bakı şəhərində 2000 kilometrdən çox yol çəkilmiş, yenidən qurulmuş və təmir edilmişdir. Bu müddət ərzində yalnız paytaxtda 83 yol ötürücüsü, 99 yeraltı və yerüstü piyada keçidi inşa olunmuşdur. 2210 yaşayış məntəqəsini birləşdirən kəndlərarası 5100 kilometr uzunluğunda avtomobil yolu tikilmiş, yenidən qurulmuş və təmir edilmişdir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heç vaxt yolu olmayan yerlərə də asfalt yol çəkilir. Təkcə 2021-ci ildə 700 kilometrə yaxın yol inşa edilib. Xüsusi olaraq vurğulanmalıdır ki, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu yaradılarkən ən müasir standartlar tətbiq ounur.

Digər bir mühüm amil ondan ibarətdir ki, yeni yolların çəkilməsində əsasən yerli materiallardan istifadə edilir. Cəmi 2 il əvvəlki vəziyyətlə hazırkı mərhələni müqayisə etdikdə dünyada bu sürət və keyfiyyətdə görülən işlərə rast gəlmək mümkün deyil. Azərbaycan dövləti yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad olunan ərazilərdə ən müasir standartlara uyğun yol-nəqliyyat infrastrukturları yaradır.Ümumiyyətlə, son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu formalaşıb. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan yolların keyfiyyətinə görə Asiyada 10-cu, dünyada 24-cü, MDB-də isə birinci yerdədir.

BÖYÜK QAYIDIŞA DAİR I DÖVLƏT PROQRAMI”NIN İCRASI ÜZRƏ 2300 KİLOMETR UZUNLUĞUNDA 21 YOL LAYİHƏSİNİN İCRASI PLANLAŞDIRILIB

Bu il sentyabr ayının 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitindəki çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu istifadəyə verilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsindəki qələbədən sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu çəkir.Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlqoyma mərasimində deyib ki, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır: «Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda, çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik. Çünki bu, bölgənin, Şərqi Zəngəzurun inkişafına lazımdır».

Dövlətimizin başçısı bildirib: “İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, - Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur, - eyni zamanda, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var”.Bir sözlə, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2300 kilometr uzunluğunda 21 yol layihəsinin icrası planlaşdırılıb. İndiyədək həmin layihələrdən 5-i tamamlanıb. İstifadəyə verilən yolların ümumi uzunluğu isə 185,3 kilometrə bərabərdir. Cari ilin sonunadək icrası tamamlanan layihələrin ümumi sayı 12-yə çatdırılacaq. 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, azad olunmuş ərazilərdə həyata keçirilən ilk yol-infrastruktur layihəsi Tərtər rayonunun Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən yolların bərpası oldu. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 3-də işğaldan azad edildi və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi vaxtda yolun çəkilişi başlandı. Suqovuşan və Talışın azad olunduğu günün birinci ildönümündə - 2021-ci il oktyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə bu istiqamətlərdə çəkilən avtomobil yollarının açılış mərasimi oldu. Çox mühüm əhəmiyyət daşıyan yollardan biri, əlbəttə ki, Ali Baş Komandan İlham Əliyevin Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yoludur. Bu, qalib Azərbaycan Ordusunun ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə salınan yoldur. Yolun tikinti işləri cəmi 10 ay ərzində həyata keçirilib. Bu səbəbdən deyə bilərik ki, nəinki regionda, hətta yol tikintisi tarixində belə genişmiqyaslı, qısa müddət ərzində respublika əhəmiyyətli yolun inşası aparılmayıb.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 2020-ci il noyabrın 16-da Füzuli rayonuna səfərləri zamanı yolun təməli qoyulmuşdu. Noyabrın 17-də dövlət başçısının imzaladığı sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan bu avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrıldı. 2021-ci il noyabr ayının 7-də isə dövlət başçısı yolun açılışını etdi. Ancaq onu da vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin tikintisi ilə mütəmadi olaraq maraqlandığı Zəfər yolu 2021-ci ilin sentyabr ayından istifadəyə verilmişdir.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurda inşa olunan yolların hər biri Vətən müharibəsindəki qələbəmizi, Ali Baş Komandan İlham Əliyevin quruculuq əzmini simvolizə edir, dünya bir daha Azərbaycanın gücünə, qüdrətinə heyran qalır. Bütün bu proseslər bir daha beynəlxalq ictimaiyyətə göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasət regionda sülhün, təhlükəsizliyin qarantı, qətiyyətinin bariz təcəssümüdür.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər