Siyasət

  • 1 166

Tolerantlığın mərkəzi - TƏHLIL

image

Prezident İlham Əliyev: "Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır"

Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Ölkəmizdəki tolerantlıq mühiti Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir. Multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Bu gün Azərbaycan dünyada multikulturalizmin ən mükəmməl modelini yaradıb. Artıq bu model ən inkişaf etmiş ölkələrin ali məktəblərində tədris olunur, elmi mərkəzlərdə öyrənilir, təhlil edilir. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Müasir Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və azad fəaliyyət göstərirlər. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanın bu sahədə öz təcrübəsini yaymasında maraqlıdır. Azərbaycan yüksək dəyərlərə sahib olan multikultural cəmiyyətdir.

Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Qeyd edək ki, xalqımızın tarixi keçmişindən qalan tolerantlıq və multikulturalizm prinsipləri ölkəmizin qanunvericiliyində də öz əksini tapıb.

DÜNYANIN 26 APARICI UNİVERSİTETİNDƏ "MULTİKULTURALİZMƏ GİRİŞ" TƏDRİS OLUNUR

Prezident İlham Əliyevin "Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq" təşəbbüsünün real həllini tapması məqsədilə "Azərbaycan multikulturalizmi" fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla icra olunur. Bu gün layihə geniş coğrafiyanı əhatə edir. Hazırda bu layihə çərçivəsində ölkəmizin bütün universitetlərində və bütün ixtisaslar üzrə, eyni zamanda, dünyanın 26 aparıcı universitetində "Multikulturalizmə giriş" və "Azərbaycan multikulturalizmi" fənləri tədris olunur. Tolerant dəyərlərin qorunduğu ölkəmizdə qış və yay məktəbi təşkil edilib. Yay və qış məktəblərinin iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət, tolerant əhvali-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında geniş məlumat verilir.

"AZƏRBAYCANIN 9 ŞƏHƏRİ VƏ YÜZLƏRLƏ KƏNDİ ERMƏNİSTAN TƏRƏFİNDƏN YER ÜZÜNDƏN SİLİNİB"

Qeyd edək ki, Azərbaycan multikulturalizm ideyasını irəli sürdüyü vaxtda, Ermənistan tərəfindən işğal dövründə saysız-hesabsız abidələrimiz dağıdılmışdır. Qarğabazar kəndində Cəlil türbəsi, Aşağı Veysəlli kəndində Mirəli turbəsi, Qocəhmədli kəndində məscid binası, Horadiz kəndində məscid binası, Horadiz kəndində İmamzadə türbəsi, Fuzuli şəhərində məscid binası, Aşağı Aybasandı kəndində İbrahim türbəsi və s. onlarla belə tarixi əhəmiyyətli abidələr işğal dövründə erməni vandallığına məruz qalmışdı. Ermənistanın işğalı nəticəsində saysız mədəni abidələr dağıdılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır: "Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir".

Bütün bunlar Ermənistan tərəfindən Azərbaycana qarşı olan ərazi iddiasının nəticəsində baş vermişdir. Azərbaycanın ən nadir tarixi abidələri onun tarixini, adət və ənələrini, onun mədəni kökünü özündə ehtiva edir. Amma Bakıda erməni kilsəsi qorunub-saxlanılır və bu gün də fəaliyyət göstərir. Təkcə elə bu fakt xalqımızın tolerantlığının bariz göstəricisidir.

"BİZ BU MÜSBƏT TENDENSİYALARI, MƏDƏNİ DİALOQU VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİ GÜCLƏNDİRMƏLİYİK"

Prezident İlham Əliyevin tolerantlığın inkişafına, möhkəmləndirilməsinə, təbliğinə diqqətinin məntiqi nəticəsidir ki, ölkəmizdə etnomədəni münasibətlər ən yüksək səviyyəsindədir. Azərbaycanda etnik mədəniyyətlərin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması, müxtəlif konfessiyalara hörmət və ehtiramın güclənməsi istiqamətində xeyli iş görülmüşdür. Dövləət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, tolerant mühit formalaşıb. Bütün dinlərə hörmətlə yanaşaraq müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət göstərilir, o cümlədən dini ocaqlara məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır", - deyə Cənab Prezident bildirib: "Biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir".

Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkəyə çevrilib. Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır.

"Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır", - deyə Prezident diqqətə çəkib ki, Azərbaycan daxilində mədəniyyətlərarası dialoq hər zaman müsbət olub. Prezident qeyd edib ki, multikulturalizm Azərbaycan vətəndaşları üçün hər hansı abstrakt məfhum deyil, həyat tərzidir. Azərbaycanda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa edilir, tikilir. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi, möhtəşəm Heydər Məscidi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, "Xilaskar" Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib.

Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir, onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən tam mühafizə edilir və mütəmadi olaraq bərpa edilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər