"Azərbaycanın nümunəsi təqdirəlayiqdir" ÖZƏL-MÖVQE

“Hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə dünya dövlətlərinin gündəliyinin əsas məsələsinə çevrilib. Dünyada ciddi səhiyyə və sosial-iqtisadi problemlərin yaranmasına səbəb olan pandemiyanın yayılma arealının məhdudlaşdırılması, onun fəsadlarının aradan qaldırılması məqsədilə həm qlobal, həm də milli səviyyələrdə tədbirlər görülür. Bu baxımdan, Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Respublikamız COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan etibarən özünün bütün imkanlarını pandemiyaya qarşı mübarizəyə səfərbər edib”. Bu fikirləri SİA-ya millət vəkili İlham Məmmədov deyib.Deputatın sözlərinə görə, ölkəmiz pandemiya şəraitində də özünün nümunəvi sosial siyasətinə sadiqlik nümayiş etdirir: "Azərbaycan hökuməti respublikanın daxili imkanlarına əsaslanaraq pandemiyaya qarşı mübarizədə səmərəli nəticələrin əldə olunmasına hədəflənən və müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı tədbirlər həyata keçirir. İnsanların həyatının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi ölkəmizin COVİD-19 pandemiyasına qarşı mübarizə gündəliyində əsas yeri tutur. Başqa sözlə desək, Azərbaycan dövləti pandemiya şəraitində də ənənəsinə sadiq qalaraq öz vətəndaşının yanında olmaq, onların qayğısına qalmaq nümunəsi sərgiləyir.“Respublikamızda pandemiya şəraitində Prezident İlham Əliyevin tapşırığına əsasən ən yaxşı və ən müasir texniki təchizata malik səhiyyə müəssisələri insanların sağlamlığının qorunmasına cəlb olunub. Ölkə üzrə belə xəstəxanaların sayı 20-dən çoxdur. Pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında xəstəliyin erkən mərhələdə aşkarlanması mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə paytaxt Bakıda və bölgələrdə qısa müddətdə 23 laboratoriya yaradılıb və dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla təchiz edilib ki, bunun da sayəsində testlərin yüksək səviyyədə və dəqiqliklə keçirilməsi təmin olunur. Yeri gəlmişkən, respublikamız adambaşına düşən testlərin sayına görə dünya miqyasında ön sıralarda yer alır. Eləcə də, ölkəmizdə pandemiya şəraitində, həmçinin əhatə dairəsi kifayət qədər geniş olan sosial tədbirlər həyata keçirilir. Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində reallaşdırılan bütün bu kimi tədbirlər Azərbaycan cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir.Bu günlərdə cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrindən dövlət başçımızın ünvanına çoxsaylı minnətdarlıq məktubları daxil olur. Həmin məktublarda vətəndaşlar onların sağlamlığının və sosial müdafiəsinin qayğısına qaldığına görə Prezident İlham Əliyevə minnətdarlıq hisslərini ifadə edirlər. Eyni zamanda, pandemiya ilə mübarizədə ölkəmizin nümunəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunu pandemiya şəraitində Azərbaycanın sıx əməkdaşlıq etdiyi Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsindən də görmək mümkündür. Son günlər isə infeksiyaya yoluxma hallarının artması vətəndaşların daha diqqətli və məsuliyyətli olmasını zəruri edir. İnsanlar hökumətin qərar və tövsiyələrinə ciddi əməl etməlidirlər ki, koronavirus bəlasından daha tez xilas ola bilək”.

sia.az