Mirzə Fətəli Axundzadə 1875-ci il aprelin 21-də Həsənbəy Zərdabiyə göndərdiyi məktubda yazırdı: Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin edəcəyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir.
Bəli, M.F.Axundzadə bu dəyərli fikirləri ilə mətbuatın dilimizin gözəlliyini, qrammatik qanunlarını qorumasını məsləhət görürdüsə, filologiya elmləri doktoru, professor Nəsir Əhmədli isə deyirdi ki, ixtisasından asılı olmayaraq hər bir ziyalı ana dilini mükəmməl bilməli, yeri gəldikcə onun təbliği ilə də məşğul olmalıdır.
Hər iki Azərbaycan ziyalısının dəyərli fikirlərindən yola çıxaraq bu gün həm mətbuatın, həm də ümumilikdə cəmiyyətimizin dilçilik qanunlarının əksinə getməsindən, nəticədə isə qram-qram yox olan qrammatikamızdan söhbət açmaq yerinə düşər.
Bizə bu haqqı kim verir...
Mətbuatdan başlayaq... O mənada mətbuatdan başlayaq ki, çünki dilin qanunlarının qorunması birbaşa onun vəzifəsidir. Çünki mətbuat öz “məhsulunu” bütün cəmiyyətə təqdim edir və bu “məhsulun” keyfiyyəti dilimizin qorunmasına xidmət etməlidir. Düzdür, bu gün əvvəlki illərdəki qədər qəzet dərc olunmur. İndi daha çox saytlardan, agentliklərdən informasiya alırıq. Deməli, bu, daha təhlükəlidir. Ona görə ki, hazırda insanların böyük əksəriyyəti telefon vasitəsilə internet aləmindədir və burada onlara təqdim olanların hər birini evdə, işdə, yolda-hər yerdə oxuyur, məlumatlanır və dilimizi necə təqdim ediriksə, onu o cür də göz yaddaşına köçürür.
Lakin gəlin görək, biz mətbuat işçiləri dilimizi düzgün təqdim edə bilirikmi? İndi hər kəs bilir ki, mediamız peşəkarlıq bir yana, Azərbaycan dilinin orfoqrafiyasını doğru-düzgün bilməyən, yazını necə başlayıb necə qurtarmaqdan xəbərsiz, səhlövhələri də yazıları kimi şablon jurnalistlərlə doludur. Bu jurnalistlərin əksəriyyəti həm də plagiatlıqla məşğul olur. Onun-bunun yazısından hissələr götürməklə, sərlövhələr oğurlayıb özünəməxsus şəkildə dəyişdirməklə “fəaliyyət” göstərirlər. Sözün həqiqi mənasında, bunu da düzüb-qoşa bilmirlər. Yazılarında qrammatik qanunlar isə kobudcasına pozulur.
Qəzetin ictimaiyyətə təsir qüvvəsini dərk edən hər bir mətbuat işçisi bilməlidir ki, kütlə tərəfindən oxunan məqalədə orfoqrafiya səhvi özünü qabarıq formada göstərəcək və bu, heç də yaxşı qarşılanmayacaq. Məsələn, paronim sözlər bir hərf fərqi ilə tamamilə başqa-başqa mənaları ifadə edirlər. Lakin bəzən mətbuat nümunələrində “əsl” sözünün “əsil”, “serviz”in “servis”, “mətn”in “mətin”, “atlaz”ın “atlas”, “hərf”in “hərif”, “kəsr”in “kəsir”, “nəfs”in “nəfis”, “sənəd”in “sənət”, “xeyr”in “xeyir” və onlarla saya biləcəyimiz bu qəbildən olan sözlərin səhv yazılması ilə qarşılaşırıq. Mətnlərdə bu cür yerinə düşməyən sözlər ümumilikdə cümləni dolaşdırır, onun başa düşülməsi çətinləşir. Bəzən isə yanlış məlumata səbəb olur.
Mətbuatımızın yaralı yerlərindən biri də “o”, “bu” şəxs və işarə əvəzliklərinin qarışdırılmasıdır. Şəxs əvəzliyi kimi işlədiləndə vergül qoymuruq, işarə əvəzliyi kimi işlədəndə qoyuruq və nəticədə belə cümlələr yaranır; “O Vətən oğludur”, hansı ki, burada “o”dan sonra vergül qoyulmalıdır. Və yaxud da “O, diyar başdan-başa gözəllikdir”, hansı ki, burada “o” işarə əvəzliyidir və vergül olmamalıdır.
Müasir mətbuatımız qoşasamitli sözlərin yazılışında samitlərin birini nədənsə ya ixtisara salır, ya da bir samit tələb olunan sözlər qoşasamitli yazılır. Məsələn, çox tez-tez rast gəlirik ki, “tövsiyə” sözü “tövsiyyə”, “hədiyyə” sözü “hədiyə”, “maliyyə” “maliyə”, “səciyyəvi” “səciyəvi” kimi yazılır. Eyni zamanda, birlikdə və defislə yazılan sözləri də bir-birindən aralayırıq. Məsələn, “qızılgül”ü “qızıl gül”, “paltaryuyan”ı “paltar yuyan”, “qab-qaca”ğı “qab qaçaq”, “bir-birini” “bir biri” kimi yazırıq.
Yazılarımızda tez-tez belə ifadələrə rast gəlinir: “ilk öncə”, “daha layiqincə”, “həyata keçirilmişdir”, “yüksək mütəşəkkillik”, “şum qaldırmaq”, “gəldiyimdə”, “getdiyimdə”, “görüşdüyümdə” və sair onlarla belə ifadələr. Hansı ki, ilk və öncə eyni mənanı ifadə edir. “Layiqincə” sözü özünü yüksək səviyyədə ifadə etdiyi üçün onun qarşısında “daha” sözünə ehtiyac yoxdur. Mütəşəkkillik də elə yüksək səviyyə deməkdir, burada “yüksək”ə ehtiyac qalmır. Qaldı “gəldiyimdə”, “getdiyimdə” sözlərinə, bunların “gələndə”, “gedəndə” ilə ifadə olunması dilimizin qrammatik xüsusiyyətinə uyğundur.
Hələ türk və rus dillərində şifahi nitqimizdə istifadə etdiyimiz sözlərin yazıya da tətbiqini demirəm. Qarşılığı ola-ola bəzi sözlərin ərəb, rus və türk dilində yazılmasını demirəm. Nə üçün belə edirik? Bizə bu haqqı kim verir?
Kimsə bizi küçədə təhqir etsə, itələyib yıxsa, ayağımızı ayaqlasa, həmin dəqiqə üz tutarıq hüquq-mühafizə orqanlarına ki, hüququmuz tapdalanıb. Bəs dilimizin tapdaladığımız hüquqlarının müdafiəsinə, mühafizəsinə kim qalxmalıdır?
Yazının bu yerində sözlərin düzgün seçilməməsi, cümlənin məna çalarına laqeydlik göstərilməsi, yersiz təkrarlara yol verilməsi ilə əlaqədar Xalq şairi Osman Sarıvəllinin narahatlığını və gileyini ifadə edən misraları yada salmamaq olmur.
Biz mənalı sözlərin keşiyində dururuq,
Lakin söz var, onu çox
İşlədirik, yoruruq.
Aramsız çeynənən söz
Üzdü dili, dodağı.
Təkrar yordu qələmi,
Yordu gözü, qulağı.
Həqiqətən ağırdır
İnsafla baxsaq əgər,
Çox da ki, yoxdur dili,-
Söz də dincəlmək istər.
Yazıq hərflər, nöqtələr, vergüllər...
Biz ətrafımızda canlı nə varsa, onun üçün təhlükə yaranan an “yazıq”,- deyib xilasına qaçırıq. Çünki özümüz də canlıyıq və hər bir canlının düşdüyü yazıq vəziyyətə biz də düşə bilərik.
Lakin tək canlılar yazıqdırmı? Heç bu barədə düşünən olubmu? Vallah, son dövrdə bəzi mətbuat orqanlarında oxuduğumuz yazılar və yaxud bəzi dövlət qurumlarında rastlaşdığımız sənədlər olur ki, bax, əsl yazığın hərf, nöqtə və vergülün olduğunu söyləyir.
Nə olar ki, cansız olanda. Cansız olanda, adam ona bu qədər məsuliyyətsizliklə, necə gəldi, yanaşar? Bir mətn oxuyursan, həm də adi mətn yox, xəbər, məqalə, məktub, deyirsən, İlahi, nə səbəbdən insanlar bu qədər aclıqla qarşılaşıb, bu hərfləri yeyib, üzərindən də su içiblər... Hələ nöqtə və vergülləri, digər durğu işarələrini demirik. İndi müasir gəncliyin bəzi nümayəndələri necə ki, əyin-başında, danışığında, davranışında dəblə gedir, dilimizin qrammatikasına da əl gəzdirib, onu dəblə ayaqlaşmağa vadar ediblər. Odur ki, ta durğu işarələri dəbdən düşüb. Onlara ehtiyac duyulmur. Vergüllər ümumiyyətlə, unudulub, nöqtə də ki, yada düşəndən düşənə qoyulur.
Beləliklə də oxuduğumuz xəbər, məqalə və məktublardan əsla baş açmayıb, başlayırıq yenidən oxumağa. Öz gücümüzə bir şey başa düşdük, düşdük, düşmədiksə, təəssüf olsun, deyib atırıq bir kənara. Yəni, deməyim odur ki, tək canlılar yazıq deyil. Onlardan da yazığı var, bunlar da hərf, nöqtə və vergüldür.
Düşünürsən ki, bax bu qrammatikamızın nə günahı var ki, insanlar onu bu günə qoyurlar? Ay bəylər, ay xanımlar, yaza bilmirsiniz, gedin, bildiyiniz işlə məşğul olun da. Yaza bilmirsiniz, nöqtənin harada, vergülün harada olacağını bilmirsinizsə, nə gəzirsiniz mətbuatda, nə gəzirsiniz dövlət qurumlarında? O qədər özəl işlər var ki, gedin başınızı salın aşağıya, özünüzə bab bir işlə məşğul olun da...Yazıq deyil bu hərflər, nöqtə və vergül? Nədir onların günahı?
İndi bəlkə onu da arzulayanlar var ki, nə olardı, Allah, elə bir qurğu olardı, bu hərfləri, nöqtə və vergülləri “kışlayıb” öz yerlərinə qovalayardı. Belə görürəm ki, onu da tapıb ortaya çıxaracaqlar. Necə ki, yerində olmayanlar var...
Yeni ünsiyyət “dili”
Mətbuatdan danışdıq, gəlin bir qədər də ümumilikdə cəmiyyətimizin dilimizin qrammatikasına vurduğu zərbədən danışaq. Danışmaqmı? Məncə, artıq bu barədə danışmaq deyil, həyəcan təbili çalmaq lazımdır. Çünki indi insanlar, xüsusən də cəmiyyətimizin böyük bir hissəsini təşkil edən gənclər sosial şəbəkələrdə yeni bir ünsiyyət “dili” yaradıblar. Bu yeni “dil” dilimizin qrammatik xüsusiyyətlərinə ağır zərbə endirir.
Faktlara nəzər salaq: “ Salam, canım, necəsən?”-“ slm cnm ncsn”, “Bu gün gəlirsən?”- “bugn gersən”, “Həyatım, universitetdəsən?” – “heytm unidsn“, “Səninçün çox darıxmışam, gəlirsən?” –“Sencn chox darxmwam gersn”, “Sağ ol, görüşərik”-“Saol gorwrk”, “Oldu”-“ok” kimi ifadə olunur. Budur, bir azərbaycanlının yazı forması: iingilislərin “w”su, türklərin “e”si, azərbaycanlıların bir neçə hərfi. Qeyd etdiklərim hələ gündəlik ünsiyyətin ən kiçik elementləridir. Gün uzunu dayanmayan, dincəlməyən insanlar sosial şəbəkələrdə öz aralarında formalaşdırdıqları bu yeni “dildə” səhifə-səhifə yazırlar, pozurlar. Və yazdıqca da dilimizin zənginliyinə, qrammatik xüsusiyyətlərinə zərbədir ki, endirirlər. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu cür yazı alışqanlığı insanların virtual “ həyat”ından real həyatına da keçib. Dilimizə aid olmayan hərflərə, sözlərə gənclərin mühazirə dəftərlərində, digər insanların nə iləsə bağlı idarə, müəssisə, təşkilatlara müraciət məktublarında, hətta mağazalardan alacaqları ərzaq siyahılarında da rast gəlmək olar.
Gəlin etiraf edək ki, bəzən anlayaraq, bəzənsə fərqinə varmadan dilimizin qrammatik xüssusiyyətlərinə zərbədir ki, endiririk. Öz üzərimizdə işləmirik, oxumuruq, öyrənmirik. Bəzən yazmağa ərinirik. Bilə-bilə ki, səhv yazırıq, düzəltmək istəmirik. Bəzənsə, məndən düzgün yazan yoxdur,- deyib savadsızlığımızı lovğalığımıza qurban veririk.
Gözəl və cazibədar dilimiz
Azərbaycan dili öz varlığını qorumaq üçün ardıcıl mübarizə aparmış, mənsub olduğu xalqla birlikdə inkişaf edərək çaxsahəli dünyəvi və elmi dil səviyyəsinə yüksəlmişdir. Bu işdə bədii söz ustalarımızın, ədəbiyyatımızın korifeylərinin əvəzsiz xidmətləri vardır. Onlar ümumxalq dilinə həmişə fəal münasibət bəsləmiş, onun zənginləşməsi və hərtərəfli inkişafı üçün böyük fədakarlıq göstərmişlər.
Tarixin müəyyən dövrlərində dilimiz düşmən qüvvələrin təzyiqinə, təcavüzünə məruz qalıb. Lakin xalqımız milli birliyi, milli qüruru sayəsində dilini qorumağa müvəffəq olub. Ulu Öndərimiz Heydər Əliyev bu ənənəni böyük əzmkarlıqla davam etdirmişdir. Onun xalqına olan sonsuz məhəbbəti ana dilimizi yüksəklərə qaldırmışdır. Ulu Öndərin ana dilinə münasibəti hər kəs üçün örnəkdir. O danışanda dilin səlisliyi, ahəngdarlığı, ifadəliliyi, obrazlılığı, fikrin çoxşaxəliliyi üz mimikasında tutmuş əl-qol jestlərinə qədər doğru-dürüstlüyü ilə insanı heyran qoyurdu.
Heydər Əliyev həm də dilimizin təəssübkeşi, qayğıkeşi idi. Məhz onun verdiyi fərman və sərəncamlarla dilimiz ən böyük qiymətini ala bilmişdir. Onun ana dilinə qayğısı sistemli xarakter daşıyırdı və o, Azərbaycan dilinin qorunub saxlanması, onun zənginləşməsi istiqamətində böyük işlər görmüşdür.
Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Azərbaycan dilinin analoqu yoxdur. Bu dilin şirinliyini, gözəlliyini, cazibəsini heç bir dildə tapmaq olmaz. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər, ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Çünki dilimiz varsa, biz də varıq.
Bu günün səhvini gələcək bizə bağışlamaz. Ona görə də belə həssas məsələlərdə bir-birimizə nəzarət etməli, onu ictimai qınaq obyektinə çevirməklə, bu gün qarşısını alıb sabaha aparmamalıyıq... Əks təqdirdə, hər gün bir az-qram-qram yox olan qrammatikamızla ümumilikdə Azərbaycan dilinə zərbə vurduğumuzu anlamalıyıq.
Mətanət Məmmədova
P.S. Əslində, dilin zənginliyinin göstəricilərindən biri də yazının qısa yazılmasıdır. Bu, həm də oxunaqlılığı artırır. Lakin “dərdli danışqan olar” misalı, çox danışmalı oldum...