“2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Ulu öndərin 100 illik yubileyinin dünya səviyyəsində təntənəli qeyd edilməsi, həmçinin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərinin, zəngin dövlətçilik irsinin və Azərbaycançılıq məfkurəsinin geniş təbliğ edilməsi, araşdırılması və öyrənilməsi məqsədilə dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu Sərəncamın icrasından irəli gələrək dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrləri geniş tədqiq ediləcək, yeniyetmə və gənclərə açılanacaq, müdrik şəxsiyyətin dünya miqyasında dövləti və milləti naminə fədakar zəhməti bir daha təbliğ ediləcəkdir”.Bu sözləri Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə ulu öndər Heydər Əliyevin həyat qayəsi dövlətinə və xalqına dərin məhəbbətdə idi. Tarixi hadisələr, faktlar onu deməyə əsas verir ki, xalqımızın ümummilli liderə olan inam və etibarı təsadüfi və əbəs deyil. Çünki Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış Azərbaycanı üzləşdiyi xaotik vəziyyətdən çıxaran, müstəqilliyini itirmək təhlükəsindən xilas edən, xalqımıza azadlıq və firavanlığı bəxş edən məhz ulu öndər Heydər Əliyevin polad iradəsi, yenilməz qüdrəti, sonsuz xalq sevgisi oldu.
Uzaqgörən dövlət xadiminin ikinci dəfə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı Heydər Əliyev zəkasının işığında yeni-yeni uğurlara qədəm qoydu. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsinə çevrildi. Bu gün də Azərbaycan bu dərin zəkanın parlaq işıqlarında inamla irəliləyir, nailiyyətləri ilə dünyada əsl nümunəvi dövlət modelini ortaya qoyur.
Rayon təşkilatının sədrinin bildirdiyinə görə tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Xüsusilə vurğulamaq lazımdır ki, xalqımızı vahid amal ətrafında birləşdirərək azərbaycançılıq ideologiyasının formalaşdırılması və geniş yayılması Heydər Əliyevin mükəmməl idarəçilik məktəbinin tərkib hissəsi idi. Heydər Əliyev öz ağlı, zəkası, yüksək siyasi iradəsi, idarəçilik qabiliyyətləri ilə bütün dünyanın diqqət mərkəzində idi.
Dövrünün ən nüfuzlu siyasətçiləri və dövlət xadimləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın dövlətinin və xalqın dünyada layiqincə tanıdılmasında əvəzsiz rol oynayıb. Eyni zamanda Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında ədalətli həlli istiqamətində bütün gücünü və əzmini səfərbər edib. Ulu Öndərin əsasını qoyduğu güclü iqtisadi inkişafın, ordu quruculuğunun nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atdı.
Dövlətçilik salnaməmizdə silinməz izlər qoyan, milli qürur və iftixar mənbəyimiz olan ümummilli lider Heydər Əliyevin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.
Onun zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq, təbliğ etmək isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.