Martın 6-da “Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Saatlı rayon təşkilatı tərəfindən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda tədbir keçirilib.
Mərkəzi Rayon Xəstəxanası ərazi partiya təşkilatında baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz tarixi xidmətləri barədə danışıb. Xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışan rayon təşkilatının sədri deyib ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, - söyləyən Ulu Öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb.
Qeyd olunub ki, Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Saatlı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Pərvin Məmmədov və digərləri çıxışlarında vurğulayıblar ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.