Heydər Əliyev-100

  • 42 757

Əsl məhəbbət haqqında hekayə -AİLƏ

image

Bütün insanlar bu dünyada öz yarını, ömür yoldaşını tapmaq istəyir, axtarır, arayır. Ruh əkizini tapıb xoşbəxt olan da var, zamanın sınağından keçə bilməyib sevgisindən əl çəkən də. İllərlə öz sevgiləri uğrunda mübarizə aparıb sonra qovuşmağı hər insan bacarmır. Hər insan onlar kimi əzmli olmur, hər insan onlar qədər dəyanətli də olmur. Amma onlar bacardılar, tarixə “Heydər və Zərifə” adlı bir sevgi hekayəsi də bəxş etdilər.

“Biz təkrar qarşılaşmalı idik”

O, böyük qardaşı Həsən Əliyevin çağırışı ilə onun dincəldiyi kurorta gedir, Kislovodska. Qardaşı orada onu ziyalı, mehriban bir ailə və onların gənc qızı ilə tanış edir. İlk görüşdə bu zərif qıza vurulan kiçik qardaşın - gənc Heydərin ürəyini təlatümə gətirən o qız Zərifə xanım idi. Heydər Əliyev sonralar o görüş haqqında danışanda həmişə belə bir cümlə işlədir: “O, ilk görüşdən mənim ürəyimə girdi”.

Bu görüşdən qısa müddət sonra Heydər Əliyev Leninqrada oxumağa gedir. Bir müddət Zərifə xanımla əlaqəsi olmur, haqqında heç nə bilmir, harada, nə işlə məşğul olduğundan xəbərsiz olur. Amma sonralar dözmür, qardaşına yazdığı məktublarda ehmalca Zərifə xanımı xəbər alır, Həsən Əliyev kiçik qardaşının hisslərini anlayır və Zərifə xanım haqqında öz məktublarında qardaşına yazır.

1950-ci ildə Heydər Əliyev Dövlət Təhlükəsizlik Nazirliyinin Ali Məktəbini bitirdikdən sonra Bakıya qayıdır, işləyir. Bu ərəfələr həm böyük qardaşı, həm anası onun ailə qurmasını arzulayır. O özü də ailə qurmaq istəyirdi, çünki artıq 27 yaşında idi və ailə qurmaq üçün əsil vaxt idi. Ona tez-tez qızlar göstərirdilər, birini seçib-sevməsini, evlənməsini məsləhət görürdülər. Lakin gənc Heydər ona göstərilən heç bir qızla evlənmək istəmir. Sonralar müsahibələrində deyirdi: “Onların hamısı çox gözəl, mədəni, yaxşı ailələrin qızları idi. Amma mənim içimdə bir hiss vardı ki, tezliklə Zərifə xanımı təkrar görəcəyəm”.

Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev ilə dostluq edən Heydər Əliyev bir gün onlara qonaq gedir. Zərifə xanımı təkrar gördükdən sonra hisslərindən əmin olan gənc həyatını qurmaq istədiyi xanımın, məhz o olduğunu anlayır. Göygözlü, ucaboylu, hərbi mundirli, yaraşıqlı gənc zabit Zərifənin diqqətini özünə çəkməyi bacarır. Hisslərinin qarşılıqsız olmadığını başa düşdükdən sonra fikrini qətiləşdirir. O vaxtadək Zərifə xanımın atası Əziz Əliyev Moskvada işləyirdi. O zamankı Azərbaycan rəhbərliyi Əziz Əliyevi yenidən Azərbaycana dəvət edir və o, Azərbaycan Nazirlər Sovetinin sədrinin müavini işləyir. Lakin sonralar o iş yerində sıxışdırılır. O vaxt bu sıxışdırılmaya Əziz Əliyevin Mircəfər Bağırovun postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlər təkan verirdi. Beləcə Əziz Əliyev işdən uzaqlaşdırılır.

“Ya işin, ya da sevdiyin qız!”

Heydər Əliyev xatırlayırdı: “Bir dəfə biz Zərifə xanımla görüşdük, o mənə dedi ki, biz artıq görüşə bilmərik. Səbəbini soruşdum. Dedi ki, atasını işdən çıxarıblar, mənim işlədiyim orqanla əlaqədar olaraq görüşməyimizi düzgün hesab etmir. O dedi ki, bizim münasibətimiz alınmaz. Etiraz etdim. Dedim bizim münasibətimiz kimin harada işləməsindən asılı deyil, nə onun atasının işdən çıxarılması, nə də mənim harada işləməyim bizə əngəl ola bilməz. Çünki bizim aramızda olan münasibət çox saf və səmimi hisslərdən ibarət idi. Biz həqiqətən bir-birimizi çox böyük məhəbbətlə sevirdik. Ona dedim ki, narahat olmasın. Dedi ki, o özü üçün narahat deyil, mənim üçün narahatdır, münasibətimizin mənim işimə pis təsir edəcəyindən çəkinir”.

Həmin vaxtlar Heydər Əliyevin Dövlət Təhlükəsizlik Nazirliyində işlədiyi zamanlar idi və bilirdi ki, Əziz Əliyev Dövlət Təhlükəsizlik Nazirliyinin nəzarətinə götürülüb, haqqında müxtəlif tədbirlər görülməsi planlaşdırılır. Görülən tədbirlər çərçivəsində Əziz Əliyevin ev telefonu da dinlənilirdi. Heydər Əliyev vaxtaşırı Zərifə xanımla telefonla da danışırdı. Bu zənglər zamanı onlar görüşmək üçün vədələşir, yer və vaxt təyin edirdilər. Gənc təhlükəsizlik işçisinin nəzarətdə olan bir şəxsin ailəsi ilə münasibətdə olması təbii ki, nəzərdən qaçmır. Heydər Əliyev bunu anlayırdı, lakin əhəmiyyət vermirdi.

Bir gün nazir Stepan Yemelyanov Heydər Əliyevi kabinetinə dəvət edir, bir qədər işdən söhbət edirlər. Daha sonra Zərifə xanımla olan münasibətini soruşur və atasının vəzifədən uzaqlaşdırılmasından söhbət açır. Bildirir ki, Mircəfər Bağırovun Əziz Əliyev haqqında fikri ürəkaçan deyil. Heydər Əliyevə təklif edir ki, Zərifə xanımla əlaqəsini kəssin, əks halda karyerasına ciddi maneə ola bilər, hətta orqandan xaric edilməsi də mümkündür. Heydər Əliyev həmin vaxt Bakıya tam yerləşməmişdi, evi yox idi, kirayədə qalırdı, ailəsindən uzaqda idi. Olanlar barədə o ailəsinə heç nə demir və işinə davam edir.

Onu işdən çıxarılacağı ilə hədələyirlər

Məhəbbətindən imtina etməyən Heydər Əliyev həm işinə, həm də sevgisinə zərər verməmək üçün yollar axtarır. Axı o həm işini, həm də Zərifə xanımı itirmək istəmirdi. Onlar Bakının ətrafında gözdən uzaq, qaranlıq, tənha yerlərdə görüşməyə davam edirlər. Bu görüşlərdən biri haqqında Heydər Əliyev belə danışırdı: “Bir görüşümüzü təyin etdiyimiz yerdə trolleybus dayanacağı vardı, qaranlıq, tənha yer idi. Mən kişi idim deyə qorxusuz-ürküsüz hər yerə gedirdim, üstəlik, silahım da vardı, zabit idim. Amma Zərifə xanım gənc və çox gözəl bir qız idi, diqqət çəkə bilərdi. Mən onu trolleybus dayanacağında qarşılayırdım, keçirdik qaranlıq, tənha bir yerdə gəzirdik, söhbət edirdik”.

Yemelyanov Heydər Əliyevi kabinetinə bir də dəvət edir və ona etdiyi xəbərdarlığı xatırladır, görüşdükləri barədə məlumatlı olduğunu bildirir. Həmin vaxt 29 yaşında olan Heydər Əliyev 50 yaşını ötmüş ahıl nazirə belə deyir: “Mən işimlə şəxsi həyatımı qarışdırmıram. İşimi sevirəm, məni işçi kimi qiymətləndirirsiniz, işimdə bir qüsur yoxdur. Lakin mənim həyatımın ikinci tərəfi, bəlkə də daha vacib tərəfi mənim gələcək ailəmdir, hissimdir, sevgimdir. Mən o qızı sevirəm, o da məni sevir. Mən ondan necə ayrıla bilərəm? Nə deyib ayrılım? Bu, mənim üçün çox ağırdır, ona səbəb demədən ayrıla bilmərəm. Ya gərək onu sevmədiyimi deyim, ya nöqsanlarının olduğunu deyəm. Axı bunların heç biri deyil. Mən ona necə deyim ki, təhlükəsizlik orqanlarında işləyə bilmək üçün səndən ayrılmalıyam. Yemelyanov ağıllı adam idi, təsdiqlədi dediklərimi. Dedim bəs mən nə edim? Dedi ki, özün bilərsən. Ancaq bil ki, işini riskə atırsan, gələcəkdə təhlükəsizlik orqanlarında işləməyin böyük sual altında olacaq, ehtimal ki, işini itirəcəksən”.

50-ci illərdə “İngilis bağı” deyilən ərazidə gecələr əl-ayaq çəkildikdən sonra görüşən gənclər münasibətlərinə davam edirlər. Bu ərazi Mircəfər Bağırovun evinin yaxınlığı idi. Həmin illər Əziz Əliyev haqqında təhlükəsizlik orqanlarında görülən tədbirlərdən xəbəri olan gənc zabit sonralar müsahibələrində deyirdi: “Mən bilirdim ki, Əziz Əliyev təmiz adamdır, onun heç bir günahı yox idi. O, ləkəsiz adam idi. Ancaq təəssüf ki, həmin dövrlərdə o qədər günahsız insanlar təhlükəsizlik orqanları tərəfindən cəzalandırılmışdı. Anlayırdım ki, günahsız olması onu xilas etməyə bilər.”

Onların sevgisi heç nəyə, heç kimə əyilmədi

1953-cü ildə Stalinin vəfatından sonra Mircəfər Bağırovun vəzifədən getməsi, nazir Yemelyanovun məhkum olması gənclərin gələcək həyatına da təsir edir. Onlar daha rahatlıqla, Heydər Əliyevin öz deyimi ilə desək, leqal yollarla görüşürlər. Vəziyyət getdikcə düzəlir, bir qədər sonra Əziz Əliyev layiq olduğu vəzifəyə qaytarılır.

Nəhayət, 1954-cü ilin noyabrında onlar evlənirlər. Bu, yığcam, rəsmi tələblərə uyğun musiqisiz bir məclis idi. Gənclər nikah mərasimindən sonra evdə kiçik bir məclislə evliliklərini qeyd edirlər. Məclisdə Əziz Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, Zərifə Xanımla Heydər Əliyevin anaları və yaxın qohumları iştirak edirdilər.

Onların sevgisi zamanın sınağından üzüağ çıxdı. Qarşılıqlı məhəbbət üzərində, təmənna güdülmədən qurulan ailə xoşbəxt idi. Gənc zabit Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı işi mürəkkəb idi və çoxlu vaxt tələb edirdi. O, gərgin rejimlə çalışırdı. Zərifə xanım isə artıq həkim kimi fəaliyyət göstərirdi, lakin ailənin bütün qayğılarını da öz üzərinə götürərək ömür-gün yoldaşının ağır işini bacardığı qədər yüngülləşdirməyə çalışırdı. Sonralar Heydər Əliyev həmin illərdə Zərifə xanımın dəstəyinin onun işi üçün nə qədər əhəmiyyətli olmasından danışırdı. 1982-ci ildə Ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım ömür-gün yoldaşını tək buraxmadı və uşaqlarla birgə Moskvaya köçdü.

Ölümündən sonra da sevmək...

Ailəsindən danışanda həmişə Zərifə xanım tərəfindən belə güclü sevilməsə xoşbəxt ola bilməyəcəklərini deyən Heydər Əliyev möhkəm və güclü ailə üçün ona bütün ömrü boyu minnətdar olduğunu deyirdi. Böyük bir sınaqdan keçən bu sevgi onların mübarizliyinin nəticəsində uzunömürlü ailəyə çevrildi, 30 il bir yerdə xoşbəxt ailə həyatları oldu.

Hər dəfə həyat yoldaşının qəbrini ziyarət edəndə, onun haqqında danışanda kövrələn Ümummilli Lider deyirdi: “Ən böyük təəssüfüm onun həyatdan tez getməsi oldu. 30 il bir yerdə yaşadıq, iki gözəl övladımız oldu, amma onun həyatdan erkən gedişi məni dərindən sarsıtdı. Uzun illər keçib, lakin mən onu hələ də sevirəm, ilk günkü kimi.”

Prezident İlham Əliyev də anası haqqında hər zaman böyük ehtiram və məhəbbətlə danışıb. O, Zərifə xanımın xüsusiyyətlərinə, mehribanlığına, təvazökarlığına heyran olduğunu deyir: “Anam atamın yalnız ömür-gün yoldaşı deyildi, eyni zamanda bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Ailəmizdə olan ab-hava, mühit, valideynlər arasında olan münasibətlər əlbəttə ki, bizi də tərbiyə edirdi. Yəni, ailədə tərbiyəni valideynlərin münasibətlərini görərək alırdıq”.

Onların timsalında insanlar əsl məhəbbətin nə olduğunu anladı, sevgisi uğrunda mübarizə aparmağı, sevgisi üçün işini itirməyi gözə almağı... Heydər Əliyev və Zərifə Əliyeva öz sarsılmaz sevgiləri, bölünməz ailələri ilə bəşəriyyətə əsl məhəbbət haqqında tarixi hekayə bəxş etdilər.

Lalə Mehralı

Digər xəbərlər