1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsasının qoyulduğu gün kimi yaşayır. Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəsinə gəldi.
Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 40 il keçməsinə baxmayaraq, xalqımız ulu öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir. Həmin dövrdən bəri nəsillər dəyişsə də, ulu öndərimizin qoyduğu siyasi-iqtisadi və ideoloji kurs xalqın bütün təbəqələri tərəfindən dəstəklənir. Ulu öndərimizin həmin dövrdən başlayan fəaliyyəti barədə millət vəkili Rauf Əliyev öz fikirlərini bizimlə bölüşdü:
- Azərbaycanın ən yeni tarixində iyun və iyul ayları xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, bu aylar ölkənin, xalqın, millətin taleyinin həllində çox vacib olan günlərlə zəngindir. 1969-cu ilin 14 iyulunu xatırlamaq kifayətdir. Bu gün, birmənalı şəkildə qeyd etmək olar ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütün parametrlərinə, statistik və qeyri-göstəricilərinə və nəhayət, Azərbaycan xalqının canlı yaddaşındakı yerinə görə bütün müqayisələrdən yüksəkdir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da aydın görünür. Yetər ki, Heydər Əliyev müdrikliyinin işığında addımlamağı bacarasan. Çünki 40 il öncə başlanan yol Heydər Əliyevin xalqı, milləti ilə bütünləşməsi, bütövləşməsi yolu olub. Bu illərin heç birini o xalqından ayrı, kənarda olmayıb. Və ən əsası odur ki, xalq, millət bu illər ərzində heç vaxt özünü Heydər Əliyevdən, Onun böyük və müdrik rəhbər dühasından ayrı görməyib. Ulu öndər Heydər Əliyev 40 il ərzində çox zirvələr fəth edib. Amma Onun fəth etdiyi ən böyük zirvə xalqının qəlbindədir. Ondan yüksək, uca zirvə yoxdur. Bu illər ərzində Heydər Əliyevin fəaliyyətini, etdiklərinin mahiyyətini anlayıb nəticə çıxarmaq üçün öncə o zirvənin möhtəşəmliyini dərk etmək gərəkdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 40 ilin hər səhifəsi Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsidir. Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.
Təkcə bir məqamı xatırlamaq kifayətdir ki, ulu öndər Heydər Əliyev 40 il öncə sovet rejiminin ən güclü vaxtlarında Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq bir məktəbin yaradılmasına nail olub. O məktəb ki, Azərbaycan müstəqil olandan sonra onun ordu quruculuğunun əsas tədris ocaqlarından birinə çevrildi. 36 il öncə həmin məktəbin müdavimləri olanlar indi Azərbaycan Silahlı Qüvvələrinin komandirləri, generallarıdır. Əlbəttə, indi bəziləri 1973-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasını bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma bu qərarı vermək üçün həqiqətən böyük iradə, cəsarət və uzaqgörənlik lazım idi.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, ölkənin investisiya cəlbediciliyinin təmin olunması və yenicə müstəqilliyini elan etmiş Azərbaycan dövlətinə güclü xarici investisiyaların cəlb edilməsi də məhz ulu öndər, xalqımızın xilaskar oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəyə uyğun olaraq, hazırda Azərbaycan Respublikasında nəqliyyat sektorunun müasir səviyyədə qurulması, infrastruktur sahələrinin təkmilləşdirilməsi, yeni yolların və yol ötürücülərinin tikintisi istiqamətində iri beynəlxalq, regional və yerli layihələr həyata keçirilməkdədir. Respublikamızda magistral avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması, qədim İpək Yolunun bərpası, regionlarda beynəlxalq səviyyəli hava limanlarının inşası, Bakı-Tbilisi- Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisinə başlanılması, paytaxt Bakı şəhərində bir-birindən yaraşıqlı, möhtəşəm körpülərin və digər yol ötürücülərinin istifadəyə verilməsi nəqliyyat sektorunun imkanlarını xeyli genişləndirmişdir.
Ümummilli liderimiz Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun müəyyənləşdirdiyi müqəddəs yol daim müdrik xalqımızın yeganə ümid və istinadgah mənbəyi olaraq qalır. Hazırda onunla qürur duyuruq ki, bu uğur magistralında bizə ulu öndərimizin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31 oktyabrında "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirir.