Konfutsi insanlıq və insan haqları


Bəşər tarixinin ən müdrik filosoflarından olan çinli Konfutsi insanlıq və insan haqları haqqında dərinmənalı fikirlər söyləmişdir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Müşfiq Şükürov (Ötgün) illərlə, böyük zəhmət hesabına dahi filosofun "Söhbətlər və mühakimələr" kitabı əsasında yazdığı "Tanımadığımız Konfutsi" əsərində yazır: "2500 il əvvəl Qədim Çində yaşamış, bəşər tarixinin ən böyük müəllimlərindən, filosoflarından sayılan Konfutsinin (Kon-Cı, Kun-Fu-Cı, latınlaşdırılmış adı Confucius, ehtimalən e.ə. 551-479-cu illərdə yaşamışdır) şəxsiyyətinə olan maraq daim yüksəkdir. Azərbaycanda da bu marağın yüksək olmasına baxmayaraq, onun haqqında əsas mənbə olan "Lun Yü" ("Söhbətlər və mühakimələr") bu günə qədər tərcümə olunmamışdı. Təqdim olunan kitabda Azərbaycan oxucusu, ilk dəfə olaraq, tam şəkildə Lun Yünün orijinal mətni ilə tanış ola biləcəkdir. Azərbaycan dilinə tərcümə, bu qədim mətnin ingilis, rus və türk dillərindəki tərcümələrinə əsasən gerçəkləşdirilmişdir. Kitab kanonik olaraq, 20 fəsil, 499 deyimdən ibarət təqdim olunur. Bəzi tərcüməçilər müəyyən deyimləri bu və ya digər mülahizələr üzündən birləşdirərək, onların sayını fərqli verirlər. Çinlilərin isə Lun Yünü 499 deyimdə təqdim etmələri rəqəmlərə olan inanclarından doğur (4 rəqəmi ölümü, 9 isə ölümsüzlüyü təmsil edir). Mətnin özü ilə tanışlıq nəticəsində görmək olur ki, deyimlərin sayı daha çox ola bilərdi. Lakin şərqlilər rəqəmlərlə oynamağı çox sevərlər.
Konfutsi barədə nə bilirik? Qədim dövrün bütün müdrikləri haqqında olduğu kimi, Konfutsinin doğulması və uşaqlığı barədə də şişirdilmiş təsəvvürlər mövcuddur. Məsələn, deyirlər ki, ənənəyə uyğun olaraq, onun bədənində Konfutsinin böyük gələcəyini təsdiqləyən 49 işarə varmış (yenə 4 və 9). Bir də deyirlər ki, guya uşaqlıqda o, yaşına uyğun oyunlardan xoşlanmazmış. Ən sevimli məşğuliyyəti isə müdriklər və ağsaqqallarla ünsiyyət imiş".
İndi isə onun "Lun Yü" - "Söhbətlər və mühakimələr" kitabına müraciət edək:
- İnsaniliyin olduğu yer gözəldir. Ona görə də, birisi seçim olduğu halda, insaniliyin olmadığı yerdə məskunlaşmaq qərarına gəlirsə, onu ağıllı saymaq olarmı?
Gedirlər. Elə bir işə gedirlər ki, orada doğru danışa bilməyəcəklər. Doğru işləyə bilməyəcəklər. Özləri ola bilməyəcəklər. Gedirlər. Təki pulu, rüşvəti çox olsun.
Müəllim dedi:
- İnsanilikdən məhrum insan nə uzun müddət yoxsulluğa, nə də səadətə dözə bilmir. İnsani olanlara insanilik həzz verir, müdriklər ondan böyük fayda götürürlər.
İnsanilikdən məhrum insan uzun müddət yoxsulluğa dözə bilməyəcək - rüşvətxorluq, oğurluq və quldurluq yolunu tutacaq.
İnsanilikdən məhrum insan səadətə də dözə bilməyəcək - quduracaq. Səadətini öz başına uçuracaq.
Nəciblərin xəzinəsi və səadəti isə daima onlarladır - insanilik! İnsanilik həqiqi xəzinə və həqiqi səadət sayılanadək nəcibləşmək gərək.
Müəllim dedi:
- Yalnız insani olan insanları sevməyi və onlara nifrət etməyi bacarır.
Alçaqların alçaqlığa hiddətində saxtalıq olar.
İnsan doğmasına tam olaraq nifrət edə bilməz.
İnsanları sevmək - onlarla ədalət, xeyir və gözəllik əsasında davranmaqdır. Balaca adam bunu bacara bilərmi?
Konfutsi deyərdi:
- İnsaniliyə səmimi canatma insanı pisliklərdən təmizləyir.
Arzuların həyata keçmək kimi bir xüsusiyyəti vardır.
Prinsipcə, nəyi arzulayırsansa, ona çatırsan. Əgər bəşər neçə min il ərzində insaniliyə çatmayıbsa, deməli, ortada səmimiyyət problemi var.
"Biz axirət savabını istəyənin savabını artırar, dünya qazancını istəyənə də, ondan verərik. Lakin onun axirətdə heç bir payı olmaz" (Quran, 42:20).
"Diləyin, sizə veriləcək; axtarın, tapacaqsınız; qapını döyün və sizə açılacaq" (İncil, Matta, 7:7).
Konfutsi deyərdi:
- Var və vəzifə - insanların sevdikləri budur. Əgər onlara yalnız yola xəyanət edərək nail olmaq mümkündürsə, onları istəməyin. Yoxsulluq və acizlik - insanların sevmədikləri budur. Əgər onlardan yalnız yola xəyanət edərək, yaxa qurtarmaq mümkündürsə, onlara səbr edin. Nəcib kişi insaniliyini itirərsə, nəcibliyə necə nail ola bilər? Nəcib kişi, hətta yemək zamanı belə insaniliyindən ayrılmır. O, tələsəndə də onunladır, təhlükədə olanda da.
Əslində, Yer üzündə heç zaman Allaha inam problemi olmayıb. İnsanların əksəriyyəti çox böyük rahatlıqla mənsub olduqları mədəniyyətin, dinin Tanrı (və ya tanrılar) sistemini qəbul edərlər və hansı magik formul gərəkirsə, onu da dillər əzbəri edərlər. Bunu Tanrı da bilir:
"And olsun ki, onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq "Allah", - deyə cavab verəcəklər! Elə isə necə döndərilirlər?" (Quran, 43:87). Zira, "Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?" (Əhdi Ətiq, Yeşaya, 42:19).
Daha çətini haqqa, ədalətə və mərifətə inamdır. Allahın məzmunu onlar üçün qeyri-müəyyən, ədalətin məzmunu isə bəllidir axı. Bu məsələdə insanlar bir şey deyər, başqa cür hərəkət edərlər. İnsaniliyə görə mərhumiyyətə dözməzlər. Var-dövlət və vəzifə həşirində insaniliyi rahatca tapdayıb keçərlər. "Nəcib kişi, hətta yemək zamanı belə insaniliyindən ayrılmır. O, tələsəndə də onunladır, təhlükədə olanda da".
Konfutsi insaniliyə xəyanətin kökünü qazımağı öyrədir: iştahan oyananda izlə insaniliyə xəyanəti; ağız açılanda, göz yumulmur ki?
Tələsəndə müşahidə et insaniliyə xəyanəti. Onda ki, davranış tamamilə avtomatizmlə, vərdiş olunmuş reaksiya modellərinə tabe olur. İnsaniliyə qarşı etinasız olmursan ki, o zaman?
Və nəhayət təhlükə. Təhlükəyə qədər insan olmaq deyə bir praktika da var biz insanlar arasında.
Nəcib kişi təhlükə anında belə insaniliyindən ayrılmır, ana balasından ayrılmayan təki.
Müəllim dedi:
- Mən insaniliyi sevən və qeyri-insaniliyə nifrət edənlərə rast gəlmədim... İnsaniliyi sevənlər ondan yüksək heç nə tanımazlar. Qeyri-insaniliyə nifrət edənlər özləri hökmən insaniliyə riayət edərlər; çalışarlar elə davransınlar ki, qeyri-insani şeylər onlara bulaşmasın... Bütün gün ərzində insan qalmağa kiminsə gücü çatacaqmı? Mən buna gücü çatmayacaq birisinə rast gəlmədim... Bəlkə də belələri var, amma mənə rast gəlmədi.
Qeyri-insaniliyə nifrət ondan uzaqlaşmaq qətiyyətindən güc alır. Balaca adam qeyri-insaniliyə ardıcıl nifrət bəsləyə bilmir, çünki ondan tam olaraq ayrılmaq fikri yoxdur. Qeyri-insani texnologiyalar onun da yaşamının ayrılmaz hissəsini təşkil edir.
İnsaniliyi, həqiqətən tanıyanlar ondan yüksək heç nə tanımazlar.
Qeys Leylini görüncə, yuxusu ərşə çəkilən kimi.
Bütün gün ərzində insan qalmaq! Konfutsi adamlara ən asan görünənin, əslində, çox çətin olduğunu göstərməyə çalışır. İnsaniliyin əldə olunmamasının ən böyük əngəllərindən biri də onun asan nailiyyət sayılmasıdır. Bir gün insan kimi yaşaya bilərsənmi? Fikir versən, heç bir saat da insan kimi yaşaya bilmədiyini anlayacaqsan, deyir Konfutsi.
Müəllim dedi:
- Səhvlər onları edəndən asılıdır. İnsanın səhvlərinə bax, onun insanilik dərəcəsini anlayacaqsan.
Dərin yaşayan insan səthi səhvlər buraxır, səthi yaşayan insan - dərin. Səhvlərin xarakteri, həqiqətən də, onları buraxan insandan xəbər verir.
Müəllim deyərdi:
- Əgər səhər doğru yolu dərk etsən, axşam rahat ölmək olar.
Bircə gün yaşayan kəpənəklər olur. Bir gün ərzində bütün həyat tsiklini tamamlayaraq ölə bilən varlıqlar.
Əslində, bir günün, həyatın mənasını gerçəkləşdirmək üçün kifayət olduğunu deyir Konfutsi. Əgər bir günü insan kimi tam mərifətlə yaşamaq mümkün olsa. Lakin biz o bir günü 70-80 illik ömürlərimizdə heç cürə yaşaya bilmirik, çox zaman.
Müəllim söylədi:
- Doğru yolu dərk etməyə can atan elm talibi pis geyim və yeyəcəyinə görə utanırsa, onunla elm barədə danışmağına dəyməz.
Elmi, pis geyim və yeyəcəyindən narahat olmayacaq qədər istəkli olanlar əldə edə biləcəklər.
Elmi zənginlik kimi görməyənə nə elm öyrətmək olar?
Müəllim dedi:
- Nəcib kişi göyün altında heç nəyi əzizləyib, heç nəyə etinasızlıq etmir. Ədalətə görə addım atır.
Balaca adamlar sevgi oğrularıdır. Onlar bütün dünyaya, insanlara verə biləcəkləri sevgini onlardan oğurlayar və 3-5 "yaxınlarının" üzərinə yağdırarlar. Sevgiyə eqoistik yön verər, onu şikəst və iqtidarsız edərlər.
Bu baxımdan, balaca adama nəcib kişinin davranışını anlamaq çətindir.
Belə bir nəcibliyi İsanın davranışında da izləmək və təəccüblənmək mümkündür: "İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. İsaya xəbər verdilər: "Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər". İsa onlara cavab verdi: "Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib, ona əməl edənlərdir" (İncil, Luka, 8:19-21).
Bəli, nəcib kişi heç kimi əzizləmir və heç kimə də etinasızlıq etmir... "Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O, bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. İsa dedi: "Mənə toxunan kim idi?" Lakin hamı bunu inkar edəndə, Peter dedi: "Ustad, izdiham Səni əhatə edib sıxışdırır. Sən isə soruşursan, mənə toxunan kim idi?" Amma İsa dedi: "Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim." Qadınsa gizlənə bilmədiyini gördükdə, titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. İsa da ona dedi: "Qızım, imanın səni xilas etdi. Arxayın get" (İncil, Luka, 8;43-48).
Nəcib kişi ədalətə görə addım atır.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru