Azərbaycan Respublikasının dövlət siyasətində insan hüquqlarının müdafiəsi

Bu gün Azərbaycan Respublikasının dövlət siyasətində insan hüquqlarının müdafiəsi aparıcı yerlərdən birini tutur.

Azərbaycanda ictimai həyatın bütün sahələrində həyata keçirilən uğurlu islahatlar insan hüquq və azaldlıqlarının müdafiəsini daha da möhkəmləndirir. Bu məqamda Hikmət Babaoğlunun yazdıqları yerinə düşür: "Müasir demokratik cəmiyyətdə mövcud olan milli hüquq-müdafiə mexanizmlərinin səmərəliliyi, ilk növbədə, dövlətin bu sahədəki fəaliyyətindən və onun müvafiq istiqamətdə həyata keçirdiyi siyasətdən asılıdır. Çünki birincisi, dövlətin insan hüquq ve azadlıqlarının müdafiəsi üzrə fəaliyyətlə məşğul olmağa borclu olan orqanlar sistemi vardır. İkincisi, dövlətin öhdəsində təkcə pozulmuş hüquq və azadlıqların müdafiəsi və bərpa edilməsi üçün deyil, həm də belə pozuntulara yol verməmək üçün səmərəli vasitə vardır. Üçüncüsü, təkcə dövlət orqanının qəbul etdiyi normativ akt bütün digər aktlara münasibətdə zəruri mütləq qüvvəyə malikdir. Dördüncüsü, dövlətin əlində insan hüquq və azadlıqların pozulmasında günahkar olanları məsuliyyətə cəlb etmək üçün məcburetmə aparatı vardır".
XX əsrin sonlarında müstəqillik qazanın Azərbaycan Respublikası 1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində qəbul edilən Bəyannamədə BMT Nizamnaməsinin 1-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq öz seqmentində insan hüquq və azadlıqlarının müdafiəsini ön plana çəkdi, beynəlxalq öhdəlikləri yerinə yetirərək, insan haqlarını müdafiə etdi.

Azərbaycan Respublikasının dövlət siyasətində insan hüquqlarının müdafisi:

* Konstitusiyada;
* Qanunvericilik aktları.
* Digər rəsmi sənədlərdə öz əksini tapmışdır.

Politoloqlar belə düşünürlər ki, insan hüquqlarının müzakirəsinə dair beynəlxalq müqavilələr şəxslərə bilavasitə hüquqlar vermir: "Bu müqavilələr, məhz dövləti orada "möhkəmlənmiş" insan hüquq və azadlıqlarına hörmət etmək və onların təmin edilməsi üçün bütün lazımi tədbirləri görmək öhdəliyi müəyyən edir, Təsadüfi deyildir ki, 1948-ci ildə qəbul edilmiş "İnsan hüquqları haqqında ümumi Bəyannamə" bütün xalqların və dövlətlərin görməli olduqları bir vəzifə kimi elan edir ki, hər bir insan, cəmiyyətin hər bir orqanı maarif və təhsil yolu ilə həmin hüquq və azadlıqlara hörmət edilməsinə, mütərəqqi milli və beynəlxalq tədbirlər vasitəsilə onların xalqlar arasında səmərəli tanınmasının və həyata keçirilməsinin təmin olunmasına səy göstərsinlər".
Bu gün Azərbaycan cəmiyyətində insan hüquqları ideyası artıq gerçəkləşmiş, ictimai şüurda möhkəmlənmişdir. Çünki Azərbaycan Respublikası:
- dövlət səviyyəsində insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət yetirir.
- Bu hüquq və azadlıqların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür.
Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev 29 sentyabr 1994-cü il tarixdə BMT-nin Baş Məclisinin 49-cu sessiyasında bəyan etmişdir: "Bizim Respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur... Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarnın müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur".
Azərbaycan Respublikasındakı reallıqlarla BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədəki fikirlər: "Bütün insanlar azad doğulurlar, ləyaqətli və hüquqi cəhətdən bərabərdirlər".
Politoloqların rəylərinə əsasən, belə hesab etmək olar ki, insan hüquqları ideyası dövlət hakimiyyətinin məhdudlaşdırılması məsələsi ilə sıx bağlıdır; bu, bir sıra muddəalarda öz əksini tapır: bütün etnik, dini və mədəni müxtəlifliyə baxmayaraq, insan hüquqlarının gözlənilməsi ictimai inkişafın və əmin-amanlığın çox mühüm meyarıdır; müxtəlif mədəniyyətlər müstəvisində insan hüquqları öz praktik reallaşma səciyyəsi ilə fərqlənir; doğulduğu andan hər bir insan təkrarolunmaz və qiymətli varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var; insanın ləyaqətinə toxunmağa, onun muxtariyyətinə müdaxilə etməyə dövlətin ixtiyarı yoxdur; hər bir hakimiyyətin öz həddi-hüdudu var; hər bir kəs öz hüquqlarını qoruyaraq, dövlət qarşısında müəyyən tələblər irəli sürə bilər; fərdin azadlığı cəmiyyətin digər üzvlərinin azadlıqlarının məhdudlaşdırılması hesabına reallaşdırıla bilməz və s. Deməli, "vətəndaş-dövlət", "cəmiyyət-dövlət" münasibətləri optimal təşkil olunub tənzimlənməlidir ki, insanın hüquqları etibarlı surətdə təmin edilsin. Bu münasibətlər sisteminin keyfiyyət xassələri, məzmunu həm obyektiv, həm də subyektiv amillərdən, o cümlədən, milli-mədəni ənənələrdən, mənəvi irsdən, cəmiyyətdə dinin rolundan və onun səciyyəvi xüsusiyyətlərindən, bəşəri dəyərlərə həssaslıqdan və s. asılıdır. Bu halda, kompleks sistemli təhlilə ehtiyac yaranır, beləliklə də, fəlsəfənin üzərinə məsuliyyətli bir vəzifə düşür: aktuallıq kəsb edən bir sıra sualları cavablandırmaq, zəruri ümumiləşdirmələr aparmaq. Təbiidir ki, dövr dəyişir, ictimai mühit yeniləşir, qarşıya yeni problemlər çıxır. Bu problemlər kompleksinin tədqiqat və miizakirə obyektinə çevrilməsi, insan hüquqlarının daha etibarlı təmin olunmasına münasib şərait yaratmaq imkanlarının axtarılması çox vacibdir.
İnsan hüquqlarının müdafiə edilməsi bu gün Azərbaycan Konstitusiyasında əsas yer tutur. Azərbaycanda qanunun aliliyinin təmin olunması insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasında əsas rol oynayır, insan hüquqlarının qorunmasını yüksək şəkildə həyata keçirən Azərbaycan beynəlxalq imicini daha da artırır dünyada ən demokratik ölkə kimi tanınır.
İnsan hüquqlarının inkişafı prosesi bir-birinə qarşılıqlı təsir edən istiqamətlərdə baş verir. İnsan hüquqlarının milli sistemləri fərdin azadlıqlarının həyata keçirilməsinə özünün bəzən spesifik olan yanaşmasını müəyyən edir. Beynəlxalq səviyyədə isə insan hüquqları standartlarının unifikasiyası baş verir.
Beləliklə, tamamilə aydın görünür ki, bir tərəfdən, insan hüquqları problemi hər bir insana aid olan mövzudur, digər tərəfdən isə, bu problem ayrıca olaraq, bir dövlət çərçivəsində mövcud deyil, beynəlxalq hüquqi-siyasi fəaliyyətin obyektidir və onun tədqiqi sahəsinin genişləndirilməsi ictimai proseslərin müasir inkişafında vacib istiqamət kimi çıxış edir.
Politoloq Hikmət Babaoğlunun fikrincə, müstəqillik illəri ərzində, Azərbaycanın ictimai şüurunda insan hüquqları ideyasının möhkəm təsdiq edilməsi həm də qanunauyğun şəkildə ölkədə getdikcə genişlənmiş ümumi demokratikləşmə prosesləri ilə bağlıdır. Yeni Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standarlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürmüş və onunla razılaşmışdır ki, bu hüquqlar təbii və ayrılmazdırlar.
Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini, məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır. Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaratmış, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit etmişdir. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiya tənzimlənməsi ölkənin Əsas Qanununda bu sahədə mövcud olan bütün beynəlxalq standartlara cavab verən insan və vətəndaş hüquq-azadlıqlarının bütöv kompleksinin tam və ardıcıl təsbit olunmasına imkan vermişdir. Bütün bunlara, həmçinin, respublikamızda aparılan islahatlar da yönəlmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair dövlətdaxili vasitələr müvafiq beynəlxalq norma və vasitələrlə tamamlanır. Bu sahədə ümumən tanınmış beynəlxalq prinsip və normalara hər bir dövlətin, o cümlədən, Azərbaycanın normaları və aktlarının uyğunlaşdınlması prosesi, ilk növbədə, insan hüquq və azadlıqlannın müdafiəsi mexanizmlərin təkmilləşdirilməsinə yönələn dövlətdaxili milli xarakterli tədbirlər sisteminin yaradılmasını nəzərdə tutur.
Azərbaycanda hələ müstəqilliyin ilk illərindən insan hüquq və azadlıqlarının müdafiə olunmasına dair aşağıdakı mühüm dövlət əhəmiyyətli fərman və sərəncamlar qəbul edildi:
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarnın təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı, 4 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı, 1998-ci ildə " İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı bu qəbildən olan normativ-hüquqi sənədlərdir. 28 dekabr 2001-ci ildə "Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir. 2001-ci ildən etibarən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "İnsan hüquq və azadlıqlarının müdafiəsinə həsr olunmuş qərarların toplusu" dərc olunur.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru