“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Göygöl rayonunda tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev ulu öndər Heydər Əliyevin ölkəmizi müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və əbədiyaşar ideyalarının xalqımızın firavan həyatının təmin olunmasına, dövlətimizin güclənməsinə misilsiz töhfələr verdiyini, Azərbaycanı daim zirvələrə yüksəldəcəyini qeyd edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik daim özünü göstərib. O, Azərbaycanın müstəqilliyini təmin etmək və ölkəmizi tərəqqi yoluna çıxarmaq kimi ağır və məsuliyyətli işin öhdəsindən müdrik siyasəti ilə gəlmişdir.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırdı.
Göygöl şəhər Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə Quliyeva vurğulayıb ki, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.