MİA

  • 8 584

Yuri Boçarov: Müharibəni silahlar deyil, insanlar udur və ermənilərin bununla bağlı problemləri var” – MÜSAHİBƏ

image

İsrailli politoloq, siyasi elmlər namizədi, Aziznews.com saytının redaktoru Yuri Boçarov “Caliber” analitik mərkəzinə müsahibəsinda Ermənistanın destruktiv siyasəti haqda maraqlı məqamlara toxunub. Müsahibəni oxucularımıza təqdim edirik.

— Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Ermənistan bu bloku tərk edəcək, yoxsa bu, İrəvanın növbəti şantajıdır, siz necə düşünürsünüz?

— Təbii ki, bu, Ermənistan rəhbərliyinin sırf Moskvanı şantajıdır. Lakin bu, təəccüblü deyil, çünki şantaj Ermənistanın xarici siyasətinin əsas üsullarından biridir.

— Fransa Ermənistanı fəal şəkildə silahlandırır, regionda yeni münaqişəyə səbəb olur. Yaxın gələcəkdə belə hadisələrin baş verməsi ehtimalı yüksəkdirmi?

— Bu gün dünyanın bir çox ölkələrinin Cənubi Qafqazda öz iqtisadi və siyasi maraqları var. Mən bir tərəfdən Rusiya, Çin, İran, digər tərəfdən isə İngiltərə, ABŞ, Fransanı nəzərdə tuturam. İndi isə mənə elə gəlir ki, fəal olmağa çalışan fransızlardır. Onlar Ermənistanı silahla təmin etməklə, görünür, Ermənistan hökuməti ilə təmaslarda öz üstünlüklərini ortaya qoymaq istəyirlər və bununla da onlara hərbi və siyasi dəstəklərini nümayiş etdirirlər. Çətin ki, fransızlar bu regionda ciddi hərbi münaqişədə maraqlıdırlar, məncə, bu, onlara lazım deyil. Lakin çox güman ki, ilkin şantaja əlavə olaraq, xırda təxribatlar hələ uzun müddət davam edəcək.

— Fransanın Ermənistana verdiyi silahların keyfiyyətini və imkanlarını necə qiymətləndirirsiniz?

— Unutmayın ki, Fransa dünyanın əsas silah istehsalçılarından və ixracatçılarından biridir. Amma digər tərəfdən də başa düşməliyik ki, silahların keyfiyyəti bir şeydir, ordunun döyüş qabiliyyəti başqadır. Son onilliklərin müharibələrinin göstərdiyi kimi, qalib gələn silah deyil, insanlardır. Erməni “döyüşçüləri” nəyə qadir olduqlarını 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı da sübut ediblər. Ona görə də əminəm ki, Azərbaycanla qarşıdurmada onlara heç bir yeni, çox dəqiq, çox güclü silah da kömək etməyəcək.

- Ermənistanın Qərbə qəti dönüşünə ehtimal verirsinizmi?

— Təbii ki, Qərb Rusiyanın faktiki olaraq bütün səylərinin Ukrayna cəbhəsində NATO bloku ilə qarşıdurmaya yönəldiyi indiki məqamdan istifadə etməyə, Cənubi Qafqazda maraqlarını irəli sürməyə çalışır. Lakin çətin ki, Moskva bu prosesə müdaxilə etməyəcək. Hesab edirəm ki, maraqlı dövlətlərin qüvvələri bərabər olsa da, Ermənistan ikitərəfli təzyiqlərə məruz qalacaq.

— Yəni Fransanın Qafqazda sıxışdırılması çətin olacaq?

— Artıq dediyim kimi, Fransanın Qafqaza daxil olmaq istəyən çoxlu rəqibləri var ki, onlardan da əsası ABŞ-dır. Odur ki, fransızların yaxın gələcəkdə Cənubi Qafqazdakı “Ermənistan” layihəsinin əsas “liderlərinə” çevrilməsi və Ermənistan hakimiyyətini pərdə arxasından idarə etməsi çətin ki mümkün olsun. Güclər arasında Cənubi Qafqazın “hökmdarı” rolunu Fransaya vermək maraqları həddən artıq çoxdur.

— Regionumuzda gələcək prosesləri necə görürsünüz?

— Qafqazda siyasi vəziyyət bir qədər dalana dirənib. Əslində yuxarıda adlarını çəkdiyim əsas oyunçuların hamısı ipi öz istiqamətlərinə çəkirlər, maraqları üst-üstə düşmür. Ona görə də çətin ki, yaxın gələcəkdə onlardan heç biri Ermənistanı tamamilə öz tərəfinə çəkə bilsin, hətta İrəvan qəti olaraq Moskvanın, Parisin, Vaşinqtonun və ya başqasının tərəfini tutsa belə. Amma bu o demək deyil ki, bütün digər geosiyasi oyunçular bununla kifayətlənəcək və ya hər şey yoluna düşəcək və Cənubi Qafqazın quruculuğu ilə bağlı konkret işlərə başlanacaq. Yox. Heç kim sakitləşməyəcək və hamı bu qarşıdurmada “qalibin” çarxına ling qoymağa davam edəcək. Deməli, təəssüf ki, yaxın gələcəkdə Ermənistanda, deməli, bütün Cənubi Qafqazda sabitlik gözlənilmir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər