MİA

  • 9 308

Rusiya XİN keçmiş müavini Qərblə Ermənistanın Qafqaz planlarından danışdı - MÜSAHİBƏ

image

Andrey Fyodorov: “Ermənistan Qərbdən tam hərbi dəstək zəmanəti alıb və regionda geosiyasi uyğunluğu dəyişir”

Ermənistan daha bir NATO ölkəsi ilə əməkdaşlığı gücləndirir. Yunanıstanın müdafiə naziri Nikolaos Dendias İrəvana səfər edib. Ötən ilin dekabrında tərəflər hərbi-texniki əməkdaşlıq haqqında Saziş imzalayıblar və ona uyğun olaraq təcrübə mübadiləsi, təhsil, təlim, taktiki hazırlıq və digər sahələri əhatə edən bu əməkdaşlığı “yeni güclə” inkişaf etdirmək barədə razılığa gəliblər. Yunanıstan nazirinin İrəvana səfərindən əvvəl Ermənistanın baş naziri Afinaya işgüzar səfər edib və səfər zamanı hərbi müqavilənin icrası da müzakirə olunub.

İrəvanda keçirilən danışıqlarda Ermənistan və Yunanıstanın müdafiə nazirləri Ermənistan-Yunanıstan-Kipr və Ermənistan-Yunanıstan-Hindistan-Fransa formatlarında hərbi əməkdaşlığını müzakirə ediblər.

Nikolaos Dendias qeyd edib ki, xeyli sayda erməni hərbçi Yunanıstanın hərbi təhsil müəssisələrində əlavə təlim keçib, həmçinin erməni şirkətlərini hərbi sahədə innovativ tədqiqatlarda iştirak etməyə dəvət edib.

Xatırladaq ki, Yunanıstan nazirinin səfərindən əvvəl İrəvana Fransanın müdafiə departamentinin rəhbəri Sebastyan Lekornu səfər edib və İrəvan ötən ilin oktyabrında da hərbi əməkdaşlıq haqqında saziş imzalayıb. Fransalı nazirin fevralın 22-23-də İrəvana səfəri zamanı tərəflər Fransa tərəfindən PGM snayper tüfənglərinin tədarükü, erməni hərbçilərinin Sen-Sir-Koetkidan Hərbi Akademiyasında təlim keçməsi, zabitlərin hazırlanması ilə bağlı əlavə sazişlər imzalayıblar.

Lekornu Fransanın Ermənistana hava hücumundan müdafiə sistemləri üzrə ixtisaslaşmış hərbi təlimatçı göndərəcəyini təsdiqləyib.

Ümumiyyətlə, Ermənistan son vaxtlar NATO ölkələri: ABŞ, Fransa, Yunanıstan, Böyük Britaniya, həmçinin Hindistan və Kiprlə hərbi əməkdaşlığı intensivləşdirib. Bundan başqa, Avropa İttifaqı Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardım göstərməyə hazır olduğunu bildirib.

Bütün bunlar nə deməkdir? Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991) Andrey Fyodorov “Moskva-Baku” portalına müsahibəsində prosesi şərh edib.

- Andrey Vladimiroviç, Ermənistan NATO ölkələri ilə hərbi sahədə əməkdaşlığı artırır. O, Rusiya haqqında getdikcə daha qəribə ifadələr səsləndirməkdə davam edir. Son günlər Ermənistan hakimiyyətinin bir neçə nümayəndəsi ölkədə Rusiya sərhədçilərinin olmasına qarşı iddialar səsləndirib. Ermənistan parlamentinin spikeri isə Moskva, Bakı və Ankaranı Qarabağ məsələsində əlbir olmaqda ittiham edib...

- Məsələ ondadır ki, artıq Ermənistanda Rusiyanın iştirakı ilə təhlükəsizlik sistemindən imtina ilə bağlı siyasi qərar verilib. Və həll yolu indi ardıcıl olaraq həyata keçirilir. Söhbət hərbi strategiyanın bütün aspektlərinə, o cümlədən silah təchizatı məsələsinə, Qərb ölkələri ilə birgə təlimlərə, Ermənistan hərbçilərinin NATO standartlarına uyğun yenidən hazırlanmasına aiddir və artıq həyata keçirilir. Tezliklə Ermənistan yeni milli müdafiə və təhlükəsizlik konsepsiyasını qəbul edəcək, bu proses əslində son mərhələdədir. Gələn ildən Ermənistan tamamilə Qərb dövlətlərinin təchiz etdiyi silahlara keçəcək. Həmçinin, ola bilsin ki, yaxın vaxtlarda Ermənistan Rusiya sərhədçilərinin Ermənistan ərazisindən çıxarılması məsələsini qaldıracaq. Bir ay və ya ay yarımdan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mümkünlüyü ilə bağlı mövqe açıqlana bilər.

Bundan əlavə, Nikol Paşinyanın danışdığı Ermənistanın KTMT-də “dondurulmuş” üzvlüyü respublikanın blokdan yekun çıxışı sualını gündəmə gətirir, qanuni çıxış zaman məsələsidir.

Beləliklə, Ermənistan bu gün öz təhlükəsizliyinin məntiqini və strategiyasını tamamilə dəyişəcək.Bu gün Fransa bu istiqamətdə çox fəal işləyir.

Ermənistana silah almaq üçün pul lazım deyil. Onlar respublikaya Qərb dövlətləri tərəfindən yardımlar şəklində göndəriləcək və göndərilməkdədir. Fransa üçün Ermənistana 100 milyon avro xərcləmək problem deyil.

Bu gün gördüyümüz Qərbin Cənubi Qafqaza nüfuz etmək, Rusiyanı kənara çəkmək, Transqafqazda yeni geosiyasi tarazlıq yaratmaq istəyidir. Ermənistanın müdafiə təhlükəsizliyi konsepsiyasının dəyişməsi təkcə Rusiya üçün deyil, ilk növbədə Azərbaycanın probleminə çevriləcək. İrəvan Bakını çətin vəziyyətə salmaq istəyir. Ermənistanla Qərb arasında müdafiə sahəsində əməkdaşlığın sürətləndiyi bir şəraitdə Azərbaycanı isə gələcəkdə həqiqətən çətin anlar yaşayacaq, bu vəziyyət Azərbaycan üçün bir sıra problemlər yaradacaq.

Bundan əlavə, İrəvan mükəmməl başa düşür ki, Avrasiya İqtisadi İttifaqından çıxmağa ehtiyac yoxdur. Amma onu Aİİ-dən xaric etmək olmaz. Ermənistan ancaq öz xoşu ilə gedə bilər, lakin bu, onun üçün sərfəli deyil. Axı onun iqtisadi təhlükəsizliyi əsasən Aİİ-yə üzvlük sayəsində əldə edilir.

- Ermənistan hakimiyyəti də Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu almaq istəyindən danışmağa başlayıb...

- Bu doğrudur. Bu məsələdə vəziyyət çox aktiv şəkildə inkişaf edəcək. Ermənistanın Aİ-yə üzv olmaq üçün əla namizəd olması tezisi Fransa tərəfindən müxtəlif dünya strukturlarında irəli sürüləcək. Artıq bununla məşğul olanlar var ki, onlar bunu necə həyata keçirməklə bağlı müvafiq layihə hazırlayıblar. Ermənistanın Aİ-yə üzvlük üçün müraciət etməsi qaçılmaz olur.

Amma eyni zamanda, Ermənistan həqiqətən də Aİ ilə iqtisadiyyat üzrə ayrıca saziş bağlamalıdır ki, bu da ölkəyə Avropa bazarlarında öz maraqlarını reallaşdırmağa və bununla da Rusiyadan iqtisadi asılılığı azaltmağa imkan verəcək.

- Sizin təsvir etdiyiniz situasiyada Bakı ilə İrəvan arasında sülh müqaviləsindən danışılası bir şey yoxdur?

- Sülh müqaviləsi uzun müddət "yatmaq" üçün xüsusi bir "yastıq" dır. Ermənistan sülh müqaviləsinin zəruriliyindən danışa bilər, amma heç nə etmir, əslində bu taktikanı seçib. İrəvanın sülh müqaviləsindən açıq şəkildə imtina etməsinin mənası yoxdur. Ermənistan hakimiyyəti də Ermənistanın sülhsevər ölkə olduğunu nümayiş etdirməlidir. Amma İrəvanda başa düşdülər ki, sülh müqaviləsi mövzusunu susdurmaq Ermənistana müəyyən siyasi üstünlüklər verir və bundan (xüsusən də hərbi üstünlük olmadığı halda) istifadə edilməlidir.

Təəssüf ki, Ermənistanın qəbul etdiyi açıq-aşkar qərbyönlü vektor fonunda Rusiyanın İrəvanı sülh müqaviləsi bağlamağa məcbur etmək imkanı sıfıra yaxınlaşır. Əgər Zelenskinin Ermənistana planlaşdırılan səfəri baş tutsa- bununla bağlı danışıqlar hələ də davam edir-, bundan sonra Rusiya-Azərbaycan-Ermənistan formatında görüşlər barədə danışmaq çətin olacaq. Ermənistan belə bir səfərdə maraqlıdır.

- Ermənistanın qonşularının- Rusiya, Azərbaycan, İran, Türkiyənin- Qərblə münasibətləri asan olmayan ölkələr olması faktoru Qərbin Ermənistanda mövqelərinin möhkəmlənməsində və İrəvanın xarici siyasətdə hansı addımları seçəcəyində məhdudlaşdırıcı rol oynaya bilər?

- Yox, bacarmaz. Bu gün İrəvanı Qərb tərəfdaşlarının fikrindən başqa heç kimin fikri maraqlandırmır. Kiminsə illüziyaları varsa, onları qidalandırmağı dayandırmağın vaxtı gəldi. Bu gün Ermənistana həqiqətən təzyiq göstərmək çətindir. İrəvan Qərbdən icazə alıb ki, Ermənistana tam hərbi dəstək verilir. Bu, indi İrəvan üçün ciddi kozıra çevrilmiş amildir. O, Ermənistanın xarici siyasət addımlarında sözün əsl mənasında hər şeydən üstün olacaq.

- Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Ermənistan məsələlərinə, İrəvanın addımlarına nə qədər vaxt ayırdığını görürük. Antalya Forumunun yekunlarından sonra Sergey Lavrov İrəvana siqnal verdi ki, Moskva Ermənistan hakimiyyətinin gördüyü və dediyi heç nəyi nəticəsiz qoymayacaq.

- Bəli, Rusiya Ermənistanla diplomatik münasibətlərin səviyyəsini səfirdən müşavirliyə qədər endirə bilər. Rusiyanın Ermənistanı tamamilə tərk etməsinin mənası yoxdur. Bu, bizim maraqlarımız üçün son dərəcə zərərlidir. İqtisadi təzyiq variantları ilə çıxış etmək olar, Rusiya ərazisində işləyən Ermənistan vətəndaşlarına təzyiq göstərmək olar, məsələn, Ermənistan vətəndaşlarının Rusiyada avtomobil hüquqlarının tanınmaması mövzusu kimi. Bu cür variantlar mümkündür, lakin bu, mənim fikrimcə, münasibətlərimizdəki vəziyyəti daha da pisləşdirəcək. Hesab edirəm ki, indiki hakimiyyətin dövründə Ermənistana istənilən sərt təzyiq onun Rusiyadan ayrılması prosesini sürətləndirəcək.

Təzyiq olacaq- Ermənistan da Aİİ-də qərarların qarşısını almağa başlayacaq. Bu da Rusiyaya zərər vuracaq. Ona görə də Kreml İrəvanın addımlarına belə yumşaq reaksiya verir, çünki gələcəyə baxır, daha geniş fikirdədir. Və burada diqqətli mövqe ondan ibarətdir ki, postsovet məkanında görülən hər şey təhlükə altına düşə bilməz. Ermənistanın Aİİ-dən çıxması maraqlı tərəflər tərəfindən yaxın xaricdə Rusiya konsepsiyasının iflası kimi qiymətləndiriləcək.

Zaqafqaziyada vəziyyət daha bir dalana dirənib. Moskva üçün hazırda baş verənlər strateji əhəmiyyətli məsələdir, çünki bu, regionda qüvvələr balansının dəyişməsini nəzərdə tutur.

Eyni zamanda, məsələn, Rusiya ilə Azərbaycan arasında münasibətlər bu gün sabitdir. Bu gün Moskva ilə Bakının münasibətlərində heç bir problem yoxdur. Ümumi bir anlayış var ki, Cənubi Qafqazın iqtisadi infrastruktura ehtiyacı var, lakin onun təhlükəsizliyi təmin edilməlidir. Rusiya da, Azərbaycan da buna hazırdır. Amma Ermənistan deyil. Və Ermənistanın vektor dəyişikliyi ilə bağlı Rusiya və Azərbaycanın hansı addımlar atmalı olacağı, hansı imkanların olduğu hadisələr inkişaf etdikcə bilinəcək.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər