Heydər Əliyev-100

  • 6 023

İdarəetmədə Heydər Əliyev zəkası – DƏYİRMİ MASA

image

Azərbaycanda ictimai-siyasi sabitliyin memarı siyasətçilərin gözü ilə

Sovet İttifaqının parçalanması və respublikaların İttifaqdan ayrılaraq müstəqil yaşamağa başlamasından sonra iqtisadi əlaqələrin kəsilməsi, dövlət planlaşdırması və idarə edilməsi ləğv edildiyindən, xarici bazara sərbəst çıxış olmadığından xammal və texnologiyalar əldə edə bilməyən zavod-fabriklər sıradan çıxdı, təsərrüfat böhrana düşdü, ordu dağılmağa başladı, sosial tənəzzül yaşandı. Sosialist iqtisadi sistemindən kapitalizmə keçid prosesi özü ilə çoxsaylı problemlər gətirdi. Yaranmış vəziyyət təcili tədbirlər görülməsini, iqtisadiyyatda, müdafiədə, sosial siyasətdə dönüş yaradılmasını tələb edirdi. Lakin 90-cı illərin əvvəllərində respublika hökuməti bu işin öhdəsindən gələ bilmədi. Vəziyyət yalnız 93-cü ilin ortalarından- ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra dəyişməyə başladı.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra da apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"lardan növbətisi təşkil olundu. "Dəyirmi masa"dakı müzakirələrə Yeni Azərbaycan Pariyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, siyasi ekspert Abutalıb Səmədov, Yeni Azərbaycan Partiyasının veteran üzvü Valeh Seyfiyev iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açdı. O qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman "dəyirmi masa"lar təşkil edib və bu masa ətrafındakı söhbətlər həmişə maraqla qarşılanıb. Budəfəki "dəyirmi masa" söhbətinin mövzusu isə adı Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyev və Onun Azərbaycanın taleyindəki əhəmiyyətli xidmətləridir:

"Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu gün qonaqlarımızla Ulu Öndərin xatirəsini yad etməklə yanaşı, Onun Azərbaycanın müstəqilliyi uğrunda həyata keçirdiyi işlərdən danışacağıq”.

YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ulu Öndər Heydər Əliyevin bir siyasi xadim və şəxsiyyət kimi bənzərsiz xüsusiyyətləri haqqında söhbət açaraq, onun uzaqgörən bir siyasətçi və lider, vətənini və həmvətənlərini hər şeydən üstün tutan bir vətəndaş, olduqca diqqətcil və qayğıkeş bir insan kimi örnək olduğunu qeyd edib: “Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələ təşkil edib. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı.

Heydər Əliyev öz misilsiz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazan, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan böyük tarixi şəxsiyyət ünvanına yüksəldi. Heydər Əliyev azərbaycanlı olmasından necə böyük qürur duyurdusa, bizlər, dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılar da onunla fəxr edir, qürur duyuruq. Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünya baxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. 1990-cı illərin əvvəlində - tarixinin bu böhranlı məqamında da xalq ümidini böyük oğlu Heydər Əliyevə bağlamışdı. Xalqın şüurunda Heydər Əliyev təkcə 1970-80-ci illərdəki quruculuq fəaliyyəti ilə deyil, həm də blokada şəraitində yaşayan Naxçıvandakı gördüyü işlərlə Azərbaycanın gələcəyinə ümidlə baxmağa əsas yaradırdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir dövrə - inkişaf və tərəqqi dövrünə qədəm qoydu, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi. Məhz Ulu Öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı və dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrildi. Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, məqsədyönlü fəaliyyəti sayəsində dünya güclərinin hesablaşdığı müasir, müstəqil Azərbaycan beynəlxalq münasibətlər məkanında öz layiqli yerini tutub.

Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Bu gün həmin ərazilərdə bərpa-quruculuq işləri aparılır”.

YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov çıxış edərək regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının ölkədə aparılan bütün mütərəqqi işlərin önündə getdiyini, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirdiyini və bu sahədə bir çox uğurlara imza atdığını vurğulayıb: “Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.

Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın 30 illik tarixi zəngin və şərəfli inkişaf yoludur. Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır. Tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün onun əbədiyaşar ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi düzgün və məqsədyönlü siyasət ölkəmizin inkişafını şərtləndirən əsas amillərdəndir.

Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir”.

Yazının davamı sabahkı sayımızda...

Lalə Mehralı

Digər xəbərlər