“Heydər Əliyev İli” çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Şahmat turniri keçirilib.
Şahmat turnirində Nizami rayonunun 22 təhsil müəssisəsi üzrə 45 təmsilçi iştirak edib, öz məharətini və intellektini göstərib.
Turnirin bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildiriblər ki, Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub. Azərbaycan daha böyük yüksəlişə Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedir.
Çıxışlardan sonra təltifetmə mərasimi keçirilib.
Qızlar arasında birinci yerin qalibi 210 saylı orta məktəbin şagirdi Hüsniyə Qayıbova, ikinci yerin sahibi 70 saylı orta məktəbin şagirdi Yasəmən Fərziyeva olub, üçüncü yeri isə 229 saylı orta məktəbin şagirdi Nəzrin Süleymanlı tutub. Oğlanlar arasında isə birinci yerin qalibi 129 saylı orta məktəbin şagirdi Tunar Davudov, ikinci yerin sahibi 251 saylı orta məktəbin şagirdi Rəvan Satırov olub, üçüncü yeri də 10 saylı orta məktəbin şagirdi Rəsul Visli tutub.
Qaliblərə diplomlar, medallar və kubok, yarış iştirakçılarına isə sertifikatlar təqdim olunub.